Məhkəmə qərarları › İş №3(011)-4512/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-4512/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-4512/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallara dair **********6951 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyanaməsi bəyan edilmişdir. Tələb olunan zəruri sənədlər təqdim olunmamışdır. Buna görə də Şəxs MMC barəsində İXM-nin 493-cü maddəsi ilə 17 avqust 2024-cü il tarixli 00100-02208/24 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “MYPRO" MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal edilmiş mallara dair **********6951 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Təqdim olunan sənədlərin araşdırılması zamanı tələb olunan zəruri sənədlərin təqdim olunmadığı məlum olmuş və bununla bağlı Şəxs MMC-və yazılı formada xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmışdır. Lakin, bu müddət ərzində heç bir sənəd təqdim edilməmiş, beləliklə Gömrük Məcəlləsinin 150.5-ci maddəsinin tələbləri pozulmuşdur. Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli 3-33-1100/2-002298/2024-cü il tarixli bildirişdən görünür ki, "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində tədbirlər haqqında” 292 saylı xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına, “Azərbaycan Respublikasında xarici ticarətin daha liberallasdırılması haqqında” Azərbaycan Respublikasının Fərmanına əsasən tez alışan maddə olan “gel formasında yanıcı maddə” yükünün idxalı Fövqəladə Hallar Nazirliyinin rəyi, Nazirlər Kabinetinin Sərəncamı əsasında həyata keçirilir. “Mypro’’ MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilən, **********6951 nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən alışqan materialdan hazırlanmış məmulatlar (gel formasında yanıcı maddə) yükü üçün Fövqəladə Hallar Nazirliyindən Xüsusi İcazə sənədini gömrük orqanına təqdim etsə də Nazirlər Kabinetinin Sərəncamını təqdim etməmişdir. İş materiallarında olan vəsatətdən görünür ki, Şəxs (VÖEN: **********) tərəfindən X2 23652 kq çəkidə 1460 qutu (105120 ədəd) alışqan materiallardan hazırlanmış məmulatlar (gel formasında yanıcı) yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük xx.xx.2024-cü il tarixdə **********6951 sorğu nömrəli gömrük bəyannaməsi ilə XİF MN üzrə 3606 90 900 0 alt yarımmövqeyində sinifləşdirilməklə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Bəyannaməyə bütün lazımi müşayiət sənədləri, o cümlədən Fövqəladə Hallar Nazirliyindən alınmış xüsusi icazə sənədi əlavə edilmişdir. Bütün zəruri sənədlərin mövcud olmasına baxmayaraq, gömrük inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə qanunvericiliyinin tələblərinə zidd olaraq Nazirlər Kabinetinin sərəncamının alınmadığı əsas gətirilərək bəyannamə geri qaytarılmışdır. Həmin məhsulun ölkə ərazisinə idxalı zamanı Fövqəladə Hallar Nazirliyinin xüsusi icazə sənədi tələb olunur. Həmin sənəd Şəxs tərəfindən əldə edilmiş və idxal edilmiş yük bəyan edilən zaman bəyannaməyə əlavə edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan **********6951 saylı gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamə xx.xx.2024-cü il tarixində gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, “Mypro" MMC-nin ünvanına 23ZTN120 saylı xx.xx.2023-cu il tarixli invoysun 1-cı mövqeyi üzrə idxal olunan yükdən təqdim edilmiş nümunə "Soft pack" nişanlı, “X4” adlı, tərkibində su (CAS7732-18-5), qeləmələqətirici kimi poliakril turşusu (CAS 9003-01-4) olan, metanol (CAS 67-56-1) əsaslı. 185 qr-lıq qablaşmalarda gelşəkilli yanacaq olub XİF MN-ə görə 3606 90 900 0 alt yarımmövqeyində sinifləşdirilir. və Azərbaycan Respublikasının 564-HQ saylı 23 12 2003-cü il tarixli "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı" təsdiq edilməsi haqqında Qanunun təsir dairəsinə aid edilmir, "Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahıs» haqqında Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-İİQ saylı Qanunun 9-cu bəndinə aiddir. İş materiallarında olan 000120 nömrəli xüsusi icazədən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən 14 avqust 2023-cü il tarixdə tezalışan maddələr və pirotexniki məmulatların dövriyyəsi üçün icazə alınmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 1 nömrəli Əlavəsindən görünür ki, XİF ƏN kodu 3601 (ovçuluq barıtı istisna olmaqla) 3602-3604 olan barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələrinin ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanı ilə təsdiq edilmiş mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydalarının Əlavəsinin 9-cu maddəsinə əsasən tezalışan maddələrin ölkə ərazisinə idxalı zamanı Fövqəladə Hallar Nazirliyinin xüsusi icazə sənədi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ərazisinə idxal edilən XİF ƏN kodu 3606 olan maddə ixracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan maddələrin siyahısına daxil edilməmişdir. Eyni zamanda bu məhsulun ölkə ərazisinə idxalı zamanı Fövqəladə Hallar Nazirliyinin xüsusi icazə sənədi tələb olunur. Bu icazə sənədinin alınması iş materialları ilə təsdiq olunur. Belə olan halda əməldə heç bir inzibati xəta tərkibi yaranmır. Buna görə də hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar