Məhkəmə qərarları › İş №3(041)-336/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-336/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-336/2025 06.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızının iştirakı ilə, xx xxxx 1994-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşayan, (Fin-xxxxxxx) Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızının barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızı 2022-2023-cü tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızının inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızı göstərdi ki, Elgiz onun oğludur. Elgizin atası Elçin təxmin 1 il qabaq vəfat etdiyi üçün o, yaşadıqları Kürdəmir rayonunun Ərəbqubalı kəndindən rayona köçmüşdür. Oğlu Elgiz məktəbəqədər hazırlığı Kürdəmir rayonunun Ərəbqubalı kəndində bitirmiş, daha sonra onlar Kürdəmir şəhərinə köçdükləri üçün Elgizi Kürdəmir şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə yazdırmışdır. Oğlu Elgiz həddən artıq nadinc və ərköyün olduğu üçün məktəb müəllimləri mütəmadi olaraq ondan şikayətlər etmiş, bundan başqa da Elgizin özünün də dərsə getmək marağı olmadığı üçün onu yaşadıqları Kürdəmir rayonunun Ərəbqubalı kəndinə, valideynlərinin yanına göndərmişdir. O, Elgizin kənddə də məktəbə getmək istəmədiyini sonradan bilmişdir. Özü tək işlədiyi üçün uşağının təlim tərbiyəsi ilə məşğul ola bilməmişdir. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, əməlindən peşiman olmasını nəzərə alıb ona yüngül cəza veriləməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə təhsil sektoru Kürdəmir şəhər, T.İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 244 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdən Kürdəmir rayon Ərəbqubalı kənd tam orta məktəbindən şagirdlərin yerləşdirilməsi qanununa uyğun olaraq məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2022-2023-cü il tədris ili ərzində dərsə davamiyyəti yerinə yetirmədiyi və biliyi qiymətləndirilmədiyi üçün məktəbin pedaqoji şurasının xx.xx.2023-cü il tarixli, 05 saylı qıərarı ilə məktəbin şagird kontingent tərkibindən azad edilmişdir. Şagirdin şəxsi işinin məktəbdə saxlanılmasına baxmayaraq, valideyn tərəfindən məktəbə heç bir müraciət olunmamışdır. Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızının əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, təhsil haqqında qanunvericiliyin tələbini pozaraq 2022-2023-cü tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 təhsil aldığı Kürdəmir şəhər 1 saylı tam orta məktəbdən çıxararaq Kürdəmir rayonu Ərəbqubalı kəndində, qohumlarının yanına göndərmiş, hal-hazıradək oğlu Elgiz Əhmədovu ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Məmmədova(Əhmədova) Vüsalə Ərzulla qızına cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Məmmədova(Əhmədova) Vüsalə Ərzulla qızının şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Məmmədova (Əhmədova) Vüsalə Ərzulla qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar