Məhkəmə qərarları › İş №3(011)-1521/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1521/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1521/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vəzifəli şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 vermiş olduğu şikayəti onunla əsaslandırmışdır ki, 19.09.2018-ci il tarixdə "xxxx" vasitəsi ilə digər ölkədən ərzaq məhsulu gətirmək üçün bank vasitəsilə ödədiyi pul bank tərəfindən səhvən başqa hesab nömrəsinə göndərilmişdir. 24.09.2018-ci il tarixdə ona bu hal məlum olduqdan sonra təkrar "xxxx" ASC-yə müraciət etmiş və bank tərəfindən həmin pul geri qaytarılaraq öz ünvanına göndərilmişdir. Beləliklə o, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 avqust 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin vəkilinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 tərəfindən 3028,00 ABŞ dolları məbləğində vəsait 19 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçsə də, 3028,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bu səbəbdən X1 barəsində 302,80 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC-nin 06 aprel 2022-ci il tarixli məktubundan görünür ki, AZ84RBTA******************** saylı hesablaşma hesabından 19.09.2018-ci il tarixində xaricə köçürülmüş 3028 USD ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçmədən, yəni 24.09.2018-ci il tarixdə geri qayıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vəzifəli şəxs X2 tərəfindən 19 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara 3028,00 ABŞ dolları məbləğində vəsait köçürülmüş, ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçmədən yəni 24.09.2018-ci il tarixdə 3028,00 ABŞ dolları məbləğində vəsait hesaba geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, X2 barəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, icraatda vəzifəli şəxsin iştirakı təmin edilməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən vəzifəli şəxs X1 3028,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 19 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçmədən, yəni 24 sentyabr 2018-ci il tarixdə 3028,00 ABŞ dollarının ölkəyə geri qaytarılmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 14 avqust 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar