Məhkəmə qərarları › İş №3(011)-5462/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5462/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5462/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı «Monetri” Bank Olmayan Kredit X3 Cəmiyyətinin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə 18 iyul 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl Ada, ev 7, "Ağ şəhər”, Sahil 14-də fəaliyyət göstərən "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətində (BOKT) xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1 "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.2.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. ƏL/TMM Qanununun 4.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:  bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər (4.4.1-ci maddə);  benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər (4.4.3-cü maddə). "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. Həmçinin MUT Qaydalarının 6.1-ci yarımbəndində müştəri profili üzrə risk qiymətləndirməsinin həyata keçirməsi və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatların ən azı hansı vasitələrlə verifikasiya edilməsi göstərilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında 12 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar (fiziki şəxs müştərilərə münasibətdə MUT Qaydalarının 2.1.1.3-cü, 2.1.1.4-cü, 2.1.1.6-cı yarımbəndləri üzrə, fərdi sahibkar müştərilərə münasibətdə 2.1.3.2 2.1.3.11-ci və 6.1.2.7-ci yarımbəndləri üzrə, hüquqi şəxs müştərilərə münasibətdə 2.1.4.6 2.1.4.9-cu, 6.1.3.3 - 6.1.3.5-ci və 6.1.3.7-6.1.3.10-cu yarımbəndləri üzrə) əldə edilməmişdir (Yoxlama haqqında hesabat. səh 7-8, Əlavə № 1). 1.2 ƏL/TMM Qanununun 4.4.5-ci maddəsinə görə bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar. Həmçinin MUT Qaydalarının 3.1-ci yarımbəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də müştəri profil risklərinin müəyyən edilməsi sistemi qurulmamış və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 925 sayda müştəri profilləri üzrə risk qrupu müəyyən edilməmişdir. 1.3 ƏL/TMM Qanununun 4.5.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər: * aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi. Həmçinin MUT Qaydalarının 5.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin "Müştəri profil risklərinin müəyyən edilməsinə dair Metodologiya"sının 6.6-cı bəndinə əsasən fərdi sahibkarlar üzrə 5.000 manatdan yüksək və fiziki şəxslər üzrə 2.500 manatdan yüksək məbləğlərdə həyata keçirilən əməliyyatlar (kredit ödənişləri, ay ərzində) yüksək riskli hesab edildiyinə və kreditin vaxtından əvvəl bağlandığına baxmayaraq, 4 sayda müştərilərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. səh 11, Əlavə № 6). Bundan başqa o da müəyyən edilmişdir ki, qeyri-rezident "Collomore Alliance L.P" şirkətinin iki hüquqi şəxsdən ibarət olan təsisçilərinin eyni ünvanda, Belizdə (ofşorda) qeydiyyatda olduqlarına, hər iki təsisçi şirkətlərin direktorunun və benefisiar mülkiyyətçisinin yüksək riskli (ofşor) hesab edilən Beliz rezidenti X10 adlı 33 yaşlı şəxsin olmasına, həmin şəxsin 2014-cü ildən başlayaraq 35 müxtəlif şirkətlərdə vəzifə tutmasına (23 yaşdan başlayaraq 10 il ərzində), bu şirkətlərdən 25-nin ləğv edilməsinə və BOKT-nin də bundan məlumatlı olmasına (BOKT tərəfindən təqdim edilən sənədlərə əsasən) baxmayaraq müştəri aşağı riskli olaraq dəyərləndirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri həyata keçirilməmişdir (Yoxlama haqqında hesabat. səh 10) 1-ci bənddə qeyd edilən 942 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1 "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili qayda, prosedur və nəzarət mexanizmlərinin aktuallığı təmin edilməmiş, vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırılmamışdır. (Yoxlama haqqında hesabat. Səh 6). 2.2 DNP-nin 2.2.3-cü yarımbəndinə görə ƏL/TMM siyasəti daxili qayda, prosedur və nəzarət mexanizmlərin yenilənmə müddətlərinə dair müddəalara malik olmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin xx.xx.2024-cü il tarixində təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maiyyələşdirilməsinə qarşı mübarizə üzrə Siyasətində daxili qayda, prosedur və nəzarət mexanizmlərin yenilənmə müddətlərinə dair müddəalar qeyd edilməmişdir (Yoxlama haqqında hesabat. Sah 6). 2.3 DNP-nin 2.3.3-cü yarımbəndinə görə müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar müştəri profil risklərinin qiymətləndirilməsi üçün nəzərə alınmalı amilləri (işgüzar münasibətin və açılan hesabın məqsədi, alınacaq vəsaitin və gəlirin mənbəyi və s.), meyarları, risklərin qiymətləndirilməsi prosesini, risk dərəcəsinə uyğun yenilənmə müddətlərini və yenilənməli olan sənəd və məlumat növlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili qaydalarında müştəri profil riskinə uyğun olaraq yenilənməli olan sənəd və məlumatların növləri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 6). 2.4 DNP-nin 2.5.5-ci yarımbəndinə görə məlumat və sənədlərin qeydə alınması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Məlumat və sənədlərin reyestri öhdəlik daşıyan şəxslər tərəfindən bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların qeydə alındığı məlumat toplusudur. Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər, müştəri uyğunluğu tədbirləri çərçivəsində aparılmış işgüzar yazışmalar, müştəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilmiş əməliyyatlara (bağlanmış əqdlərə) dair məlumat və sənədlər, bütün mürəkkəb, irihəcmli qeyri-adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar (əqdlər) barədə məlumat və sənədlər, həmçinin belə əməliyyatların (əqdlərin) mahiyyəti barədə təhlil hesabatla, MMX-ya təqdim edilmiş məlumat və sənədlər, MMX-nın, cinayət təqibi və nəzarət orqanlarının sorğuları və bu sorğulara verilmiş cavablar, ƏL/TM Qanununun tələblərinə əməl edilməsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri üzrə nəzarət orqanları ilə aparılmış yazışmalar, mübadilə edilmiş məlumat və sənədlərin qeydə alınması və saxlanılması reyestri yaradılmamışdır (Yoxlama haqqında hesabat. Səh 6). 2.5 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamışdır və məlumat MMX-ya göndərilməmişdir (Yoxlama haqqında hesabat. Səh 7). 2.6 DNP-nin 2.9.3.7-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin institusional risk qiymətləndirməsi metodologiyasında aşağıdakı siyahılarda qeyd edilmiş dövlətlərin (ərazilərin) yüksək riskli olmasına dair müddəalar nəzərdə tutmalıdır: X4 X1 Ofisinin (OFAC) sanksiya siyahısı; FATF-ın yüksək riskli və əməkdaşlıq etməyən ölkələrin (ərazilərin) siyahısı; Azərbaycan Respublikasının yüksək riskli və əməkdaşlıq etməyən ölkələr (ərazilər) siyahısı və güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı; FATF-ın qarşılıqlı qiymətləndirmə hesabatları; Avropa İttifaqının ƏL/TMM sistemində Strateji Çatışmazlıqları olan X11 Ölkələrin siyahısı və vergi məqsədləri üçün əməkdaşlıq etməyən ölkərin (ərazilərin) siyahısı; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üzrə Bazel Komitəsinin indeksi; Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının, embarqolarının və digər oxşar tədbirlərini müəyyənləşdirən siyahılar; Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatları. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin xx.xx.2024-cü il tarixli "İnstitusional risklərin qiymətləndirməsi metodoloqiyası"nda DNP-nin 2.9.3.7-ci bəndində müəyyən edilən siyahılar qeyd olunmamışdır (Yoxlama haqqında hesabat. Səh 7). 2.7 DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də təlim proqramı ilə bağlı məlumatlandırma məqsədi ilə məlumatın MMX-ya təqdim edilməsi daxili nəzarət proqramında nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat. Səh 7). 2.8 DNP-nin 4.2.11-ci yarımbəndinə görə təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Zərurət yarandıqda il ərzində təlim proqramına öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiq olunan dəyişikliklər edilə bilər. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də 2024-cü ildə keçirilməli olan təlim üzrə proqramı gecikmə ilə, xx.xx.2024-cü il tarixində, 2025-ci ilin təlim proqramı isə cari ilin xx.xx.2025-ci il tarixində təsdiq edilmişdir (Yoxlama haqqında hesabat. Səh 7). 2.9 DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-nin daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat. Sah 7). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3.1. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməlidirlər (7.1.2-ci maddə); Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də benefisiar mülkiyyətçisi siyasi nüfuzlu şəxsin yaxın qohumu olan "X12" MMC ilə işgüzar münasibətlər rəhbərliyin razılığı olmadan yaradılmış və davam etdirilmişdir (Yoxlama haqqında hesabat. Səh 12). 3-cü bənddə qeyd edilən 1 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (942 müştəri üzrə), 598.1.2-ci və 598.1.5-ci (1 müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin direktoru Şəxs tərəfindən BOKT-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 1-ci Yaşıl Ada, ev 7, "Ağ şəhər”, Sahil 14-də xx.xx.2023 – xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, protokolda 1-ci yazılan maddə ilə bağlı qeyd edir ki, Mərkəzi Bankda yoxlama başlamış və mart ayında yoxlamanın nəticələri ilə bağlı tədbirlər planı hazırlanması qərara alınmışdır. Həmin tədbirlər planına əsasən 90 gün ərzində qanunun tələblərinə uyğun nöqsanlar aradan qalxmalı idi. Həmin 90 günlük proses oktyabr ayında may ayına qədər davam etmişdir. İndiki yoxlama isə əhatə etdiyi dövr 2023-cü ilin oktyabr ayından 2025-ci ilin mart ayınadəkdir. Xətaların törədilməsi həmin müddəti əhatə edir. "X12" MMC ilə işgüzar münasibətlərin rəhbərliyin razılığı olmadan yaradılması və davam etdirilməsi ilə bağlı olan hissəyə dair bildirmişdir ki, müvafiq sənədlər rəhbərlik tərəfindən imzalanmışdır və bu hal rəhbərliyin razılığını əks etdirir. İnstitusional risklərin qiymətləndirməsi metodoloqiyasında müəyyən edilən siyahılar qeyd olunmamaması ilə bağlı bildirmişdir ki, nəinki həmin ölkələr bizim tərəfimizdn bütün əcnəbilərin riskli qrup kimi nəzərə alınmışdır. X5 və Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə X2 və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından da görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında 12 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 925 sayda müştəri profilləri üzrə risk qrupu müəyyən edilməmişdir. Qeyd edilən 942 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də daxili auditin daxili nəzarət proqramının qiymətləndirilməsi üzrə standartlar təsdiq edilməmiş, habelə yoxlama dövründə ƏL/TMM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də benefisiar mülkiyyətçisi siyasi nüfuzlu şəxsin yaxın qohumu olan "X12" MMC ilə işgüzar münasibətlər rəhbərliyin razılığı olmadan yaradılmış və davam etdirilmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.5-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə və əməliyyata görə münasibətdə sanksiyada nəzərdə tutulmuş iki min manat cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü və 25.4-cü maddələri nəzərə alınmaqla 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 10000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar