Məhkəmə qərarları › İş №3(046)-537/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-537/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-537/2023 11.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə iştiraki ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus ərazida Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ağacların kəsilməsi ilə bağlı araşdırma aparılmış, araşdırma müddətində o, göstərilən ünvanda əvvəllər 2 saylı körpələr evi, uşaq bağçasının tikilisinin yerləşdiyini, hazırda tikilinin qəzalı vəziyyətdə olmasına görə bağçanın fəaliyyət göstərmədiyini, ərazinin "xxxx" MMC-nin istifadəsində olmasını bilmişdir. Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 26 saylı Sərəncamı və xx.xx.2021-ci il tarixli 01 saylı “İcarə müqaviləsi” əsasında həmin ünvanda yerləşən 0,5 ha torpaq sahəsinin "xxxx" MMC-yə, 2 saylı körpələr evi uşaq bağçasının qəzalı vəziyyətdə olan binasının sökülərək həmin ərazidə 1-ci mərtəbəsi körpələr evi-uşaq bağçası olmaqla, rayon icra hakimiyyətinin balansına verilməklə, çoxmərtəbəli binanın tikilməsi üçün 25 il müddətinə icarəyə verildiyi sənədləri ekologiyanın əməkdaşlarına təqdim etmişdir. Ekologiya İdarəsinin əməkdaşları ondan məsələ ilə bağlı izahat almış, izahatında Göyçay rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 25 il müddətində həmin ərazinin "xxxx" MMC-nin istifadəsinə verildiyini, qəzalı vəziyyətdə olan binanın bünövrə və zirzəmi hissəsində yabanı halda bitmiş ağac və kolların tərəfindən ərazidə təmizlik işləri zamanı ehtiyatsızlıqdan budanmasını bildirmişdir. Araşdırmaya "xxxx" MMCnin rəhbəri Bəxtiyar Şəbiyev tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli, 01 saylı arayışda barəsində bank əməliyyatları, işçilərin işə qəbulu və işdən çıxarılması, vergi hesabatlarının aparılması və digər hüquqi işlərin icrası və qərar qəbul edilməsi hüququnun olmadığı, sadalanan hüquqların yalnız MMC-nin direktorunun səlahiyyətində olması qeyd edilmişdir. Nümayəndələr tərəfindən əraziyə keçirilən baxışda 2 ədəd nar kolunun quru olan əsas budaqlarının kökündən kəsildiyi, 01 ədəd əncir ağacının quru budaqlarının kökündən 2 metr hündürlükdən kəsildiyi, əlavə olaraq əncir cinsinə aid diametri 4 santimetrə qədər olan, bir kökdən kol kimi inkişaf etmiş 06 ədəd ağacın dib kökündən kəsilərək məhv edildiyi aşkar olunmuşdur. Bildirir ki, kəsilən ağaclar yeni tikilmiş binadan təqribən 85 metrə qədər aralı məsafədə yerləşir və tikintiyə heç bir maneəsi yoxdur. Araşdırma müddətində tərəfindən ağacların götürülməsi ilə bağlı X3 rəyini nümayəndələrə təqdim etməmişdir. Nəticədə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, 77645 saylı akt və inzibati xəta törətmiş vəzifəli şəxs qismində İXM-nin 253.2-cı maddəsi ilə həmin tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmiş, barəsində İXM-nin 253.2-ci maddəsi ilə 8 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati protokolda bəzi çatışmamazlıqlar var. Belə ki, araşdırma zamanı barəsində "xxxx" MMC-nin rəhbəri Bəxtiyar Şəbiyev tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli, 01 saylı arayışda, barəsində bank əməliyyatları, işçilərin işə qəbulu və işdən çıxarılması, vergi hesabatlarının aparılması və digər hüquqi işlərin icrası və qərar qəbul edilməsi hüququnun olmadığı, sadalanan hüquqların yalnız MMC-nin direktorunun səlahiyyətində olması qeyd edildiyi halda, ekologiya idarəsinin əməkdaşları onu İXM-nin 18-ci maddəsinə istinadən hüquqi şəxs qismində deyil vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb etmişlər. Lakin, onun heç vəzifəli şəxs qismində də sərəncam vermək hüququ belə yoxdur. O, yalnız icraçı direktor vəzifəsində olmaqla ərazidə aparılacaq işlərə nəzarət edən şəxsdir. Həmin müddət ərzində ərazidə heç bir tikinti işləri getmədiyi halda onun vəzifəli şəxs deyil fiziki şəxs qismində məsuliyyətə cəlb edilməli idi. Digər tərəfdən də ağaclar kəsilən ərazi tikinti sahəsinə bilavasitə aid olan ərazidə yerləşmədiyi halda, tikinti ərazindən kənarda yerləşdiyi halda həmin kol və ağacların tikinti sahəsini izləmək üçün quraşdırılmış kamera və işıqlandırılmasına maneə törətdiyi üçün onun tərəfindən müəyyən hissəsi kəsilmişdir. Baxış zamanı məhv edilən 6 ədəd diametri 4 sm olan əncir ağaclarının hamısı bir kökdən inkişaf etdiyi məlum olduğu halda onun qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2017-ci il 118 nömrəli “Yaşıllıqların bərpası Qaydasının” təsdiq edilməsi haqqında Qərarının 4.7-ci maddəsi ilə nəzərə almamalı halda buna diqqət edilməmişdir. Belə ki, qərarın 4.7-ci maddəsində göstərilir; - Əgər ikinci dərəcəli gövdə əsas gövdədən 0,5 metr məsafədə yerləşirsə, bu gövdə ayrı ağac kimi hesablanır. Belə olduğu halda onun törətdiyi inzibati xətada təbiətə dəymiş ziyan məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasına uyğun olaraq 4 sm-lik bir ağac üçün 80 manat məbləği təşkil edəcəkdir. Onu da qeyd edir ki, törədilən inzibati xəta ilə bağlı tərtib edilmiş inzibati protokol üzrə barəsində qəbul ediləcək Qərarın müddəti ona əvvəlcədən qərar qəbul olunan təşkilat tərəfindən məlumatlandırılmalı olduğu halda ona heç bir məlumat verilməmiş, qəbul edilən qərarın surəti ona göndərilməmiş, qərarın icra olunması üçün toplanan sənədlər Göyçay Rayon İcra Probasiya şöbəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvanlanmışdır. Hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi onun qərardan şikayət vermək hüququnu pozmuş, məqsədli olaraq qəbul edilən qərarı ona ünvanlamamış, həmin qərarın şikayət müddətinin ötürülməsi üçün bu hərəkətlər edilmişdir. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə izahat verərək göstərmişdir ki, X11 xx.xx.2023-cü tarixdə Göyçay şəhəri, ünvan 2 ünvanda yerləşən ərazidə 02 ədəd nar kolunun və 01 ədəd əncir ağacının quru halda olan budaqlarını və 06 ədəd kol halda olan kiçik diametrli bir kökdən çıxan əncir ağacının kök boğazından kəsmişdir. Bu xx.xx.2023-cü il tarixdə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X2, X12 və X6 tərəfindən akt tərtib edilmişdir. Həmin akta əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttişi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə X11 barəsində İXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qərar qəbul edilmiş, X11 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qayada cərimə edilmişdir. X11 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmamışdır. Buna görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 77645 nömrəli aktdan görünür ki, X11 xx.xx.2023-cü tarixdə Göyçay şəhəri, ünvan 2 ünvanda yerləşən ərazidə 02 ədəd nar kolunun və 01 ədəd əncir ağacının quru halda olan budaqlarını və 06 ədəd kol halda olan kiçik diametrli bir kökdən çıxan əncir ağacının kök boğazından kəsmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-nin 253.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. E-Məhkəmə İnformasiya sistemi çıxarışından görünür ki, X11 "xxxx" MMC-də mühəndis-inşaatçı vəzifəsində çalışır, aylıq 400 manat əmək haqqı alır. Məhkəmə baxışı zamanı sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü tarixdə Göyçay şəhəri, ünvan 2 ünvanda yerləşən ərazidə 02 ədəd nar kolunun və 01 ədəd əncir ağacının quru halda olan budaqlarını və 06 ədəd kol halda olan kiçik diametrli bir kökdən çıxan əncir ağacının kök boğazından kəsilməsi faktına görə X11 barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qərar qəbul edilmiş, X11 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilənərək 4000 manat inzibati qayada cərimə edilmişdir. İşin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 "xxxx" MMCdə mühəndis-inşaatçı vəzifəsində çalışır, onun "xxxx" MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik deyildir. Bundan başqa X11 barəsində inzibati xətaya baxılarlən iştirakının təmin edilməməsi və işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsini əks etdirən sübutlar məhkəməyə təqdim edilməmiş, qərarda törədilmiş inzibati xətanın törədilmə şəraiti, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, inzibati xətanın törədildiyi yerin, yəni torpaq sahəsinin mülkiyyətçisi və ya istifadəçisi müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məhkəmə X5 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X5 barəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdir. Ona görə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol üzrə qərar qəbul edilərkən X7 istinad edilən inzibati xətanın araşdılması hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1nun qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, 4000 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli inzibati xəta materialı yenidən baxılması üçün vəzifəli şəxsə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 4000 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. X11 barəsində inzibati xəta protokolu üzrə material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar