Məhkəmə qərarları › İş №3(011)-1961/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1961/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1961/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında 16 may 2022-ci il tarixli, 13000-0341/212 nömrəli protokol material ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materala əsasən, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Yeni Sənqəçal” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli 34/021/002051 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdi ki, xx.xx.2022-ci il tarixdə ******* kq-dan ibarət mazut yanacağı ilə yüklü “HAZAR” tankeri xx.xx.2022-ci il tarixli 066/UT3 nömrəli Cargo Manifesti və Bill of lading və xx.xx.2022-ci il tarixli saxlanc aktı ilə 4 ay müddətinə gömrük postunda yerləşən rezeruara qəbul edilmişdir. Həmin malın beynalxalq tranzit xüsusi gömrük proseduru altında sonradan vaqonlara yüklənərək dəmiryolu vasitəsi ilə Gürcüstan Respublikasına oradan da müvafiq təyinat ölkəsinə göndərilməli idi. Həmin yükün Azərbaycan Respublikasında hərəkətinə cavabdehlik daşıyan hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilən **********6044 və **********6637 saylı gömrük bəyannamələri üzrə müəyyən hissəsi bəyan edilərək təyinatı üzrə yola salınmışdır. Lakin, mazut yanacağının geriyə qalan ******* kq-dan ibarət hissəsi “Sənqəçal” gömrük postunun rezervuarında qalmaqdadır. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək, iş materialların 1-ci səhifəsində olan raportda göstərilir ki, müddətin uzadılması barədə gömrük orqanına Şəxs MMC tərəfindən əsaslandırılmış müraciət ümumiyyətlə daxil olmamışdır. Lakin "Hazar" tanker xx.xx.2022-ci il tarixdə saxlanc aktı ilə rezervuara qəbul olunduqdan sonra növbəti gün xx.xx.2022-ci il tarixində AZT-XO/064 saylı (iş materialların 14-cü səhifəsində) müraciət Gömrük orqanına verilmişdir. İnzibati xəta protokolunda (İş materialların 25-ci səhifəsində) göstərilir ki, guya xx.xx.2022-ci il tarixli AZT-XO/064 müraciətinizdə subyektivlik yoxdur və konkret hansı yüklərə aiddir göstərilməmiş və yalnız ümumi məlumat verilmişdir. Halbuki, müraciətdə dəmiryolu ilə göndərilən yüklərin 15 gün müddətində sənədləşdirilməsi mümkün olmaması əsaslandırılır və konkret olaraq xahiş olunur ki, xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə daxil olan "Nəriman Nərimanov" tankeri vasitəsi ilə daşınan mazut yükü və gələcəkdə dəmir yolu ilə göndəriləcək digər tranzit yüklər üzrə “malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması” qaydalarının 5.1-ci bəndinə əsasən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinə qədər uzadılsın. İnzibati xəta protokolda göstərilir ki, guya xx.xx.2022-ci il tarixli AZT-XO/064 saylı müraciətiniz əsaslı sayılmamışdır və ona razılıq verilməmişdir. Belə qərarın surəti iş materiallarında yoxdur və bu qərar şirkətə göndərilməmişdir. Məlumdur ki, vətəndaşların müraciətləri haqqında qanunun 10-cü maddəsinə əsasən müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Həmin qanunun 7.8-ci maddəsinə əsasən müraciətlərə 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılır. Göründüyü kimi, Enerji Gömrük İdarəsi rədd qərarı varsa o şirkətə vaxtında təqdim olunmayıb və qərardan vaxtında şikayət vermək hüquqlarə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq məhkəmədən xx.xx.2022-ci il tarixli AZT- XO/064 saylı müraciət əsaslı olduğu uçun inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 28 aprel 2022-ci il tarixli raportundan görünür ki, “Yeni Sənqəçal” gömrük postu ərazisində yerləşən Səngəçal limanına tranzit gömrük proseduru altında təyinatı üzrə daşınması üzrə xx.xx.2022-ci il tarixdə mazut yanacağı yüklü (4.820.043 kg) “Hazar” tankeri (xx.xx.2022-ci il tarixli 066/UT3 nömrəli Bill of Lading və yük Manifest sənədi əsasında) daxil olmuşdur. Türkmənistan Respublikasının istehsalı olan mazut yanacağı yükü “Yeni Sənqəçal” gömrük postundan dəmir yol nəqliyyatı vasitəsi ilə Güsrcüstan Respublikasına, oradan isə təyinat ölkəsinə daşınması nəzərdə tutulmuşdur. Yükün daşıyıcısı olan Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********6044 və **********6637 saylı gömrük bəyannamələri üzrə həmin yükün bir hissəsi olan 1.151.119 kg mazut yanacağı təyinatı üzrə yola salınmış, lakin daxil olmuş yükün digər hissəsi 3.668.924 kg “Yeni Sənqəçal” gömrük postunda qalmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 5 nömrəli qərarının 5.1-ci bəndində nəzərdə tutulmuş 15 günlük müddəti ərzində gömrük bəyannaməsi təqdim olunmamış və həmin müddətin uzadılması barədə gömrük orqanına Şəxs MMC tərəfindən əsaslandırılmış müraciət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan 16 may 2022-ci il tarixli, 13000-0341/212 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və X3 Gömrük İdarəsinin “Yeni Sənqəçal” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli 34/021/002051 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ıl tarixdə ******* kq-dan ibarət mazut yanacağı ilə yükly "HAZAR" tankeri xx.xx.2022-ci il tarixli 066/UT3 nömrəli Carqo Manifesti və Bill of Ladinq və xx.xx.2022-ci il tarixli saxlanc aktı ilə 4 ay müddətinə gömrük postunda yerləşən rezervuara qəbul edilmişdir. Həmin malın beynəlxalq tranzit xüsusi gömrük proseduru altında sonradan vaqonlara yüklənərək dəmiryolu vasitəsilə Gürcüstan Respublikasına oradan da müvafiq təyinat ölkəsinə göndərilməli idi. Həmin yükün Azərbaycan Respublikasında hərəkətinə cavabdehlik daşıyan hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim edilən **********6044 və **********6637 saylı gömrük bəyannamələri üzrə müəyyən hissəsi bəyan edilərək təyinatı üzrə yola salınmışdır. Lakin, sözügedən mazut yanacağının geriyə qalan ******* kq-dan ibarət hissəsi bu günədək “Sənqəçal” gömrük postunun rezervuarında qalmaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabınetinin xx.xx.2014-cü ıl tarixli 5 nömrəli “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləsdirilərək daşınması Qaydaları’’nın təsdiq edilməsi haqqında Qərarın 5.1-ci bəndinə əsasən Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma muddəti çərçivəsində yol verilir. Lakin, hüquqi şəxs tərəfindən sözügedən yükün rəsmiləşdirilməsi prosesi müddətinin uzadılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Eyni zamanda 15 gün keçməsinə baxmayaraq da malın saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsinə dair bəyannamə təqdim edilməmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış olan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, dəmir yolu ilə göndərilən yüklər üzrə müvafiq sənədlərin və məlumatlarin toplanması üçün "malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması” qaydalarının 5.1-ci bəndinə nəzərdə tutulmuş 15 (on beş) gün müddəti kifayət etmir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə daxil olan "Nəriman Nərimanov" tankeri vasitəsi ilə daşınan mazut yükü və gələcəkdə dəmir yolu ilə göndəriləcək digər tranzit yüklər üzrə "malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması" qaydalarının 5.1-ci bəndinə əsasən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinə qədər uzadılması barədə göstəriş verməyiniz xahiş olunur. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük bəyannaməsi təqdim olunmış və həmin müddətin uzadılması barədə gömrük orqanına Şəxs MMC tərəfindən əsaslandırılmış müraciət daxil olmuşdur. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar