Məhkəmə qərarları › İş №3(046)-606/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-606/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-606/2023 12.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən Şirvan kanalının üstündə həmkəndlisi X7 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamış, bir qədər sonra yanlarına X4 da gəlmişdir. Təxminən 40 dəqiqə Əziz Əhmədov və Anar Şıxaliyev ilə birlikdə qumar oynamışlar. Qumar oynamağa başladıqdan təxminən 20 dəqiqə sonra həmkəndlisi X8 da yanlarına gəlmiş, lakin Sənan onlarla bərabər qumar oynamamışdır. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 izahat verərək bildirdi ki, Göyçay rayonu, Hacalıkənd kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində vaxt keçirməsi üçün küçəyə çıxmış, küçədə həmkəndliləri X1, X2 və Şəxs görərək onların yanına getmiş, onların 20 qəpikdən kartla qumar oynadığını görmüşdür. Təxminən 40 dəqiqəyə qədər onlar qumar oynayarkən yanlarında olmuş, lakin o, qumar oyununda iştirak etməmişdir. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Valeh oğlu xx.xx.2023-cü il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 1 manat 10 qəpik pul vəsaiti və 36 (otuz altı) ədəd kart müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar