Məhkəmə qərarları › İş №3(011)-3527/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3527/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3527/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 17:39 radələrində Q.Qarayev prospekti, Dakar dairəsi yaxınlığı, X.Dostluğu istiqamətində hərəkətdə olarkən idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobilinə İXM-nin 327.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli qərarla 100 manat cərimə və 2 bal cərimə olan protokol yazılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət zolağının sonunda olan 1.11 nişanlanma xəttinin təsir dairəsində zolağa qismən daxil olub ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan zolağı tərk etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV-cü hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Maddənin mənasına görə 5.9 məlumatverici-göstərici nişanlar qrupuna aid olmaqla Marşrut nəqliyyat vasitələri üçün zolaq. Nəqliyyat vasitələrinin axını ilə eyni istiqamətdə hərəkət edən və ancaq ümumi istifadədə olan NV-nin hərəkəti üçün təyin olunmuş zolaq. Nişanın qüvvəsi onun üzərində yerləşdirildiyi zolağa şamil edilir. Həmçinin 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan NV-ri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadagandır. Göründüyü kimi maddə digər NV-nin hərəkətini və dayanmasını qadağan edir. Eyni zamanda göstərilir ki, əgər bu zaman həmin zolaq yəni NV-ri üçün nəzərdə tutulmuş zolaq qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Bu onu ehtiva edir ki, həmin hissədən sağa dönmək üçün yol varsa yalnız həmin yola dönmək üçün qırıq-qırıq xəttdən daxil olub hərəkət edə bilər. Anar Yusifov isə qeyd edir ki, 1.11 nişanlanma xəttindən təsir dairəsində zolağa qismən daxil olub və NV-nin hərəkətinə mane olmadan zolağı tərk etmişdir. Belə ki, 1.11 Biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətlər,yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır. Bundan başqa bu nişanlanma yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və s. üçün nəzərdə tutulmuş yerləri də göstərir. Anar Yusifov isə həmin zolaqdan daxil olaraq qarşıda olan svetoforda gözləyərək sonra hərəkətini davam etdirmişdir. Əgər həmin yolda svetofor mövcud olmadığı halda hərəkətini Dakar dairəsinə qədər davam etdirə bilərdi. Görünən odur ki, Anar Yusifiov 5.9 yol nişanın tələbini pozaraq həmin zolağa daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur. Yuxarıda şərh olunanları nəzərə alaraq xahiş edirəm şikayət təmin edilməsin barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 27854152 nömrəli elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:39-da “Chevrolet Malibu” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 17:39-da “Chevrolet Malibu” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, şikayətçi yola daxil olaraq ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş sağ zolaqda hərəkət etmişdir. Bu zaman o, digər nəqliyyat vasitələrinə maneə törətmədən qırıq-qırıq xətti kəsib digər zolağa daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən hər hansı qayda pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 27854152 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar