Məhkəmə qərarları › İş №3(027)-163/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-163/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-163/2025 05.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət vermiş X2 iştirakı ilə Quba RPŞ DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında ona məxsus olan “Toyota-Prius” (Hibrid) markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili «B» və «C» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində həmin avtomobili idarə edərək Bakı-Quba avtomobil yolunun «Quba-Asan Xidmət»inin qarşısında olan dairəyə yaxınlaşıb. Sağa dönmə işıq cihazından istifadə edərək Quba şəhəri, yeni avtovağzalının qarşısına gedən yola daxil olmaq istəyən zaman sol tərəfində qırmızı rəngli, iri qabaritli, «MAN» markalı yük avtomobilinin dayandığını görüb. Onun qarşısını perpendikulyar olaraq Xaçmaz rayonu istiqamətindən gələn digər nəqliyyat vasitəsi kəsdiyindən o sağ tərəfdən hərəkət edərək hərəkətini davam etdirib. “MAN” markalı avtomobilin qarşısına keçmək istəyəndə, həmin nəqliyyat vasitəsinin sürcüsü manevrə başlayaraq sürətini artırıb və və qarşı sağ tərəfi ilə onun idarə etdiyi avtomobilin sol yan tərəfindən vurub. Hadisə yerinə gələn YPX əməkdaşları da orada təsdiq etdilər ki, hadisədə təqsirkar “MAN” markalı avtomobilin sürücüsü olmuşdur. Lakin, sonradan nə baş veribsə, barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmiş, 3 gündən sonra - yəni xx.xx.2025-ci il tarixdə «İnzibati tənbeh vermə haqqında» qərar qəbul edilmiş, həmin tarixdə də onun mobil telefonuna SMS gəlmişdir. Barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarda onun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyi göstərilmişdir. Qeyd etdiyi kimi, onun əks istiqamətli hərəkət zolağına çıxmağı mümkün olmamışdır. Ona görə ki, o “MAN” markalı avtomobilin sağ tərəfindən olmuşdur. Bundan başqa, “MAN” markalı avtomobilin qarşısı digər nəqliyyat vasitəsi tərəfindən kəsilmişdir. Ona elə gəlib ki, “MAN” markalı avtomobil sola tərəf dönmək istəyir. Hesab edir ki, qeyd olunmuş hadisədə onun təqsiri yoxdur. Məhkəmədə X3 ərizəni müdafiə edərək, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nə məlumat verilsə də, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə işə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Quba RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci bəndində əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Qeyd edilən Qanunun 42-ci maddəsinin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqdim olunmuş video görüntüdən göründüyü kimi, “Toyota-Prius” (Hibrid) markalı, 77-TC- 505 dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Quba avtomobil yolunda «Quba-Asan Xidmət»in qarşısında olan dairəyə yaxınlaşan zaman “MAN” markalı avtomobil hərəkət üstünlüyünün ona aid olduğunu bilmədiyindən sürətini azaldır və digər avtomobilərin sərbəst hərəkətinə mane olur. Dərhal sonra da həmin nəqliyyat vasitəsinin sürcüsü sürətlənərək qarşısına keçmək istəyən “Toyota-Prius” (Hibrid) markalı, 77-TC- 505 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşur. Məhkəmə, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ -nin xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ -nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar