Məhkəmə qərarları › İş №3(041)-1205/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1205/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1205/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, daxil olmuş materiallar əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Narkotik vasitəni evdən tapmış, həmin vasitə rəhmətlik dayısına məxsus olmuş, dayısı rəhmətə getdikdən sonra yerini tapmış və öz istifadəsi üçün saxlamışdır. Anası onkoloji xəstədir, buna görə də problemi olduğu üçün narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni üzərində saxlamış, Kürdəmir şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman özünü şübhəli aparmış, bu zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində olduğunu bildirmiş və onu Kürdəmir RPŞ-nə gətirmişlər. Hazırda törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkir, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbayacan Respublikası İXM-nin 206-cı maddə ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-yə göndərilmişdir. Şəxs üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.49 qram qalığı Kürdəmir RPŞ-nin saxlanma yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs saxlanılaraq RPŞ-nə gətirilmiş, şəxsi axtarış zamanı üzərində 1,15 qram qurudulmuş marixuana aşkar edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/812 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "... Şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,51 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 0,51 qram, tədqiqata istifadə olundu – 0,02 qram, qalıq – 0,49 qram. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs inzibati xətanın törədilməsində təqsiri onun özünün etirafedici ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş sənədlərlə tam olaraq sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 115.4.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda dövriyyədən çıxarılmış əşyaların aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməsi, yaxud məhv edilməsi həll edilməlidir. Odur ki, iş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanma yerinə təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş 0,51 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0,49 qram qalığı məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş 0.51 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0.49 qram qalığı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın inzibati həbsə dair hissədə icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar