Məhkəmə qərarları › İş №3(046)-884/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-884/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-884/2024 22.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci il tarixdə Göyçay rayonu, Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu, Çərəkə kəndi ərazisində keçirilən toy axşamı məclisində kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Samirin toy axşamı məclisinə qonaq getmiş, orada həmkəndliləri kartla qumar oynayarkən o, oyuna baxmaq üçün onların yanında əyləşmişdir. Daha sonra həmin yerə polis əməkdaşları gəlmiş, qumar oynayan şəxslər ilə birlikdə onu da polis şöbəsinə aparmaq istəyərkən o, polis əməkdaşlarına qumar oynamadığını, stolda sadəcə olaraq oyuna baxmaq üçün oturduğunu bildirmiş, lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onu rayon polis şöbəsinə apardılar. Polis şöbəsində olan vaxt onun adından yazılmış izahatı o yazmamış, yazılan izahat ona oxunmamış, orada yazılanlardan məlumatı olmamış, ona “narahat olma bura qol çək heç bir problem olmayacaq” deyilmiş, o da, polis əməkdaşlarına inanaraq adından yazılmış izahata imza çəkmişdir. Polis əməkdaşları oraya gələrkən qeyd aldıqları video görüntüdə onun qarşısında nə pul nə də ki, əlində kart olmamış, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunanlar tam olaraq əsassızdır. Göstərilənlərin heç biri həqiqətə uyğun deyildir. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən, xx xxxxxxx 1997-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Çərəkə kəndi ərazisində keçirilən toy axşamı məclisində pul vəsaitindən istifadə edərək oyun kartları ilə qumar oynunda iştirak etmişdir. Oyun zamanı 72 ədəd kart və 35 manat pul götürülmüşdür. - DVD diskə köçürülmüş video görüntüdən Şəxs kartla qumar oyununda iştirak etmədiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş Şəxs izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dizposiyasına əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs qumar oyununda iştirak etməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə Göyçay rayon polis şöbəsi tərəfindən təqdim olunmuş DVD disk video görüntüsündə Şəxs qumar oynunda iştirak etməsi halı müəyyən olunmamışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Göyçay rayon polis şöbəsinin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar