Məhkəmə qərarları › İş №3(011)-5584/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-5584/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-5584/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 02 oktyabr 2024cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - AYNA), Bakı şəhəri, Xətai rayonu, Yeryemenko küçəsində, natamam formada təşkil etdiyi parklanma məntəqəsində qeyri qanuni olaraq inzibati tənbeh tətbiq edilir. AYNA-nin ərazi üzrə monitorinq işləri aparan əməkdaşlarına, 141 qaynar xəttinə və office (5) avna.gov.az mail ünvanına müraciətlər etsədə uyğunsuzluq aradan qaldırılmamış və ona müxtəlif vaxtlarda cərimələr yazılıb. Barəsində tərtib edilmiş, AYN ******* saylı xx.xx.2024 tarixli, AYN0715337 saylı xx.xx.2024 tarixli, AYN0756353 saylı xx.xx.2024 tarixli protokollar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əsassızdır. Belə ki, protokolda 346-1.1 maddəsinin tələblərini pozduğu iddia edilir parklanma yerindən istifadə üçün ödəniş edilməməsi. "X5" (Y.H.Q.) Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin (həmçinin Y.H.Q. maddə 1, bənd 32-1), İV bəndində qeyd edilib ki; "Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir". 10191 və 10200 saylı parklanma məntəqələrində heç bir xətlənmə, parklanma yerinin başlanğıcı və sonu yoxdur. Nişan və yerdəki işarələnmə arasında ziddiyyət və uyğunsuzluq var. Eyni yol sahəsində tətbiq edilmiş daimi nişanlanma xətlərinin tələbləri ilə digər texniki vasitələrin tələbləri (məs: daimi yol nişanları) arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır ("Y.H.Q" maddə 69). Yəni 346-1.1 maddəsi müvafiq nişanlanma və xətlənmə (ikisi bir yerdə) olduğu təqdirdə tətbiq edilə bilər. Həmçinin müvafiq nişanlanma və xətlənmələr "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Vyana Konvensiyasında öz əksini tapmışdır. AYNA-nın nizamnanəsinə əsasən, fəaliyyətini bundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçirməlidir. (AYNA, Nizamnamə, bənd 1.2). Hesab edirəm ki, inzibati qurumun hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan, zidiyyət və ya uyğunsuzluqlar, vətəndaşların cərimələnməsi və ya əlavə ödənişlər etməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, barəsində tərtib edilmiş protokolların ləğv edilməsini məhkəmədən xahiş etdi. AR İXM-in 127-2.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 346-1.1-ci və 346-1.5- ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Əlavə olaraq, İXM-in 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Halbuki, dəfələrlə müraciət etməyinə baxmayaraq, AYNA inzibati tənbeh vermə haqqında elektron qərarı inzibati xəta törətdiyini iddia etdiyi gündən 6 təqvim günü keçməsinə baxmayaraq, hələ də elektron informasiya ehtiyatları və ya elektron poçt ünvanına göndərilməsi vasitəsilə təqdim etməyib. Müvafiq iş üzrə tərtib edilmiş AYN ******* №-li inzibati xəta haqqında elektron qərarı əsassız və qanunsuz hesab edir.

1. AYNA tərəfindən iddia edilir ki, AR İXM-in 346-1.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin maddənin dispozisiyasında belə qeyd edilir: Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə. Qeyd edir ki, X2 həmin gün avtomobilini Xətai rayonu, Yeryemenko küçəsində, natamam formada təşkil edilən parklanma məntəqəsində saxlamışdır. Bildirmişdir ki, həmin ərazidə uzun müddət ətmir işləri aparılmışdır. Cərimənin ona qanunsuz yazıldığını bildirmişdir. Ona yazılan cərimə ilə bağlı aidiyyati quruma müraciət etsədə ona bele məsləhət olduğunu bildirmişlər. Maraqlıdır ki, AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınının şəkli əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. X5 Azərbaycan Respublikası qanununun 55-ci maddəsinin Xİİİ hissəsində müəyyən olunmuşdur ki, Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur. X5 AR qanunun XVİİ hissəsi ilə müəyyən edilmişdir ki, Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Yuxarıdaki qanunun XVİİİ hissəsində təsbit edilmişdir ki, Parklanmaya görə ödəniş qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi, nəqliyyat vasitəsinin parklanma yerinə daxil olduğu və oranı tərk etməli olduğu vaxt, parklanmaya görə edilmiş ödənişin məbləği göstərilməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən nəqliyyat vasitəsinin parklanma yerinə daxil olmasına dair parkomatdan parklanma qəbzi ala bilər. Bu zaman parklanma qəbzində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, parklanma tarixi və parklanma yerinə daxil olduğu vaxt göstərilir.

2. AYNA-nın qərarında göstərilmiş cihazın xüsusi texniki vasitə olub olmadığı bəlli deyil. Çünki xüsusi texniki vasitə barədə məlumat qərarda aşkar şəkildə qeyd edilməlidir. Qanunun analogiyası üzrə İXM-i təhsil etsək görərik ki, AR İXM-in 100.1- ci maddəsi ilə müəyyən edilmişdir ki, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; AR İXM-in 81.1-ci maddəsində təsbit edilmişdir ki, Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. AR İXM-in 81.3-cü maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.33-2-ci hissəsinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Bu baxımdan AYNA-nın müvafiq işlər üzrə heç qərar qəbul etmə səlahiyyəti belə yoxdur. Bakı Nəqliyyat Agentliyi və AYNA fərqli qurumlardır. Digər bir prosessual pozuntu İXM 53.1.11-ci maddəsinin tələbinin pozulması ilə baş verib. Belə ki, maddənin tələbinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmalıdır. Lakin barəmdə cərimə növündə inzibati tənbeh vermə haqqında qərar çıxarılması barədə bildiriş mənə hadisədən təxminən 10 saat sonra təqdim edilib. Bu fakt İXM- in 53-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X1 əməlində İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 02 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında AYN ******* nömrəli elektron qərardan görünür ki, X2 02 oktyabr 2024-cü il tarixdə Xətai rayonu, Yeryemenko küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 40.0.3-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. 42.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alınmışdır:

1. Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.2. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.3. “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini üç ay müddətində təmin etsin; 4.4. bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görsün; 4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: 5.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 17.0-cı bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3–322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2 – 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Qeyd edilən 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarda X2 tərəfindən törədilməsi ehtimal olunan inzibati xətaya dair qəbul edilmiş inzibati tənbeh haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilməmişdir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı qərar ləğv edilməli, X2 əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X1 şikayəti təmin olunsun. X2 barəsində qəbul edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Yerüstü Nəqliyyat X4 Şəxsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar