Məhkəmə qərarları › İş №3(011)-353/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-353/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-353/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, “Şəxs” İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş-məsləhətçi-müfəttişi X1 iştirakı ilə Hüquqi şəxs “Şəxs” İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən “Şəxs” İstehsalat Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 239 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs” İstehsalat Birliyi fəaliyyəti nəticəsində bərk və maye tullantılarının düzgün idarə olunmadığı, uçot qeydiyyatının, hesabatlarının düzgün aparılmadığı, layihə sənədlərinin dövlət ekspertizasından müsbət rəyin alınmaması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş-məsləhətçi-müfəttişi X4 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti xx.xx.2020-ci il tarixli 00035 saylı qərarına (sərəncamı) əsasən “Şəxs” İstehsalat Birliyində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin icra vəziyyəti araşdırılmışdır. Birlik ölkə ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək paylanması və satışını həyata keçirir. Birliyin içməli suya olan tələbatı şəhər su kəmərindən və regionlarda olan su xətlərindən il ərzində götürülən 77.221 min m3/il suyun hesabına ödənilir. Bu sudan təsərrüfat məişətdə 48.117 min m3/il istifadə olunur. Yaşıllıqların suvarılması məqsədi ilə 29.104 min m3/il sudan istifadə olunur. 2TG – su təsərrüfatı hesabatında istifadə olunan suların itkiləri və digər istehlakçılara verilməsi barədə qeydlər yoxdur. Hesabatın 2-ci bölməsində suların axıdılması və keyfiyyəti cədvəlində formalaşan AK – 44.812 min m3/il suyun kanalizasiya şəbəkəsinə axıdılması qeyd olunduğu, su obyektinə axıldığı qeyd olunmuşdur. Kanalizasiya şəbəkəsi su obyekti kimi qəbul olunmur. Su obyektlərinə axıdılan suların tərkibi, keyfiyyət göstəriciləri barədə təhlillərin nəticələri qeyd olunmamışdır. Hesabatda olan göstəricilər düzgün qeyd olunmamışdır. 2 TG – Atmosfer havasının mühafizəsinə dair illik statistik hesabatında mütəşəkkil çirkləndirici mənbələrdən karbon oksidi 1,494; azot oksidi 0,79; karbohidrogenlər 507,571; digər qaz və mayelərin 0,036 ton atılması qeyd olunmuşdur. Təhlükəli tullantıların isə tam şəkildə yığılaraq digər iştirakçılara verildiyi qeyd olunmuşdur. Birliyin Bakı Regional X2 X7 Xidmətinin ərazisinə baxış keçirilmişdir. Məntəqədə xətlərin üzərində şaibaların dəyişdirilməsi, qaz xətlərinin boşaldılması zamanı atmosferə qazın atılması baş verir. Pirallahı ölçü qovşağında şaibanın dəyişdirilməsi zamanı 1600 km kəmərin birləşməsindən təbii qazın sızması baş vermişdir. Rəhbərlik təcili olaraq sızmanın ləğv olunması barədə göstəriş vermişdir. Məntəqələrdə təbii qazın tərkibində olan kontensatın tutulması məqsədi ilə seperator qurğuları quraşdırılmış, əmələ gələn hidrot xüsusi tullantıları yığılır. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Texniki İstismar Xidmətinin ərazisinə baxış keçirilmişdir. Bu zaman məlum olmuşdur ki, işlək vəziyyətdə olan qaz kəmərlərindən sızmaların olmadığı, təmirlər zamanı və mövsümi olaraq rejimlərin dəyişdirilməsi zamanı keçiriciliyi artıqmaq məqsədi ilə işlər aparılarkən qaz atılmaları baş verir. X5 Xidmətinin inzibati binasında formalaşan məişət-çirkab suları boru xətti vasitəsilə yaxınlıqdakı Qu gölünə axıdılır. Birliklə “xxxx” QSC arasında məişət-çirkab suların daşınması məqsədilə müqavilə bağlanmışdır. X8, X3 istifadə olunan suların həcmləri ilə daşınan çirkab suların həcmləri barədə verilən qaimə sənədləri üst-üstə düşmür. Belə ki, avqust ayında 560 m3 su sərf olunmuş, 48 m3 çirkab suyu təhvil verilmişdir. Xəzər rayonunun Şağan qəsəbəsində 210 km yeraltı qaz kəmərinin çıxarılaraq, yerüstü xəttin çəkilişi işlərinin aparıldığı aşkar olunmuşdur. İşlərin aparılması zamanı atmosferə qaz atılmaları, kəsilmiş boruların küçələrdə yığılaraq qaldığı aşkar olunmuş, küçələrdə gediş-gəlişin çətinləşməsinə səbəb olmuşdur. İşlərin aparılmasına dair lahiyə smeta sənədləri tələb olunmuşdur. Sənədlərin olmadığı və nazirliklə razılaşdırılması barədə məlumat verilməmişdir. Nəticədə Bakı şəhərində və regionlarda qazlaşdırma işlərinin aparılması işinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmadan aparılması nəticəsində “Ətraf mühitin mühafizəsi” haqqında Qanunun 51, 52, 54-cü, formalaşan tullantıların uçot-qeydiyyatının düzgün idarə olunmaması ilə əlaqədar 47-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də “Şəxs” İB barəsində inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında “Şəxs” İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən 3 aydan artıq müddət keçdiyindən İXM-nin 38.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 2-TG (su təsərrüfatı) hesabatından görünür ki, istifadə olunan suların itkiləri və digər istehlakçılara verilməsi barədə qeydlər yoxdur. Hesabatın 2-ci bölməsində suların axıdılması və keyfiyyəti cədvəlində formalaşan AK – 44.812 min m 3 /il suyun su obyektinə axıldığı qeyd olunmuşdur. Su obyektlərinə axıdılan suların tərkibi, keyfiyyət göstəriciləri barədə təhlillərin nəticələri qeyd olunmamışdır. İş materiallarında olan 2-TG (hava) illik statistika hesabatından görünür ki, mütəşəkkil çirkləndirici mənbələrdən karbon oksidi 1,494; azot oksidi 0,759; karbohidrogenlər 507,571; digər qaz və mayelərin 0,036 ton atılması qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin sanksiyasından görünür ki, İXM-nin 275.1.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər və vəzifəli şəxslər barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Buna görə də hüquqi şəxs “Şəxs” İB həmin maddə ilə məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə tərəflərin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, “Şəxs” İB-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 239-cu maddələrinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Həmin Qanunun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Güründüyü kimi hüquqi şəxs “Şəxs” İB tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuş, həmçinin ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Məhkəmə “Şəxs” İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İXM-nin 38.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə xahişini araşdıraraq hesab edir ki, ətraf mühitin qorunması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Buna görəd inzibati xəta haqqında iş üzrə icraata həmin əsasla xitam verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, “Şəxs” İB İnzibati Xətalar Məcəlləsinin 233.1 və 239-cu maddələrində tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı “Şəxs” İB-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə “Şəxs” İB barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 239-cu maddələri ilə təqsirli bilinsin. Hüquqi şəxs “Şəxs” İstehsalat Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə - İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 10500 (on min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar