Məhkəmə qərarları › İş №3(011)-3614/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3614/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3614/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01-26-2-2022-11391 saylı məktubu ilə tələb edilən sənədləri (2018 - 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin illərin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son on il ərzində səhmdar İ.Mürsəlova dividend hesablanıbhcsablanmamasını, hesablanmışdırsa, səhmdara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənədi) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla bağlı 07 sentyabr 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmişdir. Məhkəmə, işə "xxxx" ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 01.26-2-2022- 8451 saylı "xxxx" ASC-ə ünvanladığı məktubdan görünür ki, vətəndaş ismayıl Mürsəlovun müraciəti ilə əlaqədar olaraq, vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2018-ci, 2019-cu 2020-ci, 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin illərin sonuna müəssisənin mühasibat balansını, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatını, habelə son on il ərzində səhmdar İ.Mürsəlova dividend hesablanıbhesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsi barədə təsdiq edən sənəd) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməsi bildirilmişdir. İş materiallarında olan Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 01-26-2-2022-11391 saylı "xxxx" ASC-ə ünvanladığı məktubdan görünür ki, 01.26-2-2022-8451 saylı 14 iyun 2022-ci il tarixli sorğu ilə tələb edilən məlumat və sənədlər təqdim edilməmiş, sözügedən sorğu məktubunda göstərilən məlumat və sənədləri 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim etməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan 028811 saylı qaimənin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 11391 saylı məktubu "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs "xxxx" ASC-nin barəsində qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar