Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4096/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2 və 253.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253- 1.2.2 və 253.2-ci maddələri ilə tərtib olunmuş 12 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin istifadəsində olan 2 saylı Zığ Zeytun sovxozunda ETSN-nin müvafiq rəyi olmadan 14 ədəd qurumuş zeytun ağacı kəsilərək torpaq səthindən kökləri ilə çıxarılmaqla götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 11 saylı RETSİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuzdur və həmin protokol üzrə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi mövcud deyildir. Şəxs MMC 2017-ci ildə təsis olunmaqla 5 ildən artıq müddətdir ki, Bakı şəhəri və Abşeron rayonu ərazilərində ən böyük bağ sahələrinə məxsus, əsas fəaliyyət istiqaməti torpaq sahələrinin səmərəli istifadəsi üçün yaşıllaşdırılması, yararsız və qəzalı vəziyyət olan ağacların bərpası və sağlamlaşdırılması olan, xüsusilə zeytun məhsullarının yetişdirilməsi və istehsalı üzrə ixtisaslaşmış bağçılıq şirkətidir. 11 saylı RETSİ tərəfindən müvafiq protokol xx.xx.2021-ci il tarixdən etibarən Şəxs MMC-nin qanuni istifadəsi və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zığ zeytun sovxozu ərazisində yerləşən ümumi 50.2848 ha həcmindəki sahədə Cəmiyyət tərəfindən həyata keçirilən kənd təsərrüfatının və iqtisadiyyatın inkişafına töhfə verəcək “Zığ zeytun bağlarının bərpa-sağlamlaşdırma işləri” layihəsi çərçivəsində 14 (on dörd) ədəd quru zeytun ağacının götürülməsi ilə bağlı tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışın surətindən göründüyü kimi, Cəmiyyətin istifadəsinə verilmiş müvafiq Torpaq sahəsi çoxillik əkmələr üçün istifadə olunan kənd təsərüffatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həm Torpaq sahəsinin kateqoriyası, həm də Şəxs MMC-nin fəaliyyət istiqamətinə əsasən, Cəmiyyət tərəfindən həmin Torpaq sahəsində kənd təsərrüfatı bitkilərindən olan zeytun bağlarının bərpası və yenilərək sağlamlaşdırılması həyata keçirilir. Protokolda qeyd edilən Cəmiyyət tərəfindən götürülmüş 14 (on dörd) ədəd zeytun ağacı kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilər (yaşıllıqlar) kateqoriyasına aiddir. 11 saylı RETSİ tərəfindən Cəmiyyət barədə protokol tərtib edilərkən istinad edilən maddələrdən biri olan AR İXM-nin 253-cü maddəsinin 2-ci qeydində təsbit olunur ki, AR İXM-nin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. AR Meşə Məcəlləsinin 7-ci maddəsi meşə fonduna daxil olmayan torpaqların hər biri ayrılıqda olmaqla 6 müstəqil kateqoriyasını müəyyən edir. Bunlardan biri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, digəri isə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlardır. Göründüyü kimi, bu iki müstəqil kateqoriyanın heç birinə AR İXM-nin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi tətbiq olunmur. Cəmiyyət tərəfindən götürülmüş ağaclar quru zeytun ağacları, yəni kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunan bitkilər (yaşıllıqlar) olduğundan törədilmiş hərəkətə müvafiq maddələr tətbiq oluna bilməz. Bundan başqa, 11 saylı RETSİ tərəfindən protokolun tərtib olunduğu digər maddələr olan 253-1.2.1ci (müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi) və 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud X1 olmadan götürülməsinə görə) maddələri yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı şəxslərin inzibati məsuliyyətini müəyyən edir. Yəni, bu maddələrlə inzibati məsuliyyətə cəlb edilmə əsasının yarana bilməsi üçün yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin (“Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun və “Yaşıllıqların götürülməsi Qaydası haqqında” AR Nazirlər Kabinetinin 321 saylı Qərarının) hər hansı hərəkət və hərəkətsizliklə pozulması tələb olunur. “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 3-cü maddəsində qeyd olunur ki, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun müddəaları və əlbəttə ki, bu qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Yaşıllıqların götürülməsi Qaydaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara tətbiq olunmur. Cəmiyyət tərəfindən 14 ədəd kənd təsərrüfatı bitkisi olan zeytun ağaclarının götürülməsinə yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələbləri tətbiq olunmadığından Cəmiyyətin həmin qanunvericiliyin tələblərini pozduğu üçün - AR ETSN rəyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan zeytun ağaclarını götürməsinə görə inzibati məsuliyyətə cəlb olunması hüquqi cəhətdən absurd və qanunsuzdur. 11 saylı RETSİ tərəfindən iş materiallarına əlavə olunmuş 75196 saylı aktda Cəmiyyət tərəfindən əvvəllər 2 saylı Zığ zeytun sovxozu ərazisində yerləşəm şam və küknar ağaclarının götürülməsi ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edildiyi, müsbət ekoloji ekspertiza rəyi alındıqdan sonra müvafiq ağacların götürüldüyü, hazırki halda isə ETSN-nə müraciət edilmədən və müvafiq müsbət rəy alınmadan 14 ədəd zeytun ağacının götürüldüyü qeyd edilmişdir. Şam və küknar ağacları kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan yaşıllıq olmadığından, həmçinin xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri yaşıllıqları kateqoriyasına aid olmadığından Cəmiyyətimiz tərəfindən həmin şam və küknar ağaclarının götürülməsi üzrə yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyə riayət edilmiş, AR ETSN-nin müsbət ekoloji ekspertiza rəyi və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ağacların götürülməsi həyata keçirilmişdir. Hazırki halda isə qanunvericilikdə kənd təsərrüfatı bitkilərinin (yaşıllıqların) götürülməsi üçün hər hansı quruma müraciət, hər hansı orqandan rəy alınması tələb olunmadığından quru zeytun ağacları Cəmiyyət tərəfindən götürülmüşdür. Bundan əlavə, 11 saylı RETSİ tərəfindən inzibati xəta haqqında protokola əlavə olunmuş şəkillərin əksər hissəsi yaşıllıqların götürülməsi ilə deyil, aqrotexniki qulluq növü olan sərt budama ilə bağlıdır və bunu 11 Saylı RETSİ də öz aktında göstərmişdir. Ümumiyyətlə, Cəmiyyət tərəfindən hər hansı yaşıl ağacın götürülməsi icra olunmamışdır. Cəmiyyətin hərəkətlərində inzibati xəta tərkibinin olmadığını AR ETSN tərəfindən də protokolun tərtibindən sonra verilmiş cavab məktubu ilə təsdiq edilmişdir. Belə ki, inzibati protokolun tərtib olunmasından sonra tərəflərindən qanunla tələb olunmasa da, AR ETSN-ə yaşıllıqların götürülməsinə dair müraciət ünvanlanmışdır. Lakin AR ETSN X2 Agentliyi tərəfindən 22/2334 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) kateqoriyasına aid olmaqla uzunmüddətli Şəxs MMC-yə icarəyə verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.” Həmçinin, məktubda qurumuş ağacların götürülməsinə və aqrotexniki qulluq işlərinin aparılmasına etiraz olmadığı qeyd edilmişdir. AR ETSN, eləcə də ona tabeli qurumlardan olan 11 saylı RETSİ inzibati orqandır və inzibati hüququn qanunçuluq prinsipinə, “İnzibati icraat haqqında” AR Qanunun 11-ci, AR Konstitusiyasının 71.10-cu maddəsinə əsasən, inzibati orqan olaraq yalnız qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərə bilərlər. Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan yaşıllıqların götürülməsi zamanı hər hansı orqan və ya qurumun rəyi, qərarı, göstərişi və s. tələb olunmadığından, AR ETSN öz mülahizəsinə əsasən qanunvericilikdə müəyyən edilməyən hərəkətlərin edilməsini, bu cür hərəkətlərin yerinə yetirilməməsinə görə isə Cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsini tələb edə bilməz. Beləliklə o, qeyd olunanları nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında 12 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən istifadəsində olan 2 saylı Zığ Zeytun sovxozunda ETSN-nin müvafiq rəyi olmadan 14 ədəd qurumuş zeytun ağacı kəsilərək torpaq səthindən kökləri ilə çıxarılmaqla götürülmüş və bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2 və 253.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq o, "xxxx" MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir ki, Xətai rayonu, 2 saylı Zığ zeytun sovxozunun ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən tərtib olunmuş 12 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin istifadəsində olan 2 saylı Zığ Zeytun sovxozunda ETSN-nin müvafiq rəyi olmadan 14 ədəd qurumuş zeytun ağacı kəsilərək torpaq səthindən kökləri ilə çıxarılmaqla götürülmüşdür. Bu səbəbdən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2 və 253.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2022-ci il tarixli 75196 nömrəli aktından görünür ki, Xətai rayonu, Zığ Yolu küçəsi, Zeytun bağlarında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zığ yolu küçəsində Cəmşid Naxçıvanski Hərbi liseyindən 300-400 metr aralıda illər öncə salınmış zeytun bağlarında 14 ədəd kəsilmiş və sonradan torpaqdan çıxarılmış quru zeytun ağacı kökləri, 60 ədəd isə 1-1.5 metr hündürlükdən sərt budanaraq yaşıl çətirləri götürülmüş zeytun ağacları aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11:30-da əraziyə yenidən baxış keçirdikdə məlum olmuşdur ki, qeyd olunan zeytun bağlarının 2 saylı Zığ Zeytun sovxozunun ümumilikdə olan 85,39 ha topraq sahəsi 99 illik "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC əvvəllər zeytun bağları ərazisində olan qurumuş qəzalı ağaclarla bağlı ETSN-nə müvafiq müraciət etmiş, həmin ağacların götürülməsinə dair müsbət ekoloji ekspertiza rəyi verilmişdir. Lakin sözügedən ərazidə kəsilərək torpaq qatından çıxarılmış quru zeytun ağaclarına dair ETSN tərəfindən müvafiq rəy verilmədiyi müəyyən olunmuşdur. MMC-nin nümayəndəsi Ramil Əzizov və digər aqronomların iştirakı ilə əraziyə baxış keçirilmiş və onlara ağacların kəsilməsinin qanunsuz olması izah edilmişdir. ərazinin peyk görüntüsündən istifadə etdikdə bir neçə ağacın isə ümumiyyətlə torpaq səthindən çıxarılmış kök boğazlarının yığışdırıldığı öz təsdiqini tapmışdır. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, Xətai rayonu, Zığ Yolu küçəsi, Zeytun bağlarında müxtəlif ağaclar kəsilərək torpaq qatından çıxarılmışlar. Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 75 nömrəli sərəncamdan çıxarışından görünür ki, Xətai rayonu, 2 saylı Zığ zeytun sovxozunun ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində 110 ədəd Şam ağacının köküstə tam quru vəziyyətdə olduğuna dair “X1”nin tərtib edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunda Xətai rayonu, 2 saylı Zığ zeytun sovxozunun ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində 110 ədəd Şam ağacı köküstə tam quruduğu üçün hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Agentliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 22/2334 saylı “Yaşıllıqlarla əlaqədar müraciətlərə baxılması” haqqında cavab məktubunda qeyd edilmişdir ki, Xətai rayonu, 2 saylı Zığ Zeytun sovxozu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus 50,2848 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) kateqoriyasına aid olmaqla uzun müddətli "xxxx" MMC-yə icarəyə verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş ərazidəki zeytun ağaclarının əksəriyyətinin baxımsızlıq və düzgün aqrotexniki qulluq göstərilməməsi səbəbindən quruduğu, bu səbəbdən ərazidə müvafiq aqrotexniki tədbirlər aparılmasına və köküstəyaş halda olan zeytun ağaclarının məhsuldarlığının artması üçün budama xidməti göstərilməsinə zərurət yarandığı müəyyən edilmişdir. Ərazidəki qurumuş zeytun ağaclarının bu sahədə ixtisaslaşdırılmış qurum tərəfindən mütəxəssislərin iştirakı ilə götürülüb yerində yüksək məhsuldarlı sortlardan ibarət yenilərinin əkilməsinə, digər zeytun ağaclarına isə aqrotexniki qulluq göstərilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən alınmış çıxarışdan görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zığ Zeytun sovxozu ərazisində yerləşən 50.2848 ha olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) qrupuna aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 253-1.2.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud X1 olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin qeyd hissəsində əlavə olaraq göstərilmişdir ki, bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə2 tərəfindən Şəxs MMC-nin istifadəsində olan 2 saylı Zığ Zeytun sovxozunda ETSN-nin müvafiq rəyi olmadan 14 ədəd qurumuş zeytun ağacının kəsilərək torpaq səthindən kökləri ilə çıxarılmaqla götürülməsi əsas gətirilərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253- 1.2.2 və 253.2-ci maddələri ilə 12 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışından və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktublarından məlum olduğu kimi Xətai rayonu, 2 saylı Zığ Zeytun sovxozu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus 50,2848 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) kateqoriyasına aid olmaqla uzun müddətli "xxxx" MMC-yə icarəyə verilmişdir. Bundan başqa nəzərə çatdırılmalıdır ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinə Xətai rayonu, 2 saylı Zığ Zeytun sovxozu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus 50,2848 ha zeytun bağında nəzərdə tutulmuş bərpa-sağlamlaşdırma işləri layihəsi çərçivəsində bəzi zeytun ağaclarının köçürülməsinə, quru olanlarının kənarlaşdırılmasına, məhsuldarlığı aşağı olanların isə budanmasına icazə verilməsi barədə müraciət olunsa da, "xxxx" MMC-yə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması bildirilmişdir. Yuxarıda qeyd olunan inzibati xətalar qanunvericiliyinin müddəalarından belə qənaətə gəlmək olur ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsi) və ya məhv edilməsi inzibati xəta hesab edilsə də, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə Azərbaycan Respublikası İXMnin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253-1.2.2 və 253.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 253- 1.2.2 və 253.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-4096/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4096/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver