Məhkəmə qərarları › İş №3(011)-911/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-911/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-911/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 09.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal etdiyi bioloji fəallığa malik qida əlavəsi məhsullar qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 1 ünvanda 24.01.2022-ci il tarixində satılmışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən bioloji fəallığa malik qida əlavəsi məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş və bununlada Azərbaycan Respublikası İXM-nin 447.0.4cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin o, qeyd etmişdir ki, Şəxs MMC tərəfindən İD********** nömrəli ərizə ilə müraciət olunsa da, ekspertiza üçün ödənişin edilməsinə dair müvafiq qəbz Agentliyin Bakı Regional Bölməsinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilmədiyindən təhlükəsizlik sertifikatının verilməsindən imtina edilmişdir. Odur ki, o, hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin məsləhətçisi X2 tərəfindən tərtib olunmuş 09.02.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal etdiyi bioloji fəallığa malik qida əlavəsi məhsullar qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 1 ünvanda 24.01.2022-ci il tarixində satılmışdır. Həmçinin protokolun qeyd hissəsində Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin 25.01.2022-ci il tarixli 23/1/İSN-1017 saylı məktubla dəvət olunduğu, lakin izahat verməkdən imtina etdiyi göstərilmişdir; İD********** nömrəli ərizədən görünür ki, Şəxs MMC tərəfindən 26.12.2020-ci il tarixdə idxal olunan malların yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmuşdur; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 22.12.2021-ci il tarixli 23/1/İSN-13798 nömrəli məktubdan görünür ki, Sarte” MMC-nin qida məhsullarının sertifikatlaşdırılması barədə olan 26.12.2020-ci il tarixli İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsində baxılmışdır. Lakin tərəflərindən ekspertiza üçün ödənişin edilməsinə dair müvafiq qəbz Agentliyin Bakı Regional Bölməsinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməmiş və ödəniş həyata keçirilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli 302 nömrəli qərarının 2.9 və 2.10-cu maddələrinin tələbləri və “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikası Qanununun 20.1.2ci maddəsinin tələbləri pozulmuşdur və bununlada lisenziya və icazə verilməsindən imtina olunması ilə bağlı 22.12.2021-ci il tarixli İD********** nömrəli qərar qəbul edilmişdir. Həmçinin, ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 24.01.2022-ci il tarixinədək Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi qeyd edilmişdir; Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 25.01.2022-ci il tarixli 23/1/İSN-1017 nömrəli məktubundan görünür ki, 08 fevral 2022-ci il tarixinə saat 11:00-a təyin edilmiş inzibati icraatda səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi Şəxs MMC-dən xahiş olunmuş, əks təqdirdə səlahiyyətli nümayəndənin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir; Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında 22.12.2021-ci il tarixli İD********** nömrəli qərardan görünür ki, Şəxs MMC tərəfindən 26.12.2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X7 16.07.2020-ci il tarixli B/1074/2020 nömrəli bioloji fəallığa malik qida əlavəsinə dair ekspertiza rəyindən görünür ki, təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən “OptiTect. Tablet №20” adlı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi barədə 16 iyul 2018-ci il tarixli 302 nömrəli qərarının: 2.9-cu maddəsinə əsasən yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir; 2.10-cu maddəsinə əsasən yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir; 2.11-ci maddəsinə əsasən ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır; 2.22-ci maddəsinə əsasən sertifikatın verilməsindən imtina edildikdə, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal etdiyi bioloji fəallığa malik qida əlavəsi məhsulların qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 1 ünvanda 24.01.2022-ci il tarixində satılması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan İD********** nömrəli ərizədən məlum olur ki, Şəxs MMC tərəfindən 26.12.2020-ci il tarixdə idxal olunan malların yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmuşdur, lakin ekspertiza üçün ödənişin edilməsinə dair müvafiq qəbz Agentliyin Bakı Regional Bölməsinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilmədiyindən və ödəniş həyata keçirilmədiyindən 22.12.2021-ci il tarixdə Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Şəxs MMC tərəfindən qida təhlükəsizliyi sertifikatı alınmadan bioloji fəallığa malik qida əlavəsi məhsullarının satışı həyata keçirilmiş və bununlada Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar