Məhkəmə qərarları › İş №3(036)-1845/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1845/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1845/2025 26.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclasının katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X11 nümayəndəsi X7, Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143B, mənzil 98-də qeydiyyatda olan və yaşayan (FİN: 0UVELUD) X11 Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi X18 tərəfindən qəbul edilmiş 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddələrinə əsasən 600 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi Anar Əlizadənin MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X17 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi Anar Əlizadənin 14 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 220.3 və 220.8-ci maddələrinə əsasən 400 manat cərimə olunması barədə qərar qəbul olunmuşdur. O, həmin qərarla razı deyil, çünki o, Azərbaycan Respublikası İXM-nin həmin maddələrinin tələbini pozmamışdır. Həmin qərar qərəzli yazılmışdır. Müəssisədə axşam vaxtı iş saatı 18:00- 21:00 arası olur və həmin vaxt işçilərin əynində xüsusi geyimləri olur. Lakin qarşı tərəf müəssisəyə gecə saat 11:00-da gəldiyi üçün həmin geyim formalarını görməmişlər. Eyni zamanda mal-qaraya verilən yemi o, öz torpaq sahəsində yetişdirir. Belə olan halda həmin yem məhsullarının necə müşayiətedici sənədi ola bilər. Ona görə də, barəsində tərtib olunan qərarı qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X11 nümayəndəsi X12 şikayətin mahiyyətinə uyğun çıxış edərək izahatında göstərmişdir ki, o heyvandarlıqla məşğuldur. Bununla bağlı forma 2 və baytarlıq sənədi alınır. Onlar süd satışını həyata keçirirlər. Südü müxtəlif süd zavodlarına verirlər. Südü zavodlara verməmişdən əvvəl X1ine arayış alırlar. X9 tərəfindən iki dəfə- 30 sentyabrda növbədən kənar, 28 noyabrda isə növbəti yoxlama aparılmışdır. Agentlik tərəfindən 11 sentyabrda süddən nümunə götürülmüşdür. Süddə problem aşkar olunduğuna görə 30 sentyabrda Hikmət müəllim tərəfindən növbədən kənar yoxlama açılmışdır. 30 sentyabrda şikayətçinin nümayədəsinin iştirakı ilə yoxlama aparılmışdır. Ümumiyyətlə plandankənar yoxlamanın keçirilməsi əsassız olmuşdur. Çünki süddən götürülmüş nümunənin nəticəsi düzgün deyil. Ola bilsin ki, süddə aflatoksin yoxdur. Süd tez xarab olan məhsuldur. Belə ki, qanuna görə 3 saat ərzində laboratoriyaya çatdırılmalıdır. Buna baxmayaraq 11 sentyabrda süddən nümunə götürülmüş, götürülmüş süd nümunəsi 13 sentyabrda laboratoriyaya çatdırılmış, 15 sentyabrda laboratoriyada müayinə başlamış, 22 sentyabrda isə müayinə yekunlaşmışdır. Nəticədə süddə aflatoksin M1 aşkar edilmişdir. X2ra verdiyi metodiki göstərişə əsasən aflatoksin yemdə olur. X9 aflatoksinə uyğun yoxlama aparmalı olduğu halda, işçinin paltarını yoxlaması qanunauyğun deyil. Həmçinin fermada səhər vaxtı iş saat 7-nin yarısından 10-a kimi olur. Lakin fermada hər zaman işçilər olur. Yoxlama gündüz keçirilsə də, iş vaxtı olmamışdır. Yəni işçilərin istirahət vaxtı olmuşdur. Belə ki, işçilər orada yaşayırlar. Qeyd edilənlərə əsasən növbədən kənar yoxlama əsassız aparılmışdır. 14 oktyabrda onu X3 çağırmışlar. O, sənədlərin 13 oktyabrda olduğunu görmüş, buna etirazını bildirmiş, ona görə də, sənədləri imzalamaqdan imtina etmişdir. Agentlikdən ona telefonla zəng vuraraq 17 noyabrda yoxlama aparacaqları barədə məlumat verilmiş, o, etirazını bildirəndən və bununla bağlı ərizə yazdıqdan sonra yoxlamanı 28 noyabra keçirmişlər. Həmin vaxt yoxlamanın keçirilməsi barədə əvvəlcədən ona məlumat verilməmişdir. Keçirilmiş iki yoxlama nəticəsində 400 manat və 600 manat cərimə yazılmışdır. Həmçinin Agentlik tərəfindən növbəti yoxlama keçirilmiş, növbədənkənar yoxlamanın nəticələri eyni ilə orda da qeyd edilmişdir. Sonda nümayəndə 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X8 izahatında göstərmişdir ki, sahibkar südün daşınmasına dair baytarlıqdan sənəd alır. Süddən nümunə götürüldükdən sonra həmin sənəd verilir. Həmin nümunənin yoxlanması zamanı süddə aflatoksin M1 aşkar olunmuşdur. Plandankənar yoxlamanın keçirilməsinə laboratoriyanın nəticəsinə əsasən süddə aflatoksin M1-in aşkar olunması əsas olmuşdur. Plandankənar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 16.3-cü maddəsinə əsasən keçirilmişdir. Birinci plandankənar yoxlama olmuş, daha sonra planlı yoxlama aparılmışdır. Plandankənar yoxlama 30 sentyabrda, planlı yoxlama isə 28 noyabrda olmuşdur. Plandankənar yoxlamanı o keçirmişdir. Qərarda onun adı vardır və protokolu o tərtib etmişdir. 30 sentyabrda başlamış plandankənar yoxlama həmin tarixdən 12 oktyabradək dayandırılmışdır. Yoxlamanın dayandırılması haqqında qərar qəbul edilmişdir ki, həmin müddət də yoxlama aparılması müddətinə daxil edilmir. Şikayətdə düzgün qeyd edilməmişdir. Belə ki, yoxlama gündüz vaxtı olmuş, yoxlama keçirilən vaxt şəkillər çəkilmişdir ki, bu sübut hesab olunur. “Qida təhlükəsizliyi haqqında” qanunun 15.2-ci maddəsinə əsasən ilkin istehsala dair sanitar-gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. İlkin istehsala dair sanitargigiyenik tələblər isə Agentliyin kollegiyasının 19 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərada xüsusi geyim vasitələrinin olması ilə bağlı müddəalar öz əksini tapmışdır. Eyni zamanda yemin müşayiətedici sənədi olmamışdır. Həmin sənəd yem məhsulunun yararlılıq müddətinin, mənşəyinin, saxlanma şəraitinin və tərkibinin müəyyənləşdirilməsinə kömək edir. 600 manat cərimə yemlərin müşayiətedici sənədlərinin olmaması ilə bağlı yazılmışdır. Yoxlama zamanı yem anbarı yoxlanılmışdır, hətta yem saxlanan yerdə havalandırma sistemi də yoxlanmışdır. Çünki yemin saxlanma şəraiti də sanitar-gigiyenik tələblərə daxildir. Belə ki, yemdəki nəmdən, oradakı havanın temperaturundan aflatoksin B1 yarana bilir. Həmçinin aflatoksin M1 heyvanın yemlənməsi zamanı yemdə olan aflatoksin B1-dən yaranır. Südün saxlanma şəraitindən aflatoksin M1 yarana bilməz. Buna görə də südün laboratoriyada nəticəsi şübhə altına alına bilməz. Plandankənar yoxlama zamanı laboratoriyada aflatoksin M1-in yoxlanması mümkün olmamış, yalnız ağır metallardan qurğuşun yoxlanmışdır. Nümunə götürülüb laboratoriyaya göndərildiyindən yoxlamanın dayandırılması haqqında qərar qəbul edilmişdir. Həmin yoxlama nəticəsində süddə uyğunsuzluq aşkar edilməmişdir. Nümunənin nəticəsinə əsasən süddən götürülmüş nümunədə uyğunsuzluq aşkar edilmədiyindən, yoxlamanın nəticəsində protokol tərtib edilməmişdir. Yoxlamanın nəticəsinə dair qərarda qeyd edilən nöqsanlar müəyyən edilmiş müddətdə sahibkar tərəfindən aradan qaldırıldıqdan sonra Agentliyə müraciət edilməlidir. Müraciət əsasında baxış keçirilir, əgər nöqsanlar aradan qaldırılıbsa, “sağlamlaşdırıldı” qeydi aparılır. Sahibkar qeyd edilən müddətdə müraciət etməsə, sahibkara qərarda göstərilən cərimə tənbeh tədbiri tətbiq edilir. Sonda nümayəndə qərar əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 izahatında göstərmişdir ki, ölkədə yayılmış dabaq xəstəliyi ilə bağlı keçirilən monitorinq zamanı. Növbəti il üçün planlı yoxlama hər il noyabr ayının birinədək təsdiq olunaraq Ədliyyə Nazirliyinə təqdim edilir. Planlı yoxlama vaxtında keçirilmişdir. Plandankənar yoxlama laboratoriyanın nəticəsinə əsasən, reyestrdən çıxarış əsasında keçirilmişdir. Bununla bağlı qərar mövcuddur. Yoxlamanın nəticələrinə dair qərardan tərəfin şikayət vermək hüququ vardır. X6 sahibkar hesab edilir. Yoxlamanın aparılması haqqında qərarda plandankənar yoxlamanın müddəti göstərilmişdir. X14 Məcəlləsinin iki maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, lakin cərimə məbləği yüksək olan maddə ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə protokol tərtib etmiş səlahiyyətli orqanın və şikayətçinin nümayəndələrinin izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X17 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi X18 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və X17 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında potokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:05-də İmişli rayonu, Qaralar kəndində yerləşən "xxxx" MMC-də işçi heyətin xüsusi geyim vasitələrinin olmaması və yem məhsullarının müşayiətedici sənədlərinin olmaması nəticəsində vəzifəli şəxs X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Həmin fakt baxış aktı və kamera ilə çəkilmiş foto və videoqeydlərlə təsdiq edilir; 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İmişli rayonu, Qaralar kəndində yerləşən "xxxx" MMC-yə məxsus heyvandarlıq təsərrüfatında işçi heyət üçün xüsusi geyim vasitələrinin olmaması və yem məhsullarının müşayiətedici sənədlərinin olmaması nəticəsində vəzifəli şəxs X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmiş, vəzifəli şəxs X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir; xx.xx.2025-ci il tarixli, 3-44-10/2-3056/2025 saylı yoxlama materiallarına baxılmasına dair bildirişdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli, KY252377334 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının X9 Mil-Muğan regional bölməsinin xx.xx.2025-ci il tarixli, MMRB-YPK-228 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən "xxxx" MMC-nə məxsus heyvandarlıq təsərrüfatında xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir; xx.xx.2025-ci il tarixli, MMRB-YPK-228 nömrəli yoxlama aktından görünür ki, "xxxx" MMC-nə məxsus heyvandarlıq təsərrüfatında keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı müəssisədə çalışan işçilər xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə, dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilməmiş, qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmamış, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməmiş və istifadə edilən yem məhsullarının müvafiq müşayiətedici sənədləri mövcud olmamışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi vərəqəsindən görünür ki, X17 "xxxx" MMC-də (VÖEN: **********) hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardandır; 220.3-cü maddəsinə əsasən qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 220.8-ci maddəsinə əsasən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci maddəsinə əsasən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. 15.2-ci maddəsinə əsasən ilkin istehsala dair sanitar-gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında” Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının qanunları, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun: 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır; 15.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır; 16.1-ci maddəsinə əsasən bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə; 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır; 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır; 17.2.6-cı maddəsinə əsasən yoxlamanın aparılması haqqında qərarda sonuncu yoxlamanın növü və başa çatma tarixi göstərilməlidir; 19.1-ci maddəsinə əsasən yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır; 19.6-ci maddəsinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz; 21.1-ci maddəsinə əsasən istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı məhsulun və ya xammalın (bundan sonra - məhsul) müəyyən edilmiş tələblərə uyğun olması barədə yoxlama zamanı əsaslandırılmış şübhələr yaranarsa, həmin məhsulun tədqiqi (sınağı) və bu məqsədlə məhsul nümunələrinin götürülməsi həyata keçirilir; 22.2.3-cü maddəsinə əsasən yoxlama zamanı məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsinə başlamazdan əvvəl məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcı götürülən məhsul nümunələrinin dəyərini ödəməlidir; 22.4.2 və 22.4.9-cu maddələrinə əsasən məhsul nümunələrinin götürülməsinin əsaslandığı və bu Qanunun 21.3-cü maddəsində göstərilən qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı, götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri məhsul nümunələrinin götürülməsi barədə aktda göstərilməlidir; 24.1-ci maddəsinə əsasən yoxlayıcı götürülmüş məhsul nümunələrini bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata mümkün qədər tez, lakin aşağıdakı müddətdən gec olmayaraq çatdırmalıdır: 24.1.1. tez xarab olan məhsulun (normativ saxlama müddəti yetmiş iki saatdan az olan) nümunəsi - götürülməsi vaxtından üç saat ərzində; 24.1.2. qida və ya yem məhsullarının (tez xarab olan məhsullar istisna edilməklə) nümunəsi - götürülməsi vaxtından on iki saat ərzində; 24.1.3. digər hallarda - nümunələrin götürülməsi vaxtından sonra qırx səkkiz saat ərzində. 31.2.10-cu maddəsinə əsasən yoxlama aktında yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilir; “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarına əlavənin 5-ci bəndinə əsasən süd və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik, turş süd məhsulları və s.), müxtəlif pendir növləri, dondurma, kərə yağı, əridilmiş kərə yağı tez xarab olan malların siyahısına daxildir. “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın və “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası X9 Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı: 2 nömrəli əlavənin 1.10-cu bəndinə əsasən işçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilməlidir; 2 nömrəli əlavənin 1.6-cı bəndinə əsasən qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Havanın çirkli zonadan təmiz zonaya mexaniki axınına yol verilməməlidir. Havalandırma sistemlərinin filtrləri, təmizləmə və ya əvəzləmə tələb edən digər hissələri əlçatan səviyyədə yerləşdirilməlidir; 2 nömrəli əlavənin 10.2-ci bəndinə əsasən qida obyektlərində çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi diqqət yetirməli, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməlidir; 2 nömrəli əlavənin 14.3-cü bəndinə əsasən məhsullar üçün xammal parazitlərin daxil olmasını istisna edən konteynerlərdə və/və ya yerdən və divarlardan aralı məsafədə saxlanılmalıdır. Qida obyektlərinin daxili və obyektin yerləşdiyi zonalara bitişik ərazilər təmiz saxlanmalıdır; 2 nömrəli əlavənin 3.2-ci bəndinə əsasən qida obyektləri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməlidir. Məhkəmə yuxarıda istinad edilən normalara əsaslanaraq hesab edir ki, plandankənar (növbədənkənar) aparılan yoxlama zamanı sənədlər tərtib edilərkən qanunvericiliyin normalarının tələblərinə tam əməl edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun müddəalarına əsasən, yoxlamanın aparılması haqqında qərarda sonuncu yoxlamanın növü və başa çatma tarixi göstərilməli, yoxlama zamanı məhsulun tədqiqi (sınağı) məqsədilə məhsul nümunələrinin götürülməsinə başlamazdan əvvəl məhsul nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcı götürülən məhsul nümunələrinin dəyərini ödəməli, məhsul nümunələrinin götürülməsi barədə aktda məhsul nümunələrinin götürülməsinin əsaslandığı və məhsulun tədqiqi (sınağı) barədə qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı, götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri əks olunmalıdır. Lakin X9 Mil-Muğan regional bölməsi tərəfindən yoxlamanın aparılması haqqında xx.xx.2025-ci il tarixli qərarda sonuncu yoxlamanın növü və başa çatma tarixi göstərilməmiş, məhsul nümunələrinin götürülməsi barədə xx.xx.2025-ci il tarixli aktda məhsul nümunələrinin götürülməsinin əsaslandığı və məhsulun tədqiqi (sınağı) barədə qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı, götürülmüş məhsul nümunələrinin yoxlayıcı tərəfindən ödənmiş ümumi dəyəri qeyd edilməmiş, yoxlayıcı tərəfindən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsinə dair hər hansı sənəd iş materialına əlavə edilməmişdir. Həmçinin yuxarıda sadalanan qanunvericiliyin müddəalarından görünür ki, süd və süd məhsulları yağı tez xarab olan malların siyahısına daxildir. Yoxlayıcı götürülmüş məhsul nümunələrini bu Qanunun 27-ci maddəsinə uyğun olaraq tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya və ya digər təşkilata mümkün qədər tez, lakin tez xarab olan məhsulun (normativ saxlama müddəti yetmiş iki saatdan az olan) nümunəsi - götürülməsi vaxtından üç saat ərzində, qida və ya yem məhsullarının (tez xarab olan məhsullar istisna edilməklə) nümunəsi - götürülməsi vaxtından on iki saat ərzində çatdırmalıdır. Lakin xx.xx.2025-ci il tarixli sınaq protokolundan görünür ki, nümunə xx.xx.2025-ci il tarixdə saat 17:07-də götürülmüş, xx.xx.2025-ci il tarixdə saat 13:34-də isə götürülmüş nümunə laboratoriyaya təqdim edilmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixli sınaq protokolundan görünür ki, nümunə xx.xx.2025-ci il tarixdə saat 16:20-də götürülmüş, xx.xx.2025-ci il tarixdə saat 12:29-da isə götürülmüş nümunə laboratoriyaya təqdim edilmişdir. Belə ki, süd tez xarab olan malların siyahısına daxil olmasına baxmayaraq, yoxlayıcı hər iki sınaq protokolu üzrə götürülmüş məhsul nümunələrini tədqiq (sınaq) aparmaq hüququ olan laboratoriyaya vaxtında təqdim etməmiş, xx.xx.2025-ci il tarixli sınaq protokolu üzrə laboratoriyaya təqdim edilmiş nümunənin götürülmə aktı məhkəməyə təqdim edilsə də, xx.xx.2025-ci il tarixli sınaq protokolu üzrə müvafiq akt məhkəməyə təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Yoxlama aktında yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilir. Məhkəmə qeyd edir ki yoxlayıcı tərəfindən qanunun qeyd edilən müddəalarına tam əməl edilməmişdir. Belə ki, müəssisədə iş prosesi zamanı təmizlik işlərinin görülməsinə dair qeydiyyat jurnalının yoxlamaya təqdim edilməsi, həmçinin müəssisədə çalışan işçilərin gigiyenik təlimə cəlb edilmələri 124-cü sual üzrə yoxlama suallarının siyahısına daxil edilməsə də icra vəziyyəti yoxlanılmışdır. Həmçinin xx.xx.2025-ci il tarixli Yoxlama aktında 128-ci sual üzrə aşkar olunmuş qanun pozuntusunun məzmunu göstərilsə də, tələbləri pozulmuş normativ hüquqi aktın konkret struktur elementləri göstərilməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarından görünür ki, sahibkarlıq sahəsində yoxlamalar plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Plandankənar (növbədənkənar) yoxlama aparıldığı halların dairəsi dəqiq göstərilmişdir. İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olması, habelə mediada məlumatlar yayılması həmin hallardan biridir. Qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi izahatında plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsinə xx.xx.2025-ci il tarixli sınaq protokoluna əsasən süddən götürülmüş nümunədə aflatoksin M1-in aşkar olunmasını əsas göstərsə də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 16.3-cü maddəsinə istinad etmişdir. Eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli, KY252377334 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olması, habelə mediada məlumatlar yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, dövlət və yerli özünüidarəetmə orqanı tərəfindən müraciət (məlumat) verilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli sınaq protokoluna əsasən süddən götürülmüş nümunədə aflatoksin M1-in aşkar olunması plandankənar (növbədənkənar) yoxlamanın aparılması hallarına daxil deyil. Həmçinin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli, KY252377334 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi göstərilən halları təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X17 tərəfindən qanunvericiliyin müddəalarının pozulması faktının araşdırılması üçün səlahiyyətli orqan tərəfindən plandankənar (növbədənkənar) yoxlama təyin edilsə də, həmin yoxlamanın keçirilməsi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud olmamamışdır. Belə ki, X11 təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Halbuki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2-ci ci bəndinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. X16 Məcəlləsinin qeyd edilən normalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməli, hər hansı şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası X9 Mil- Muğan regional bölməsinin üzərinə qoyulsa da, həmin orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə etmiş, məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirinin müəyyən edilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi X18 tərəfindən qəbul edilmiş 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası X9 Mil-Muğan regional bölməsinin rəisi X18 tərəfindən qəbul edilmiş 14 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar