Məhkəmə qərarları › İş №3(011)-601/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-601/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-601/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2, şikayətçi X1 iştirakları ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qarabağ qazisi və Əfqanistan müharibəsi veteranıdır. xx.xx.2024-cü il tarixdə AYNA tərəfindən qanunsuz olaraq cərimə olunmuşdur. Belə ki, 8 km bazarı yaxınlığında maşınını park etmişdir. Park etdiyi əraziyə yoldan daxil olmuş və solda boş yerdə saxlamışdır. Daxil olduğu C.Naxçıvanski küçəsində həm düz, həm sola, həm də sağa dönmək olar. Saxladığı yerdə isə nə saxlamaq qadağandır, nə də ki giriş qadağandır lövhəsi yoxdur. Parklanmaya aid lövhə isə küçənin o biri başında quraşdırılıb. Onda isə sol tərəfdən küçəyə daxil olub saxladığı yerin görünməsi mümkün deyil. Rəsmi olaraq AYNA –ya müraciət etmiş və video görüntüləri təqdim etmələrini istəmişdir. bəhanə ilə video təqdim etməmişlər. Çünki video təqdim etsələr idi onun günahsız olması sübut olunacaqdı. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, yerdə nişanlanma olmadığından həmin yerdə parklanmanın ödənişli olmasını bilməmişdir, buna görə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, 27 dekabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X4 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. Belə ki, şikayətçi X4 barəsində inzibati xəta haqqında parklanma qərarının əsassız olduğunu qeyd etmişdir. X1 idarə etdiyi “SEAT İBİZA MİNİK” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 27 dekabr 2024-cü il tarixdə, saat 11:47:21-də Cəmşid Naxçivanski küçəsindəki 30109 nömrəli parklanma yerində saxlaması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11-ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri, həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. X4 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 dekabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı X5 sədr müavini tərəfindən qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. Qanunvericilikdə parklanmava görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Qeyd edilməlidir ki, həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eyni zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma yerlərində Agentlik tərəfindən istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəqəsinin nömrəsi, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları, həmçinin parklanma yerlərindən istifadə qaydalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəqəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Belə ki, sürücülərin rahatlığını təmin etmək məqsədilə həm sms, həm mobil tətbiq vasitəsi ilə, həm də ödəmə terminalı vasitəsi ilə ödəniş üsulları mövcuddur. Odur ki, göstərilənlərə əsasən o, şikayətçi tərəfindən verilmiş şikayətin qanunsuz olduğunu bildirərək şikayət ərizəsinin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavab olaraq nümayəndə bildirmişdir ki, ola bilər ki yerdəki nişanlanma silinmişdir, lakin periodik olaraq həmin ərazidə yerdəki nişanlanma təzələnir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 11:47-də “Seat İbiza minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 031019 nömrəli vəsiqədən görünür ki, X4 müharibə veteranıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın ; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* saylı elektron qərara əsasən X1 xx.xx.2024-cü il tarixdə, saat 11:47-də “Seat İbiza minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmaması göstərilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən göründüyü kimi “Seat İbiza minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5.15 yol nişanı olan ərazidə dayansa da, nəqliyyat vasitəsinin dayandığı yerdə parklanma yerinin başlanğıcını və sonunu göstərən müvafiq nişanlama xətlərinin olması müəyyən edilmir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin 4-cü bəndinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1- 7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığından, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* saylı elektron qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar