Məhkəmə qərarları › İş №3(029)-422/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-422/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-422/2020 07.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs özəl tibb müalicəxanasının barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:45-də ünvan 1 ünvanda yerləşən Şəxs özəl tibb müalicəxanasında plandan kənar yoxlama aparılarkən verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar özəl tibb fəaliyyətinin həyata keçirilməsi aşkarlanmışdır. Həmin faktla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi X6 tərəfindən Şəxs özəl tibb müalicəxanasının barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə həmin material məhkəməyə daxil olmuş, işi baxılması xx.xx.2020-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Həmin tarixdə tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə işin baxılma müddəti 1 ay müddətinə uzadılmış və işi baxılması xx.xx.2020-ci il tarixə saat 14:30-a təxirə salınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs özəl tibb müalicəxanasının nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, Şəxs özəl tibb müalicəxanasının barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə X1 Mərkəzi publik hüquqi şəxsin əməkdaşları X2, X3 və X4 iştirakları ilə tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli 14 saylı plandan kənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 11:45-də Şəxs özəl tibb müalicəxanasında plandan kənar yoxlama aparılmışdır. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət olunması ilə əlaqədar bir sıra sanitariya epidemioloji rejimin pozulması ilə bağlı nöqsanlar aşkar edilmişdir. Belə ki, müəssisənin birinci mərtəbəsində yerləşən sarğı otağının gips qoyulma sahəsinin və sanitar qovşaq yerləşən keçidli sahədə tibbi alətlərin sterilizasiyası aparılır. Burada istifadə olunan quru hava sterilizatorunda aparılan əməliyyatın qeydiyyat jurnalı tərtib edilməmişdir. Bundan başqa, əməliyyat blokunda yerləşən sterilizasiya sahəsində metal alətlərin sterilizasiyasına dair qeydiyyat jurnalı yoxdur. Müəssisədə steril materialları istifadə müddətlərinə nəzarət lazımi səviyyədə təşkil edilməmiş, sarğı otağında və stomatoloji kabinetdə istifadə müddəti bitmiş steril materiallar aşkar edilmişdir. Qan nümunələrinin götürülməsi üçün təbii işıqlanması olmayan keçidli sahədən istifadə olunur. Bioloji laborator nümunələrin qəbulu üçün xüsusi sahə nəzərdə tutulmamış, nümunələr qangötürmə sahəsindən birbaşa laboratoriyaya verilir. Stasionarda təmiz ağlar yığışdırıcı avadanlıqlarla birlikdə qapısında imalə otağı qeyd edilmiş sahədə saxlanılır. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti keçirilirmi sualı ilə əlaqədar yoxlama zamanı lisenziyadan kənar şüa-diaqnostika ixtisasa aid nüvə-maqnit rezonans işi üzrə tibbi xidmətin göstərilməsi və müvafiq avadanlıqların qurulması aşkarlanmışdır. İş materiallarında olan Azəarbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X5” Publik hüquqi şəxsinə daxil olmuş Şəxs özəl tibb müalicəxanasına dair məlumatdan görünür ki, həmin müalicəxanada ixtisas növləri üzrə görülən işlər aşağıdakılardır: terapevtik, kardioloji, qastroenteroloji, endokrinoloji, hematoloji, nevropatoloji, dermatoloji, fizioterapevtik, ümumi cərrahi, uroloji, travmatoloji-ortopedik, anestezioloji-reanimatoloji, ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatrik, rentgenoloji, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, oftalmoloji, otorinolarinqoloji, klinik, klinik-biokimyəvi. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-nin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs özəl tibb müalicəxanasının barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin müalicəxanada lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi göstərilsə də, məhz hansı fəaliyyətin, hansı şəkildə, üsulda və qaydada, kimlərə münasibətdə həyata keçirildiyi göstərilməmişdir. Bundan başqa, protokola əlavə olunmuş plandan kənar yoxlama aktında həmin müalicəxanada yoxlama zamanı lisenziyadan kənar şüadiaqnostika ixtisasına aid nüvə-maqnit rezonans işi üzrə tibbi xidmətin göstərilməsinin və müvafiq avadanlıqların qurulmasının aşkarlandığı göstərilsə də, həmin avadanlıqlar vasitəsilə konkret olaraq hansı şəxslər üzərində diaqnostik tibb fəaliyyətinin həyata keçirildiyi, həmin fəaliyyətlə bağlı həmin müalicəxanaya hər hansı pasiyentlərin müraciət etməsi, bununla da, orada praktiki olaraq tibb fəaliyyətinin həyata keçirilməsi faktının konkret olaraq nədə ifadə olunduğu müəyyən edilməmiş, bu barədə inzibati xəta haqqında protokolda göstərilməmişdir. Həmçinin, lisenziyadan kənar hər hansı xidmətin göstərilməsi ilə bağlı konkret şəxslərin (xəstələrin və digər şəxslərin) izahatları alınmamışdır. Ona görə də, Şəxs özəl tibb müalicəxanasının ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə gəlməklə aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs özəl tibb müalicəxanasının xeyrinə həll edilməli, həmin hüquqi şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hüququ şəxs Şəxs özəl tibb müalicəxanasının ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs özəl tibb müalicəxanasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar