Məhkəmə qərarları › İş №3(011)-5885/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-5885/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-5885/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan şəxsin tərcüməçi ilə təmin edilmək hüququ pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs izahatından məlum olduğu kimi o, rusdillidir və iş üzrə olan hüquqi terminləri anlamaqda çətinlik çəkir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraata başlandığı andan tərcüməçinin iştirakı tələb edildiyi təqdirdə səlahiyyətli orqan (vəzifəli şəxs) şəxsin bu hüququnu təmin etməlidir. Həmin andan bu hüququn səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təmin edilməməsi, şəxsin qeyd edilən hüququnun pozulması ilə nəticələnir. Şəxsin bu hüququnun pozulması ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılması nəticəsində, məhkəmə tərəfindən onun bu hüququ təmin edilsə də, şəxsin məhkəməyə qədərki qeyd edilən hüququ pozulmuş şəkildə qalır və bu pozuntu ilə tərtib edilmiş protokol prosessual pozuntulara yol verilməklə düzgün tərtib olunmamış hesab edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş 05 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar