Məhkəmə qərarları › İş №3(011)-317/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-317/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-317/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsi tərəfindən 23 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus Psixologiya Mərkəzində keçirilən yanğın-texniki müayinə zamanı X1 01-2001 - 9.1-9.12; 10.1-10.4-cü bəndinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsinin inspektoru Kənan Hüseynov tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə vəsatət göndərərək bildirmişdir ki, protokol qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Qaydaların hazırda qüvvədə olması və Müəssisənin həmin Qaydalarla tanış edilməsi sübuta yetirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, yoxlayıcı orqan kimi pozuntuların hüquqi əsası olaraq Qaydalar göstərilmişdir. X3 nə Qaydaların hazırda qüvvədə olmasını, nə də Müəssisənin Qaydalarla tanış olmasını sübuta yetirmişdir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin mənasına görə qüvvədə olan normativ sənədlərin tətbiq və icrası fiziki və hüquqi şəxslər üçün məcburi qüvvəyə malikdir, qüvvədə olmayan normativ sənədlərin tətbiq və icrası məcburi deyildir. Digər tərəfdən, Konstitusiyanın 72-ci maddəsinin 3-cü hissəsinin mənasına görə qanunlardan başqa, digər aşağı hüquqi qüvvəli normativ sənədləri bilməmək şəxsi məsuliyyətdən azad edir. Həmin hallar isə iş üzrə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Siqnalizasiya qurğularına texniki xidmət göstərilməsi yanvar ayında nəzərdə tutulmamışdır. Bununla yanaşı, hətta Qaydalar qüvvədə olsa belə, Müəssisə tərəfindən pozulmamışdır və Protokol tərtibinə əsas olan 5 pozuntu barədə məlumat tamamilə əsassızdır. Belə ki, aşkar edilmiş 1-ci pozuntunun faktiki tərəfi kimi yanğın siqnalizasiyasına texniki xidmət göstərilməsinə dair sənəd təqdim edilmədiyi göstərilsə də, iş üzrə aydınlaşdırılmamışdır ki, həmin texniki xidmət hansı dövrdə keçirilməlidir. Çünki Qaydaların 9.1-ci bəndinə əsasən, yanğın siqnalizasiyasına sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafika və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. Müəssisədə yanğın siqnalizasiyasına texniki xidmət göstərilməsi 2024-cü ilin yanvar ayı üzrə nəzərdə tutulmamışdır. Belə olan halda, Müəssisənin əməlində Qaydaların 9.1-ci bəndinin pozuntusu yarana bilməz. Bu da ona işarə edir ki, Yoxlayıcı Orqan işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qanunsuz Protokol tərtib etmişdir. Yoxlayıcı Orqan isə İXM-in 48-ci maddəsinə riayət etmədən və işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmadan qanunsuz Protokol tərtib etmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, Qaydaların 9.1-ci bəndi (i) yanğın siqnalizasiyasına sistemlərinə texniki xidmət göstərilməsinin müddətini, (ii) bununla bağlı konkret hansısa sənəd tərtibatını və (iii) tərtib edilən sənədin X2 xidmətinə təqdim edilməsi kimi öhdəlikləri müəyyən etmir. Yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin müddətinə dair öhdəliyin olmaması isə hər hansı bir şəxsin İXM-in 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini mümkünsüz edir. Belə ki, İXM-in 518.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin əməl uzanan hüquq pozuntusunu nəzərdə tutur. Qeyd edilənlərə əsasən, bu nəticəyə gəlmək olur ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması uzanan hüquqpozuntusu olduğundan həmin pozuntu qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır. Öhdəliklərin pozulması isə o halda baş verə bilər ki, şəxsin üzərində konkret öhdəliyin icrası müddəti qoyulsun və şəxs həmin müddət başa çatanadək onu icra etməsin. Qaydalardan da göründüyü kimi, yanğın siqnalizasiyasına sistemlərinə texniki xidmət göstərilməsinin hansı müddətə kimi həyata keçirilməli olduğu təsbit edilməmişdir. Belə olan halda, Müəssisə tərəfindən üzərinə qoyulmuş yanğın təhlükəsizlik öhdəliyi pozulmamışdır. Pozuntu olmadığı halda isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuz məsuliyyətə cəlb etmənin göstəricidir. Müəssisədə təxliyyə çıxışı mövcud olmuşdur. Bundan başqa, qeyd edilməlidir ki, Müəssisədə təxliyyə (köçürmə) çıxışı olduğu halda, Yoxlayıcı Orqan həmin çıxışın olmaması nəticəsinə gəlmişdir və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bu isə Yoxlayıcı Orqan tərəfindən əsassız, o cümlədən sübutsuz və qanunsuz Protokol tərtib edilməsinə işarə edir. Müəssisə tərəfindən yanğınsöndürmə balonlarının norma və qaydalarına riayət edilmişdir. Bundan başqa, Protokol tərtibinə əsas olan 2-ci pozuntunun faktiki tərəfi kimi (i) yanğınsöndürmə balonlarının norma və qaydalara uyğun saxlanılmadığı və (ii) Müəssisənin ilkin yanğınsöndürmə balonları ilə tam təmin olunmadığı qeyd edilsə də, buna dair də heç bir sübut təqdim edilməmiş və yanğınsöndürmə balonlarının konkret hansı norma və qaydalara uyğun saxlanılmadığı göstərilməmişdir. X4 izah etməmişdir ki, yanğınsöndürmə balonları hansı qaydada saxlanılmalıdır və Müəssisə həmin qaydanı hansı hərəkəti ilə pozmuşdur. Bu qaydada pozuntu müəyyən edilməsi və şəxsin məsuliyyətə cəlb edilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun (bundan sonra "Qanun") tələbləri ilə də uzlaşmır. Yoxlayıcı Orqan isə nəinki əsassız cəzalandırmanı qanun pozuntusunun qarşısının almaqdan üstün tutmuş, hətta pozuntunun nədən ibarət olmasını göstərməmiş və yoxlama tədbirini Qanunun pozmaqla həyata keçirmişdir. Bu halda yoxlamanın keçirilməsinin nəticəsi üzrə tərtib edilmiş Akt və Qərar ləğv edilməlidir və buna uyğun olaraq onun hüquqi nəticələri aradan qalxdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, əslində, Müəssisə yanğınsöndürmə balonları ilə bağlı qaydalara tam riayət etmişdir. Belə ki, Qaydalarda yalnız 1 müddəa yanğınsöndürmə balonları ilə bağlı münasibətləri tənzim edir ki, Müəssisə də həmin tələbləri heç vaxt pozmamışdır. Müəssisə də qeyd edilən tələbə riayət etmiş və bu səbəbdən də Yoxlayıcı Orqan tərəfindən bununla bağlı hər hansı bir pozuntu aşkar edilməmiş, o cümlədən yanğınsöndürmə balonlarında odsöndürücü maddənin kütləsi və ya təzyiqinin təyin olunan hesabdan 10 % və daha çox azalması müəyyən edilməmişdir. Təsvir edilənlərlə yanaşı, Protokolun tərtibinə əsas olan 3-cü Pozuntunun faktiki tərəfi kimi Müəssisənin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə mütəxəssis aktının tərtib edilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Qaydaların elektrik qurğularına dair yanğın təhlükəsizlik tələblərində elektrik qurğularına baxış keçirilməsi və bununla bağlı mütəxəssis aktı tərtib edilməsi tələbi yoxdur. Müəssisədə isə heç bir elektrik qurğusu nasaz olmamış və hər biri istismara yararlı vəziyyətdə olmuşdır. Əgər hər hansı nasazlıq və ya pozuntu olsa idi, Yoxlayıcı Orqanın vəzifəli şəxsləri həmin halı konkret göstərərdi və bunu aktlaşdırardı, habelə mövcud olan pozuntu halını qanunvericiliyin müvafiq normalarına (məsələn, "Elektrik qurğularının quraşdırılması Qaydası" haqqında, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası"haqqında Nazirlər Kabinetinin qərarları) istinad etməklə Aktda və ya Protokolda qeyd edərdilər. Yoxlayıcı Orqan isə nə Aktda, nə də Protokolda Müəssisənin hansısa elektrik qurğusunun nasazlığını göstərmiş, qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb etmiş və bununla da qanun pozuntusu olmadığı halda əsassız və qanunsuz Protokol tərtib etmişdir. Daxili yanğın su kranları saz vəziyyətdə olmuşdur. Bundan başqa, Yoxlayıcı Orqan tərəfindən təsbit olunan 4-cü pozuntunun faktiki əsası kimi daxili yanğın su kranlarının sazlığı barədə sənəd təqdim olunmadığı qeyd edilmişdir. Halbuki, Qaydaların 8-ci bəndi ilə tənzim edilən yanğına qarşı su təchizatına dair tələblər yanğın su kranlarının sazlığının sübutuna dair hər hansı sənədin tərtib edilməsini nəzərdə tutmur. Bu isə pozuntu olmadan Müəssisə barəsində Protokol tərtib edilməsindən xəbər verir. Server otağının tavan hissəsinin yanar materialla üzləndiyi sübut edilməmişdir. Göstərilənlərlə yanaşı, Protokolda 5-ci pozuntunun faktiki tərəfi kimi Müəssisədə server otağının tavan hissəsinin yanar material-lambirlə üzləndiyi qeyd edilsə də, bu hal Yoxlayıcı Orqan tərəfindən sübuta yetirilməmişdir və həmin halın Qaydaların hansı tələblərinə uyğun olmadığını göstərməmişdir. Sözgüdən materialın yanar olub-olmaması xüsusi bilik tələb edən bir məsələdir və bu səbəbdən həmin məsələnin qiymətləndirilməsi ekspert rəyi ilə mümkün ola bilərdi, yalnız bundan sonra otağın tavanında istifadə olunan materialın yanar olubolmaması barədə düzgün və dəqiq nəticəyə gəlinərdi. Eyni zamanda, Yoxlayıcı Orqan tərəfindən server otağının tavan hissəsinin yanar materialla üzlənməsinin qadağan edilməsini təsvir edilməmiş və hansı normativ sənədin tələbi ilə bu qadağanın olmasını göstərməmişdir. Bu isə ona işarə edir ki, Müəssisə heç bir vəzifəni pozmadığı halda, əsassız və qanunsuz olaraq məsuliyyətə cəlb edilmişdir. Protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Protokoldan göründüyü kimi, Müəssisənin nümayəndəsinə imzalaması üçün təqdim olunmamış, Müəssisə tərəfindən Protokol imzalanmamışdırsa, onun tərtibindən imtina qeydi belə göstərilməmişdir. Bu da Protokolun qanunsuz tərtibindən xəbər verir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə vəsatətdə göstərilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən Şəxs MMC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 15 yanvar 2024-cü il tarixdə KY242068003 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar edilmişdir: Siqnalizasiyanın servis olunması barədə sənəd təqdim olunmamışdır, mövcud odsöndürən balonlar norma və qaydaların tələblərinə uyğun saxlanılmır, obyektdə ilkin yanğınsöndürmə balonlar tam təmin olunmayıb, obyektin elektrik təsərüfatına profilaktiki baxış keçirilməsi barədə mütəxəssis aktı tərtib edilməyib, daxili yanğın su kranlarının sazlığı barəsində sənəd təqdim olunmamışdır, server otağının tavan hissəsi yanar materialla (lambir) üzlənmişdir, obyektin təxliyyə çıxışı mövcud deyil. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət mayoru Niyaməddin Dərgahov tərəfindən qəbul edilmiş 314 nömrəli 23 yanvar 2024-cü il tarixli yanğın-texniki müayinənin aparılmasının nəticələri haqqında qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən X2 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X2 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.1-ci bəndinə əsasən yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.12-ci bəndinə əsasən Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır. Xəbərvermə məntəqələrinin ötürülməsini və köçürmə idarə etməsinin etibarlılığı təmin edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər veriliş şəbəkələrindən istifadə edilməsinə yol verilir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. 10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır. Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir. 10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir. 10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməsinə dair vəsatətin dəlilləri əsassızdır, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsi tərəfindən inzibati xəta haqqında icraat qanunamüvafiq qaydada aparılmışdır, nəticədə inzibati xəta haqqında protokol qəbul edilmişdir. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar