Məhkəmə qərarları › İş №3(013)-851/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-851/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-851/2024 27.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs2 MMCnin direktoru Şəxs1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 11 mənzil 93 olan Şəxs2 MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Ağdam Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına olan Şəxs2 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Ağdam rayon prokuroru ədliyyə müşaviri X1 xx.xx.2024-cü il tarixli qərarı və əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki,, Şəxs2 MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 47 mənzil 47-də qeydiyyatda olan X2 26 sentyabr 2024-cü ildən 14 oktyabr 2024-cü il tarixə qədər Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində su kollektoru xətlərinin çəkilməsi ilə əlaqədar sürücü işinin yerinə yetirilməsinə cəlb etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs2 MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən həmin MMC-nin direktoru Şəxs1 göstərmişdir ki, rəhbəri olduğu MMC daşıma fəaliyyəti ilə məşğuldur. Şəxs2 MMC fiziki şəxs X3 ilə xx.xx.2024-cü ildə müqavilə bağlamışdır. Müqaviləyə əsasən icraçı Famil Quliyev nəqliyyat xidmətlərinin göstərilməsi vəzifəsini üzərinə götürmüşdür. Ramil Quliyevi işlərin yerinə yetirilməsinə Famil Quliyev cəlb etmişdir. Şəxs2 MMC-nin Ramil Quliyevi işlərin yerinə yetirilməsinə cəlb etmədiyini və inzibati xəta törətmədiyini qeyd etməklə inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri V.H.Məmmədov məhkəmədə çıxış edərək Şəxs2 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs2 MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, Şəxs2 MMC X2 26 sentyabr 2024-cü ildən 14 oktyabr 2024-cü il tarixə qədər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. X2 daşıma işlərinin (xidmətlərin) yerinə yetirilməsinə Şəxs2 MMC deyil, X3 cəlb etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli sərnişin daşıma xidmət müqaviləsindən göründüyü kimi qüvvədə olan qanunvericilik və nizamnamə əsasında fəaliyyət göstərən icraçı – fiziki şəxs X3 ilə qanunvericilik və nizamnaməsi əsasında fəaliyyət göstərən, direktoru Şəxs1 şəxsində təmsil olunan sifarişçi Şəxs2 MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi barədə razılaşma olmuşdur. İcraçı həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə nəqliyyat xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri qəbul edib razılaşdırıılmış xidmət haqqını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.2.1-ci bəndində göstərildiyi kimi icraçı, yəni X3 daşıma xidmətlərini tam qaydasında və vaxtında həyata keçirmək vəzifəsini üzərinə götürmüşdür. Sözügedən müqavilənin 3.2.2-ci bəndində qeyd olunmuşdur ki, icraçı daşıma xidmətlərinin göstərilməsi üçün üçüncü şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələrini cəlb edə bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən icraçı bu müqavilə üzrə göstərdiyi xidmətlər zamanı və ya belə xidmətlər nəticəsində icraçının işçilərinin və ya üçüncü şəxslərin həyatı və sağlamlığına, yaxud əmlakına dəymiş zərərə görə belə zərərə məruz qalmış şəxslər (və ya onların varisləri) qarşısında birbaşa məsuliyyət daşıyır və sirafişçi belə hallar zamanı tam təqsirsiz hesab olunur. Göründüyü kimi Şəxs2 MMC ilə X4 arasında əmək münasibətləri yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 11 mənzil 93 olan Şəxs2 MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar