Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1158/2025 09.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Yenikənd Ə/D, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 732/2023 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində olan icra sənədindən xəbəri var, göstərilən ünvanda yaşayır, rəsmi iş yeri yoxdur, fəhləliklə məşğul olur, son 2-3 aydır maddi imkanı ilə bağlı ödəniş edə bilməmişdir. Hazırda olan aliment borcundan 200 manat ödəniş etmişdir. Bundan sonrakı aylarda aliment borcundan hər ay 230 manat və müalicə pulu üçün 50-70 manat ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu ilə birgə nikahlarından bir azyaşlı uşaqları var, uşağın ürəyində problem var və bronxit xəstəsidir, bir neçə dəfə ürək getməsi olmuş və hazırda Bakı şəhərində xəstəxanada müalicə olunur. Müalicə pulu və resept pulunu ödəməkdə çətinlik çəkir, uşağı həkimə aparmalı olduğu üçün borcunu tələb edir. Borclunun ona olan borcu 1000 manat təşkil edir. Borclunun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-732/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Sevgi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat miqdarında aliment və uşağın müalicəsi üçün hər ay 50 (əlli) manat müalicə xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir; xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-732/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və borclu xx.xx.2023-cü il tarixdə bildirişi almışdır; Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-732/2023 saylı icra sənədi üzrə yaranmış 1000 manat borc Şəxs tərəfindən ödənilməmişdir; xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu icra sənədi üzrə olan borcundan tələbkar Zərərçəkmiş şəxs hesabına 200 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-732/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-591/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmışdır və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Sevgi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat miqdarında aliment və uşağın müalicəsi üçün hər ay 50 (əlli) manat müalicə xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu maddi imkanı ilə bağlı ödəniş edə bilmədiyini, hazırda 200 manat ödəniş etdiyini və bundan sonrakı aylarda davamlı borcunu ödəyəcəyini bildirdi. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcu tam ödənilməməsi səbəbi olaraq maddi imkanının olmamasını göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev İş № 3(041)-1158/2025 Kürdəmir Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «09» dekabr 2025-ci il Kürdəmir şəhərində Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, İclas saat 17:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs gəlmişlər. Sədrlik edən iştirakçıların şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir: Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Yenikənd Ə/D, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Tələbkar Zərərçəkmiş şəxs: xx.xx.1991-ci il tarixdə Kürdəmir Rayonunda doğulmuş, Azərbaycan Respublikasının, vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Yenikənd Ə/D, Mürtülü kəndində qeydiyyatda olmaqla yaşayan Protokol tərtib etmiş şəxs: Kürdəmir rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Məhərrəm Şirnalıyev Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı-ayrılıqda Azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi və Həsənova Gülnar Fikrət qızının iclas katibliyi ilə baxıldığını bildirir. Sədrlik edən İXM-də nəzərdə tutulmuş etirazın əsasları barədə məlumat verərək həmin əsaslar olduğu təqdirdə hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını izah edir, hakimə və məhkəmə iclas katibinə etirazlarının olub-olmamasını soruşur. İştirakçılar hər biri ayrı-ayrılıqda, hakimə və məhkəmə iclasının katibinə etirazlarının olmadığını bildirirlər. Sədrlik edən işdə iştirak edənlərə onların İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçılarının hər biri hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirirlər. Sədrlik edənin sualına barəsində inzibati protokol tərtib edilmiş şəxsin cavabı: - Hüquq və vəzifələrim mənə aydındır. - İş materialları ilə tanış olmuşam. -Mənə qarşı məhkəməyədək icraat dövründə heç bir təsir, hədə-qorxu göstərilməyib, ləyaqətimi alçaldan hərəkətlər və qeyri insani rəftar edilməyib, işgəncə verilməyib. Sədrlik edən barəsində protokol tərtib edilmiş şəxsə vəkilin hüquqi yardımından istifadə etmək hüququ olduğunu, öz vəkili vardırsa, həmin vəkilin məhkəmə iclasına dəvət etməyi tələb etmək hüququ olduğunu, vəkil tutmağa maddi imkanı olmadığı təqdirdə dövlət vəsaiti hesabına vəkillə təmin edilmək, vəkili seçmək və hüquqi yardım almaq hüququ olduğunu izah edir. Sədrlik edənin s/c inzibati xəta törətmiş şəxs - bəli protokol tərtib edilməzdən əvvəl mənə vəkil tutmaq hüququm, maddi imkanım olmadığı təqdirdə dövlət hesabına vəkillə təmin edilmək hüququm izah edildi, lakin mən hər hansı bir vəkil istəmədiyimi, vəkil tələb etmədiyimi, dövlət hesabına da vəkil təyin edilməsindən imtina etdiyimi bildirmişdim. - Mənim öz vəkilim yoxdur. Məhkəmədə hüquqlarımı özüm müdafiə edəcəm, hər hansı bir vəkilə ehtiyacım yoxdur. Hər hansı bir vəkili məhkəmə iclasına dəvət etmək də istəmirəm. Bu mənim maddi vəziyyətimlə əlaqədar deyildir. Dövlət hesabına da vəkil təyin olunmasını istəmirəm. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. İşin baxılmasında iştirak edən şəxslərin izahatı dinlənilir. İnzibati protokolu tərtib etmiş şəxs, icra məmuru: -Hörmətli Məhkəmə! “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sədrlik edən izahatla əlaqədar sualların olub-olmamasını soruşur. Sədrlik edən s/c: - Bütün sənədlər və sübutlar təqdim olunub. - Bəli protokolu müdafiə edirəm. Sədrlik edən izahatla əlaqədar əlavə sualların olub-olmamasını soruşur. Əlavə suallar verilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: -Hörmətli Məhkəmə! Barəmdə olan icra sənədindən xəbərim var, göstərilən ünvanda yaşayıram, rəsmi iş yerim yoxdur, fəhləçiliklə məşğul oluram, son 2-3 aydır maddi imkanım ilə bağlı ödəniş edə bilməmişəm. Hazırda olan aliment borcumdan 200 manat ödəniş edəcəyəm. Bundan sonrakı aylarda aliment borcumdan 230 manat və müalicə pulu üçün 50-70 manat ödəniş edəcəyəm. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən izahatla əlaqədar sualların olub-olmamasını soruşur. Sədrlik edən s/c: - Bəli barəmdə olan icra sənədindən xəbərim var. -Hal-hazırda 200 manat ödəniş etməyə hazıram. Əlavə suallar verilmədi. Hakim zərərçəkmiş şəxsə özünün və yaxın qohumlarının əleyhinə izahat verməkdən imtina etmək hüququnu izah edir, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borclu olduğunu, bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddələrində inzibati məsuliyyət nəzərdə tutulmasını, hakimin çağırışına gəlməkdən qəsdən boyun qaçırmağa, izahat verməkdən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 532-ci maddələrində inzibati məsuliyyət nəzərdə tutulması barədə xəbərdar etdi və ondan bu barədə iltizam alınaraq iş materiallarına əlavə olunur. Bundan sonra izahat vermək üçün söz zərərçəkmiş şəxsə verilir. Zərərçəkmiş şəxs, tələbkarın izahatı: -Hörmətli Məhkəmə! Borclu ilə birgə nikahımızdan bir azyaşlı uşağımız var, uşağın ürəyində problem var və bronxit xəstəsidir, bir neçə dəfə ürək getməsi olub və hazırda Bakı şəhərində xəstəxanada müalicə olunur. Uşağı tək başına böyüdürəm, müalicə pulu və resept pulunu ödəməkdə çətinlik çəkirəm, uşağı həkimə aparmalı olduğum üçün borcumu tələb edirəm. Bu ayı çıxmaqla borclunun mənə olan borcu 1000 manat təşkil edir. Borclunun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən izahatla əlaqədar sualların olub-olmamasını soruşur. Sədrlik edən S/C: - Borcumu tam ödəməsini istəyirəm. Əlavə suallar verilmədi. Sədrlik edən işdəki sənədləri elan etməklə tədqiq edir, əlavə vəsatətlərin və sübutların olub-olmamasını aydınlaşdırır. Əlavə sübut və vəsatətlər olmadı. Sədrlik edən işin tədqiqinin bitmiş hesab olunduğunu bildirir. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını bildirir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə çıxış üçün söz verir. Protokol tərtib etmiş şəxs: - Bütün sübutları məhkəməyə təqdim etmişik, əlavə hər hansı bir sübutumuz yoxdur. Xahiş edirəm, xəta törətmiş şəxs barədə inzibati tənbeh barədə qərar qəbul edəsiniz. Zərərçəkmiş şəxs, tələbkar: -Borcunu ödəməsini, işə xitam verilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, borclu: -Barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının qurtardığını bildirir və müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protesti verilməsi, protokolla tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 17:40-da bağlı elan olunur. Məhkəmə xx.xx.2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(041)-1158/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1158/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver