Məhkəmə qərarları › İş №3(022)-120/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-120/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-120/2024 08.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 Patrul Bölməsinin yol patrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1999-cu il tarixdə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 20A nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 noyabr 2023-cü il tarixdə, saat 20:30-da Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə İ.Astanlı küçəsinin kəsişməsində idarə etdiyi «VAZ 21099 Minik» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sola dönmə əməliyyatı icra etdiyi vaxt Biləsuvar şəhəri, İ.Astanlı küçəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus «X6» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymiş və bundan sonra Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılsa da, həmin şəxs tibbi müayinədən imtina etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis X5 polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. 07 noyabr 2023-cü il tarixdə Şəxs kəsişməsində idarə etdiyi «VAZ 21099 Minik» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə İ.Astanlı küçəsinin kəsişməsində sola dönmə əməliyyatı apardığı vaxt Biləsuvar şəhəri, İ.Astanlı küçəsində dayanmış vəziyyətdə olan «X6» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomaşın əzilmiş, lakin Şəxs və ya «X6» markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs heç bir xəsarət almamışlar. Bundan sonra yol-patrul xidməti əməkdaşı Şahid2 tərəfindən tərəfindən hər iki avtomobilin sürcüsü sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsdəi ilə Bİləsuvar rayon mərkəzi xəstəxanasına aparılsa da, Şəxs tibbi müayinədən keçməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Belə ki, Şəxs əvvəlcə sürücü olmadığını demiş, daha sonra isə tibbi müayinə aparan həkimin tibbi sənədlərini təqdim etməməsini əsas tutaraq, alkotesterdə müayinədən imtina etmişdir. Bundan sonra iş yoldaşı Şahid2 onu Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çağırmış və həmin o, həmin xəstəxanaya gəldikdə, Şəxs artıq çıxıb getdiyini aşkar etmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, «VAZ 21099 Minik» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, 07 noyabr 2023-cü il tarixdə idarə etdiyi avtomaşınla Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə İ.Astanlı küçəsinin kəsişməsində sola dönmə əməliyyatı aparmış, lakin Biləsuvar şəhəri, İ.Astanlı küçəsində dayanmış vəziyyətdə olan «X6» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin hadisə onun təqsiri üzündən baş vermiş və nəticədə hər iki nəqliyyat vasitəsi əzilmişdir. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşı Şahid2 onu və digər avtomaşının sürücüsü Zərərçəkmiş şəxs sərxoşluq müayinəsi məqsədilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Onlar həmin xəstəxanada onları tibbi müayinədən keçirəcək həkimi axtarsalar da, həkimi tapa bilmədikdən sonra, xəstəxananın həyətində olan ambulans maşınında oturumuş tibb qardaşına yaxınlaşmışlar. O, həmin şəxsin həkim yox, tibb qardaşı olduğunu güman etdiyinə görə həkimdən sənədlərini təqdim etməsinin tələb etdiyi vaxt həmin şəxs ona tibb qardaşı olduğunu və sənədi olmadığıını bildirmişdir. O, qanunun tələblərinə görə onun sərxoşluq vəziyyətinin tibbi müayinəsi həkim-narkoloq tərəfindən aparılmalı olduğuna görə tibbi müyainədən keçməkdən imtina etmişdir. Bundan sonra onlar digər yol patrul xidməti inspektorunu gözləməyə başlamışlar. Lakin digər yol patrul xidməti inspektoru gec gəldiyinə görə o, yolnəqliyyat hadisəsindən sonra müvafiq tibbi yardım almaq üçün xəstəxananın müvafiq bölməsinə müraciət etmişdir. Buna baxmayaraq, onun barəsində qanunsuz olaraq, Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. Onun tibbi müayindən keçməkdən imtinasının səbəbi əsaslı olmuş, o, ixtisasca həqiqətən də həkim-narkoloq tərəfindən müayinə edilməsini tələb etmişdir. O, xəstəxanada təxminən 1 saat gözləmiş, lakin heç bir həkimnarkoloq ona müayinə etmək məqəsi ilə yaxınlaşmamışdır. O da baş vermiş qəza nəticəsində şokda olduğuna görə Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edərək, həkimlərdən ona yardım göstərməsini xahiş etmişdir. Onun sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməkdən imtina etməsinə səbəb Biləsuvar rayon mərkəzi xəstəxanasının əməkdaşının ona lazımı sənədləri təqdim etməməsi olmuşdur. Sonda, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili tbbi yardım şöbəsində çalışır. O, orta-ixtisas təhsilli olsa da, heç vaxt həkim narkoloq ixtisası üzrə işləməməsinə baxmayaraq, xəstəxanın sabiq baş həkimi bir neçə il əvvəl müəssisədə həkim-narkoloq olmadığına görə həkim-narkoloq vəzifəsinin icrasını ona həvalə etmişdir. Buna görə də polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin müayinə edilməsi məqsədi ilə gətirilən şəxslərin tibbi müayinəsini o həyata keçirir. Belə ki, 07 noyabr 2023-cü il tarixdə yol-patrul xidməti əməkdaşları tərəfindən iki nəfər Şəxs və Zərərçəkmiş şəxs adlı sürücülər tibbi müayinə edilmələri məqsədi ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına gətirilmişlər. O, ilk olaraq Zərərçəkmiş şəxs adlı şəxsi müayinə etmiş və həmin şəxsin sərxoş olmadığı müəyyən edilmişdir. Lakin digər sürücü Şəxs əvvəlcə sürücü olmadığını desə də, daha sonra ondan özünü təqdim etməsini və ixtisasını təsdiq edən sənədləri təqdim etməsini tələb etmiş, o da həmin şəxsə özü haqqında məlumat verərək, ixtisasca həkim-narkoloq olmasa da, həmin vəzifəni yerinə yetirdiyini bildirmiş və bundan sonra Şəxs ona qarşı aqressiv şəkildə davranmış və müayinədən keçməkdən imtina etmişdir. Buna görə də o, Şəxs sərxoş olubolmadığını müəyyən etmək məqsədi daşıyan tibbi müayinəni həyata keçirə bilməmişdir. Həmin vaxt onda müayinə protokolları blankları olmadığına görə o, müvafiq müayinə protokollarını yalnız 08 noyabr və 10 noyabr 2023-cü il tarixlərdə tərtib etmişdir. Şəxs tibbi müayinədən imtina etdikdən sonra o, çağırışa görə xəstəxananı tərk etmişdir və hadisələrin sonrakı gedişatını şəxsən izləməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsində Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində çalışır. O, 07 noyabr 2023-cü il tarixdə «VAZ 21099 Minik» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «X6» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşduğu barədə məlumat almış və dərhal polis avtopatrulu ilə hadisə yerinə getmişdir. O, haddisə yerində alkotestrlə tibbi müayinə aparmayaraq, yolnəqliyyat hadisəsi törətmiş sürücüləri sərxoşluq vəziyyətinin müayinə edilməsi məqsədi ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmış və tibbi müayinəyə cəlb etmişdir. Lakin Şəxs xəstəxanada müayinədən keçməkdən imtina etmiş, buna görə də o, Biləsuvar rayon polis X5 polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru Ə.M.Məmmədova zəng vuraraq, hadisə barədə məlumat vermiş və sonuncunu Biləsuvar rayon mərkəzi xəstəxanasına çağırmışdır. Lakin Ə.M.Məmmədov xəstəxanaya gəldiyi vaxt onlar Şəxs tapa bilməmişlər. Buna görə də həmin şəxs barəsində Ə.M.Məmmədov tərəfindən müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 343.2-ci maddəsi Azərbaycan Respublikası İXM-nin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 96.1.7-ci maddəsinə görə inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda sərxoşluq vəziyyətini müayinə etmə növündə iş üzrə icraatın təmin edilməsi tədbiri tətbiq edir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası İXM-nin 96.5-ci maddəsinin tələbinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, ayaqüstə dayana bilməməsi və özünü idarə edə bilməməsi əlamətlərindən biri olduqda həmin şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi həyata keçirilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100-cü maddəsinə görə həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddənin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinin və "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinin tələblərinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, ayaqüstə dayana bilməməsi və özünü idarə edə bilməməsi əlamətlərindən biri olduqda həmin şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi həyata keçirilir. Vəzifəli şəxs tərəfindən sürücünün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Əgər həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Vəzifəli şəxs tərəfindən şəxsi tibbi müayinəyə göndərmək haqqında protokol tərtib edilməli, həmin protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanmalıdır və bundan sonra həmin şəxs tibbi müayinəyə göndərilməlidir. Beləliklə, iş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etməsi barədə səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 96.5-ci maddəsinin tələbinə uyğun olaraq tərtib edilməsi məcburi olan tibbi müayinəyə göndərmək haqqında protokol tərtib edilməmişdir. Həmçinin işə əlavə edilmiş materiallardan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etməsi barədə səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol yol-nəqliyyat hadisəsinin baş verdiyi 07 noyabr 2023-cü il tarixdə, saat 20:30-da tərtib edilmişdir. Lakin işdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücü Şəxs barəsində 08 noyabr 2023-cü il tarixdə, digər sürücü Zərərçəkmiş şəxs barəsində 10 noyabr 2023-cü il tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə aktlar tərtib edilmişdir. Bununla əlaqədar hesab edirəm ki, vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix ilə (07 noyabr 2023-cü ilə), Şəxs barəsində tərtib edilmiş 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının tarixləri məntiqi ardıcıllığa uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə əvvəlcə inzibati məsuliyyətə səbəb olan əməl şəxs tərəfindən törədilməli, yəni şəxsin tibbi müayinədən imtina etməsi barədə akt tərtib olunmalı, daha sonra isə həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilməli olduğu halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə protokol tibbi müayinədən imtina edilməsi barədə aktdan bir gün əvvəl tərtib edilmişdir. Həmçinin "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.3-cü bəndinə görə isə narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.4 və 3.5-ci bəndlərinə əsasən müayinə aparan həkim-narkoloq həmin qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən ibarət (əsli və surəti) tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Mayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş şəxsə təqdim edilir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə görə insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir. Həmin Qanunun 20.3-cü maddəsinin tələbinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmə baxışına qədər çıxarılmalıdır. Münaqişə komissiyasının tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-narkoloqun nümunəvi vəzifə təlimatı”nın 2-ci bəndinin tələbinə görə həkim-narkoloq vəzifəsinə baza ali tibb təhsili olan, elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində (xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada “narkologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş, ixtisası üzrə ən azı 2 il əmək stajına malik şəxs təyin edilir. Lakin inzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edildi dki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatından və həmin şəxsin sərxoşluq vəziyyətinin müayinəsi nəticəsini özündə əks etdirən 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı həkim-narkoloq tərəfindən deyil, orta-ixtisas təhsilli feldşer Şahid1 tərəfindən tərtib edilmiş, həmin “Azadov.C” sözləri qeyd edilmiş, həmin tibb işçisinin vəzifəsi və ya şəxsiyyətini təsdiq edən (adı, atasının adı) barədə heç bir qeyd icra edilməmişdir. Habelə həmin aktın “Müayinə aktı alan şəxsin imzası” qrafasında da heç bir qeyd icra edilməmişdir. Bununla əlaqədar hesab edirəm ki, şəxsin onu müayinə edəcək tibb nümayəndəsindən şəxsiyyətini və ya ixtisasını təsdiq edən sənədləri tələb etməsi təbii hüququdur və şəxsin həmin məlumatları əldə etməməsi və ya həmin şəxsə bu barədə informasiya verilməməsi şəxsin hüquqlarının pozulmasına gətirib-çıxarır. Şəxs barəsində tərtib edilmiş 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında həmin müayinəni aparmış tibb işçisinin vəzifəsi və ya şəxsiyyətini təsdiq edən məlumatların dəqiq şəkildə göstərilməməsi, habelə həmin şəxsin tələbi əsasında onu müayinə edən tibb işçisi tərəfindən lazımı sənədlərin pasientə təqdim edilməməsi "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın tələblərinə, habelə sərxoşluq vəziyyətinin tibbi müayinəsinin ali tibb təhsili olmayan, qanunvericiliklə müəyyən edilmiş qaydada “narkologiya” ixtisası üzrə peşə hazırlığı keçməmiş şəxs tərəfindən icra edilməsi isə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimnarkoloqun nümunəvi vəzifə təlimatı”nın 2-ci bəndinin tələbinə zidd haldır. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən habelə məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını tərtib etmiş tibbi işçisi tərəfindən Şəxs mövqeyinin əsaslandırığı xüsusatları inkar edən heç bir sübut təqdim edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq, Şəxs barəsində tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun həmin şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli aktdan əvvəl tərtib edilməsi, Şəxs barəsində tibbi müayinəyə göndərmək haqqında protokol tərtib edilməməsi, həmçinin 08 noyabr 2023-cü il tarixli, 665 nömrəli aktda tibbi müayinə aparan şəxs barəsində məlumatların tam həcmdə qeyd edilməməsi hallarını iş üzrə şübhəli məqamlar hesab edirəm. Həmçinin həmin şübhəli məqamların sübut edilməsi yükü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin deyil, sonuncu barəsində həmin protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Ə.M.Məmmədov məhkəməyə iş üzrə ortaya çıxmış şübhəli məqamları təkzib edəcək heç bir sübut təqdim edə bilməmişdir. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsinin tələblərini pozmaqda təqsiri sübuta yetirilmədiyinə və onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar