Məhkəmə qərarları › İş №3(011)-6755/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6755/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6755/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə “Valesto Brinza pendirli börək” adlı məhsulun vitrində qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq kassada 1.29 manatdan hesbalanaraq 2 ədədi 2.58 manata satılmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin məsləhətçisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə “Valesto Brinza pendirli börək” adlı məhsulun vitrində qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq kassada 1.29 manatdan hesbalanaraq 2 ədədi 2.58 manata satılmış və nəticədə vətəndaşa 0.48 manat miqdarında maddi ziyan dəymişdir. Bununla da, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir; X3 elektron poçt vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı müraciətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində “Bravo” marketdən “Valesto Brinza pendirli börək” adlı məhsulu alarkən vitrində qiymətinin 1.05 manat göstərildiyini, lakin kassada ödəniş zamanı kartından 2.58 manat çıxıldığını bildirmiş, “Bravo” market barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir; Şəxs MMC-yə məxsus “Bravo Market” tərəfindən verilmiş satış çekindən görünür ki, 01 ədəd “Valesto Brinza pendirli börək” adlı məhsul müştəriyə 1.29 manata satılmışdır; “Valesto Brinza pendirli börək” adlı məhsulun üzərinə yapışdırılmış vitrin qiymət kağızından görünür ki, həmin məhsulun qiyməti 1.05 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə xx.xx.2025-ci il tarixdə üzərində 01 ədədinin qiyməti 1.05 manat göstərilmiş “Valesto Brinza pendirli börək” adlı məhsul kassada 1.29 manatdan hesablanaraq satılmış və bununla da Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçının hüquqları pozulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4.000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar