Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2598/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomatoloji müəssisədə 03 iyul 2023-cü il tarixdə saat 14:15-də aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət-rentokoloji iş aşkar edilmişdir. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəsisi X6 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 vəsatətində göstərmişdir ki, Şəxs MMC-nin otaqlarının birində rentgen aparatı quraşdırılmış, lakin həmin aparatdan istifadə olunmamışdır. Belə ki, aparatın əsas hissələrindən biri olan sensor hələ quraşdırılmamışdır. Rentgenə ehtiyacı olan pasientlər qonşu klinikalara göndərilir və qəbul jurnalında rentgen qeydi aparılır. MMC-nin rəhbərliyi həmin aparatdan istifadə etmək üçün müvafiq lisenziyanın alınmasını bilir, ona görə də həmin lisenziyanın alınması üçün müvafiq qurumlara müraciət etmiş, sənədləşmə işləri aparılmışdır. Yaxın vaxtlarda həmin lisenziya verildikdən sonra rentgen aparatından istifadə olunacaqdır. Eyni zamanda MMC-nin təmsilçisi səmimi peşmançılıq çəkməklə Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 03 iyul 2023-cü il tarixli protokola da imza etmişdir. Klinikası rentgen aparatını işlətmədiyi üçün ondan heç bir mənfəət əldə etməmişdir. Göstərilənləri nəzərə almaqla MMC-nin iş fəaliyyətinə təsir etməməsi üçün müvafiq qaydada MMC barəsində hər hansı bir inzibati tədbirin görülməsinə və yaxud daha yüngül cəza tədbiri görülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində plan üzrə stomatologiya sahəsində fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 iyun 2023-cü il tarixdə KY231929804 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru X2 728 nömrəli 14 iyun 2023-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə planlı (növbəti) yoxlama həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli özəl tibb müəssisənin planlı yoxlama üzrə aktdan görünür ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-də həyata keçirilən yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunmaması aşkar edilmişdir. İş materiallarında olan sənədləri, tərəflərin izahatını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. İXM-nin 16-cı maddəsi fiziki şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən 16 yaşı tamam olmuş şəxslərin inzibati məsuliyyət daşıdığı qeyd edilib. Həmçinin həmin maddədə “əcnəbilərin”, “hərbi qulluqçuların” inzibati məsuliyyətini, hansı tənbehin verilməsinin mümkünlüyünü, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməsini tənzimləyir. İXM-nin 17-ci maddəsi isə vəzifəli şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddənin qeydinə əsasən kimlərin vəzifəli şəxslər hesab edilməsi müəyyən edilmişdir. Lakin fiziki şəxslər və vəzifəli şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin inzibati məsuliyyətinin müəyyən olunmasının özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Neçə ki, fiziki şəxsin inzibati məsuliyyəti yaranması üçün və fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması üçün onun 16 yaşının tamama olması mütləq şərt kimi müəyyən edilmişdir, həmçinin vəzifəli şəxsin inzibati məsuliyyəti yaraması üçün və şəxsin vəzifəli şəxs hesab edilməsi üçün İXM-nin 17-ci maddəsinin Qeydində müəyyən edilmiş funksiyalar və səlahiyyətlərin yerinə yetirilməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir, eləcə də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən, hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2598/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2598/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver