Məhkəmə qərarları › İş №3(011)-2309/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2309/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2309/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 07 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinə məxsus fərdi məlumatların informasiya sistemində (http://pm.ferrumcapital.az/login) fərdi məlumatların mühafizəsinin təmin edilməməsi aşkar edilmişdir. Bununla da «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) məxsus fərdi məlumatların informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq sistemdə faktorinq xidməti üzrə fiziki şəxslərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq sistemin istifadəçilərinin giriş məlumatları kənar şəxslər tərəfindən ələ keçirilmiş və internetdə yayılmışdır. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus fərdi məlumatların informasiya sisteminə (internet ünvanı: http://pm.ferrumcapital.az/login) giriş məlumatları vasitəsilə daxil olmaq, həmçinin həmin sistemdə fiziki şəxslərin fərdi məlumatlarının ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN-i, cinsi, əlaqə nömrələri, iş yeri (iş yerinin adı, əmək haqqı, peşəsi), satış məlumatları (satıcı mağaza, müraciət tipi), faktorinq predmeti (məhsulun adı, müddəti, ilkin ödənişi, məbləği, nisyə məbləği, malın sayı, cəmi), müraciət nömrəsi, tarixi, müraciətin statusu, imtina səbəbi barədə məlumatlarının əldə edilməsi və müəyyən məlumatların redaktə edilməsi mümkündür. Odur ki, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, sistemlə bağlı olan məsələ olub. Onların İT şöbəsinin rəhbəri qarşı tərəflə birlikdə protokol tərtib olunanda iştirak etmişdir. Həmin vaxt o detallar onlara məlum olmuşdur. Sonradan onlar həmin çatışmazlıqları aradan qaldırmışlar. Hal-hazırda sistemdə heç bir məlumat görsənmir. Onlar partnyorlarla işləyən şirkətdirlər. Onların sistem məlumatlarına bəzi partnyorları hər hansı alqı-satqı müqaviləsi imzalayan vaxtı onların şirkətinə sorğu göndərirlər. Onların özünün giriş, login parolları olur. Onlar giriş edən zaman onlarda əvvəl müştəri olmuş vətəndaşların əvvəlki məlumatları onlarda qalmış olur. Həmin məlumatlara əsasən görünür ki, həmin adam ödəniş edir ya etmir, hər hansı problemləri var ya yoxdur, bütün məlumatları görünür, yəni bilmək olur ki, həmin adamla müqavilə bağlamağına dəyər ya dəyməz. Bu məlumatlarla bağlı onlar onu görə bilirdilər. Əslində bu məsələnin ortaya çıxması onların yox, partnyorlardan hər hansınınsa sistemində və ya bilmirəm hansı formada olub, onların giriş, login parolun hansı formada ələ keçirilməsi ilə bağlı olub. Ondan sonra həmin giriş, login parol ilə digər şəxslər sistemə girib və bu məlumatları görmək imkanına malik olublar. Lakin onlar bu məlumatı əldə edəndən sonra bütün partyorlarına həmin o hüququ ləğv etmişlər, müraciət edəndə də ad soyad ulduz formasında gəlir. Şəxsi məlumatlarla da bağlı heç bir məlumat əldə edə bilmirlər. Yalnız özləri tərəfindən müqavilə bağlanan zaman fərdi məlumatları özləri ora yerləşdirə bilirlər. Bu səbəbdən hazırda digər şəxslər tərəfindən bu məlumatların əldə edilməsi mümkün deyil. Lakin həmin dövrdə pozuntunun olmasını etiraf edərək ən az həddə cərimə təyin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXMnin 375.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan MN seriyalı, ******* nömrəli, 07 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyətinə məxsus fərdi məlumatların informasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Həmin Qanunun 5.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə “Fərdi məlumatların mühafizəsinə dair tələblər” təsdiq edilmişdir. Bu tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: «Ferrum Kapital” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar