Məhkəmə qərarları › İş №3(012)-1111/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1111/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1111/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X2nun iştirakı ilə, X6 barəsində tərtib olunmuş TP ******* saylı, 12.06.2021-ci il tarixli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş TP4425970 saylı, 12.06.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırdı ki, o, idarə etdiyi **-CF-*** qeydiyyat nişanlı «Volkswagen Passat» markalı avtomobillə 23.05.2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsindən Axundov bağı istiqamətinə sola dönən zaman ərazidə xidmət edən Yol Patrul Xidməti inspektoru polis baş serjantı X8 onu dayandıraraq, onun 3.1 “giriş qadağandır” nişanının tələbini pozaraq və nişanın tələbinə riayət etmədiyini bildirərək barəsində İXP ******* nömrəli protokol tərtib etmişdir. Əhməd Cavad küçəsindən Axundov bağı istiqamətinə gəldikdə sol tərəfdə 3.1 giriş qadağandır nişanı mövcuddur. Sola dönən zolaqda isə yerdə məcburi hərəkət istiqaməti bildirən nişanı yerləşmiş və o, nişanı görməmiş, o da yerdəki məcburi nişanlanma hərəkəti istiqaməti bildirən nişanın tələbi ilə sola dönmüş, o, iddia edilən qayda pozuntusu ilə razı olmadığı üçün qərar verilməmiş və bu barədə asanpay.az saytı vasitəsi ilə BDYPİ-yə elektron şikayət ərizəsi ünvanlamış, BDYPİ-də onun günahkar olduğunu və yuxarıda quraşdırılan nişanın yerdəki nişandan üstün olduğunu bildirərək protokolu ləğv etməmişlər. Yuxarıda göstərilənlərə əsaslanaraq barəsində tərtib edilmiş 12.06.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə , Bakı şəhəri DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhər DYP tərəfindən qəbul edilmiş 12.06.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X1 Passat minik markalı, 01CF154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, 3.1 “Giriş qadağandır” yol nişanlarının tələblərini pozmuş və nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesabedilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X7 61-ci maddəsinin 7-ci hissəsinə əsasən, “Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar”. Azərbaycan Respublikası X7 65 maddəsində göstərilir ki, İ. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. İİ. Bu nişanların dairəvi forması və mavi fonu vardır. İİİ. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. İV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır. Azərbaycan Respublikası X7 69 maddəsində göstərilir ki, İ. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. İİ. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin maddənin İİ-İ.bəndinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Həmin maddənin İV.bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Bu maddənin Vİ bəndinin, 18-ci yarım bəndnə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən video diskdə olan görüntülərlə müəyyən edilir ki, Bakı şəhəri Səbail rayonu Əhməd Cavid küçəsinin Axundov bağı istiqamətində yol ayrıcında “Yalnız sağa getmək” Məcburi hərəkət istiqaməti nişanı. Yolun solunda giriş qadağandır nişanı, yolayrıcında isə sola getməyə icazə verən yer nişanı olmuşdur. Yolun solunda olan giriş qadağandır nişanı Qanunun 61-ci maddəsinin 7-ci hissəsinə əsasən, düzgün olmayaraq yolun solunda quraşdırılmış, həmçinin yol ayrıcında bir-birini təkzib edən yol nişanı və yer nişanı mövcud olmuşdur ki bu da Azərbaycan Respublikası X7 69 maddəsinin İİ-İ hissəsinin tələblərinə ziddir. Belə ki, qanunun tələbinə əsasən Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Məhkəmə zamanı müəyyən edildi ki, X2 idarə etdiyi **-CF-*** qeydiyyat nişanlı “Volksagen Passat” markalı avtomobillə 23.05.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Əhməd Cavid küçəsinin Axundov bağı istiqamətində sola dönən zaman yerdə məcburi hərəkət istiqamətini bildirən nişanı görüb, hərəkəti davam etmişdir. Həmin yol ayrıcında olan yol nişanı ilə hərəkət nişanı arasında ziddiyyət olmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə tənbeh edilərək 60 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYP tərəfindən qəbul edilmiş 12.06.2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar