Məhkəmə qərarları › İş №3(012)-865/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-865/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-865/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta barədə protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin sahə rəisi, polis kapitanı X8, Zərərçəkmiş şəxs: X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Abşeron rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta barədə protokol tərtib etmiş şəxs Abşeron RPİnin sahə rəisi, polis kapitanı X12 izahat verərək bildirdi ki, Şəxs, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Məzunlar binası y/k-nin həyətində vətəndaş X3 ucadan nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yekatrina Valerevnanı söyüb təhqir etməmişdir. Yekatrina Valerevna dəfələrlə onu və ailəsini təhqir etmişdir. 02 aprel 2025-ci il tarixdə Səmid adlı şəxs onun qapısına gələrək əsassız yerə onu təhqir etmişdir. O, Səmidi tanımır və onunla heç bir münasibəti olmamışdır. Səmid ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o, 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gələnədək ətrafına 20-30 nəfər yalançı şahidlər yığaraq guya onun Yekatrina Valerevnanı söydüyünü bildirərək polisə yalan məlumat vermişdirlər. Həmin vaxt Yekatrina Valerevna onu təhqir etmişdir. O və həmin binada yaşayan digər şəxslər onu dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət edərək onu, yoldaşına dövlət tərəfindən verilmiş Məzunlar Evindən çıxarmaq üçün təzyiq göstərdiklərini bildirmişdir. Yaşadığı ünvanı tərk etməsi üçün ona çox təzyiq göstərmişdirlər, hətta döymüşdürlər. Hadisə günü kimsənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətməmişdir. Bu faktın olmadığını sübut edəcək video-görüntüləri məhkəməyə təqdim edərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Şəxs yoldaşına dövlət tərəfindən verilmiş evdə yaşayır. O, həmin ünvanda yaşayan hərkəsi narahat edir, nalayiq ifadələr işlədir, həmin şəxslər ona cavab verən kimi mobil telefonla həmin şəxsləri çəkərək polisə şikayət edir. Şəxs sosial xidmət işçiləri ilə əlbir olaraq dövlət tərəfindən verilən sosial yardımın kəsilməsi üçün dəfələrlə onları şikayət etmişdir. Qızını bağçaya aparan zaman da ondan xəbərsiz Şəxs onu mobil telefonla çəkərək, təhdid etmişdir. Hətta gecə yarısı qapısını da döyərək onu təhqir etmişdir. 02 aprel 2025-ci il tarixdə o həyətə düşən zaman Şəxs onu təhqir etmişdir. Sevda onu təhqir etdikdən sonra o acıqlanmış və Sevdanı təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, Şəxs hər gün insanları getdiyi yerdə özündən çıxarır, həmin şəxslər ona cavab verən kimi mobil telefon vasitəsilə onları çəkir. 02 aprel 2025-ci il tarixdə polis əməkdaşları həmin əraziyə gəlmişdir. Həmin vaxt o və bina səkinləri etiraz edərək Sevdanın bina sakinlərinə narahatlıq verdiyini bildirmişdirlər. Bu zaman Şəxs Yekatrina Valereyevnanı təhqir etmişdir. Bundan sonra onlar qarşılıqlı olaraq bir-birini təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, Yekatrina Valereyevna onun həyat yoldaşıdır. Şəxs onlarla eyni binada yaşayır. Dəfələrlə Şəxs kömək olmuşlar. 02 aprel 2025-ci il tarixdə Abasova X10 Valereyvnanı təhqir etmişdir. O istər həyat yoldaşını istərsə də digər şəxsləri təhqir edən zaman öz dediklərini mobil telefonla çəkmir, həmin şəxslər özündən çıxaraq onu təhqir edən zaman mobil telefon vasitəsilə hamını çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, 02 aprel 2025-ci il tarixdə gecə saat 23:00 radələrində polis əməkdaşları yaşadıqları binaya gəlmişdir. Həyətdə səs küy düşmüşdür. Bütün sakinlər Şəxs şikayətçidir. Həmin gün Şəxs Yekatrina Valereyevnanı söymüşdür və onlar qarşılıqlı olaraq bir-birinə nalayiq ifadələr işlətmişdir. Lakin ilk öncə X14 Valereyvnanı təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimzadə Ramiz XXX oğlu izahatında göstərdi ki, Şəxs 2019-cu ildən həyat yoldaşı ilə dövlət tərəfindən verilmiş evdə yaşayır. 02 aprel 2025-ci il tarixdə həmin binada yaşayan qonşusu ona zəng edərək onun tanışı Şəxs aşağıda təkləndiyini bildirmişdir. Həmin vaxt o həyətə düşüb Şəxs digər şəxslər tərəfindən təklənərək təhqir edildiyini görmüşdür. Həmin vaxt X11 Abasovanı təhqir etmişdir. Polis əməkdaşlarının yanındada 30 nəfər şəxs Şəxs təzyiq göstərmişdirlər. Həmin şəxslər Şəxs böhtan ataraq , təzyiq göstərərək onu yaşadığı evdən çıxarmaq istəyirlər. Məhkəmə iclasında müdafiəçi X6 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, belə ki, bu faktın nə şahidlərin ifadəsi, nə də zərərçəkmiş şəxsin, müdafiə etdiyi şəxsin təqdim etdiyi videogörüntülərlə təsdiqini tapmadığıı bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqdim olunmuş videogörüntülərə baxış keçirilmiş və hadisə zamanı Şəxs Yekatrina Valereyevnanın ünvanına nalayiq ifadələr işlətməyi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Məzunlar binası y/k-nin həyətində vətəndaş X5 ucadan nalayiq ifadələrlə söyüb təhqir etməklə xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim edilmiş videogörüntüyə baxış keçirdərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də təqsirliliyi sübuta yetirilmədiyinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəyə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata,həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zamanı aparılmış araşdırma zamanı, Şəxs X2 ünvanına nalayiq ifadələr işlətməsi,ictimai qaydanı pozması faktı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında bu faktı təsdiq edən mötəbər sübutlar müəyyən olunmamış, şahid qismində dindirilmiş şəxslərin şikayətləri öz əksini tapmışdır. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş şəxslərin Şəxs şikayətçi olması faktını təsdiq edən raportları müəyyən edərək hesab edir ki, həmin şəxslər Şəxs şikayətçi olduğu üçün bitərəf mövqedən çıxış etmirlər və həmin şəxslərin ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid ifadələrindən əlavə iş üzrə həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs həm də zərərçəkmiş şəxs X7 tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş, hər iki tərəfin də təqdim etdiyi video-görüntülərdə Şəxs ictimai asayişi pozaraq, nalayiq ifadələr işlətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli oqan tərəfindən sübuta yetirilməlidir. Lakin qeyd olunan faktlar səlahiyyətli orqan tərəfindən də sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına inzibati xəta haqqında protokolda ümumi ifadələrə istinad olunduğunu, sonuncunun ictimai qaydanı pozmasının nədə ifadə olunmasının göstərilmədiyini və protokolda göstərilən halları təsdiq edən heç bir sübutun iş materiallarına əlavə edilməməsi inzibati xəta haqqında material üzrə icraata xitam verilməsi üçün əsas olduğunu hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına cəmi 18 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına cəmi 18 manat məbləğində pul ödənilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar