Məhkəmə qərarları › İş №3(023)-278/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-278/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-278/2024 12.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, xx.xx.1993-cü ildə Samux rayonu, Ziyadlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 25 iyul 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Əməmliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına “Mercedes-Benz” markalı, 77JX963/99YE693 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs ilə gömrük nəzarətindən keçdikdən sonra şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi yük maşınında gİzlədilmiş, hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o, isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra sürücüyə idarə etdiyi nəqliyyat vasitəsini rentgen qurğusundan keçməsi üçün həmin əraziyə sürməsi bildirilmiş və rentgen qurğusunda baxış zamanı şübhəli aşkar olunduğundan nəqliyyat vasitəsinə təkrar gömrük yoxlaması həyata keirilmişdir. Keçirilmiş gömrük yoxlaması zamanı “Mercedes-Benz” markalı, 77JX963/99YE693 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda yataq yerinin arxasında gömrük nəzarətindən gizlədilmiş 26(iyirmi altı) qutu üzərində “G-CERAM BLOCKS” yazısı olan diş üçün gipslər aşkar olunmuşdur. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 21 may 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış və götürülmə haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi ‘Mercedes-Benz” markalı 77JX963/99YE693 nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasının salonunda yataq yerinin arxasında gömrük nəzarətindən gizlədilmiş 26(iyirmi altı) qutu üzərində “G-CERAM BLOCKS” yazısı olan diş üçün gipslər aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 iyul 2024-cü il tarixli 9/4611-6/3304 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya tədqiqatına təqdim edilmiş, 26 (iyirmi altı) qutu Türkiyə istehsalı, üzərində “G-Ceram Bolcks B1SHT Multilayer 14 mm” markalanma yazısı olan diş üçün gipslərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2860.00 (26 qutu x 110 manat) manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan ‘Mercedes-Benz” markalı 77JX963/99YE693 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, ‘Mercedes-Benz” markalı 77JX963/99YE693 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 2860,00 manat təşkil edən, 26 (iyirmi altı) qutu Türkiyə istehsalı, üzərində “G-Ceram Bolcks B1SHT Multilayer 14 mm” markalanma yazısı olan diş üçün gipslər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 2860,00 manat təşkil edən, 26 (iyirmi altı) qutu Türkiyə istehsalı, üzərində “G-Ceram Bolcks B1SHT Multilayer 14 mm” markalanma yazısı olan diş üçün gipslər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar