Məhkəmə qərarları › İş №3(049)-815/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-815/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-815/2025 25.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və və mübahisələndirilən inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X3 iştirakı ilə Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Qərarda və ona əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda X2 xx.xx.2025-ci il tarixdə saat 13:42-də, Lənkəran şəhəri, Ə.Vahid küçəsində idarə etdiyi Kia-Rio minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması ilə yol hərəkəti qaydalarını pozaraq inzibati xəta törətdiyi qeyd edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayonu Yol Patrul Xidmətinin baş inspektor polis baş leytenantı X5 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin, Lənkəran Rayon Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən aralarında 23 gün fərq olmaqla — yəni cari ilin 10 oktyabr və 2 noyabr tarixlərində - eyni maddə (İXM-nin 327.2) ilə iki dəfə inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri,şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, eləcə də məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Magistr təhsilli müəllim, 3 azyaşlı övlad atası və ailəsinin yeganə dolanışıq mənbəyidir. Hazırda ABB bank və digər şəxslərə qarşı böyük məbləğdə kredit borcları vardır. Bu hallar Məcəllənin 31.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edilməlidir. Yəni, nəinki məsuliyyəti yüngülləşdirən hallar araşdırılmamış, hətta qərəzli şəkildə cərimə edilməyi barədə xx.xx.2025-ci il tarixli qərar artıq dəyişdirilmədən Lənkəran Rayon Məhkəməsinin hakimi Nicat Ağabəyov tərəfindən qüvvədə saxlanılmışdır. Eyni maddə ilə 23 gün fərqlə iki dəfə cərimə olunmağı isə, xətanın təkrarlanması deyil, eyni xarakterli situasiyanın ayrı-ayrı hallarda eyni ölçü ilə qiymətləndirilməsidir. İnzibati hüquq tətbiqində ədalət prinsipi tələb edir ki, qərar şəxsin real sosial vəziyyəti və təqsirin dərəcəsi nəzərə alınmaqla fərdiləşdirilsin.İkinci cərimə - xx.xx.2025-ci il İXP ******* saylı inzibati xəta haqqında protokol ilə tanışlıq zamanı ona foto və ya video sübut təqdim edilməmiş, polis bölməsində də heç bir görüntü göstərilməmişdir. İXM-nə əsasən, inzibati xəta haqqında işə baxılarkən sübutlar təqdim olunmalı və şəxsə onlarla tanış olmaq imkanı verilməlidir. Bu hüquq ona verilməmişdir. Qərarı əldə etmək üçün xx.xx.2025-ci il tarixində Lənkəran şəhər-rayon Polis Bölməsinə yaxınlaşdığı zaman, orada çalışan polis əməkdaşı Asim (soyadı məlum deyil) ona “nə qədər mən Lənkərandayam, heç bir qərar ləğv olunmayacaq” demişdir. Bu cür ifadələr vətəndaşın hüquqlarını kiçildir və İnzibati icraat haqqında Qanunun təsbit edilmiş obyektivlik və bərabərlik prinsiplərinə ziddir. Hesab edir ki, bu cümlələri sadə vətəndaş, Azərbaycan müəlliminə işlətmək əvəzinə qərardan məhkəmə şikayəti etmək hüququnun ona izah edilməsi daha doğru olardı. Bir daha diqqətə çatdırır ki, üç uşaq atasıdır və ailəsinin yeganə dolanışıq mənbəyidir. Hazırda borcları olmasa, bu cəriməni haqsız olsa da, ödəyib nə məhkəməni, nə özünü narahat edərdi. Lakin, sonuncu cərimə edilməyi halında ümumiyyətlə ötmə hərəkəti deyil, yandan keçmə manevri təhlükəsizlik və zərurət səbəbindən icra etmişdir. Belə ki, ikinci hadisədə qarşıda hərəkət zamanı güclü qara tüstü buraxan yük avtomobili var idi. Tüstü səbəbindən onun üçün görmə məsafəsi və nəfəsalma şəraiti pisləşmiş, yol hərəkəti təhlükəsizliyi real risk altına düşmüşdü. Bu səbəbdən, qısa məsafədə və təhlükəsizliyi təmin etməklə yandan keçmə manevrini icra etmişdir. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən ərizəçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, barəsində tərtib edilən inzibati tənbehvermə haqqında qərar əsassızdır və cəriməni ödəyə biləcək maddi imkanı yoxdur. Törədilən əməlin son zərurət həddi ilə bağlı törədildiyini, yəni qarşısında hərəkət edən yük avtomaşını güclü qara tüstü buraxdığı üçün onu ötməyə məcbur olmuşdur. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X5 şikayəti qəbul etməyərək, izahatında bildirdi ki, 02 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Lənkəran şəhəri, Əliağa Vahid küçəsində xidmətdə olarkən həmin küçədə hərəkətdə olan Kia-Rio minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşının əks hərəkət istiqamətinə çıxaraq iki dəfə ötmə qaydalarını pozduğunu vizual olaraq müşahidə etmişdir. O, bu səbəbdən həmin nəqliyyat vasitəsini saxlamışdır. Sürücü özünü təqdim etdikdən sonra qayda pozuntusu barədə ona məlumat vermişdir. X1 şifahi izahatında bildirmişdir ki, ilkin ötmə qaydasını pozmasına səbəb qarşısında gedən yük maşının qara tüstü buraxması, ikinci nəqliyyat vasitəsini ötməsinə səbəb isə həmin nəqliyyat vasitəsinin asta sürətlə hərəkət etməsi olmuşdur. Beləliklə sürücü özü də şifah izahatında ötmə qaydasını pozduğunu etiraf etmişdir. Nəticədə sürücü Amid Məmmədovun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, o, törətdiyi inzibati xətaya görə 100 manat cərimə edilmişdir. Amid Məmmədovun inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Bu səbəbdən də şikayət tamamilə əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etdi. Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X5 tərəfindən məhkəməyə təqdim edilən CD diskdə olan video görüntüyə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, həmin video çəkiliş YPX-nin patrul avtomaşınında quraşdırılmış video qeydiyyatçı tərəfindən qeydə alınmışdır. Görüntüdə 02 noyabr 2025-ci il tarixdə saat 13:42 radələrində YPX-nin inspektoru hərəkətdə olan Kia-Rio minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayır. YPX inspektoru həmin avtomaşına yaxınlaşaraq, özünü təqdim edir və sürücüyə əks istiqamətə çıxmaqla ötmə qaydasını iki dəfə pozması barədə məlumat verir. Həmin yolda iki tərəfli hərəkət istiqaməti vardır və hərəkət istiqamətləri arasında düz xətt mövcuddur. Sürücü ilkin ötmə qaydasını pozmasına səbəb kimi qarşısında gedən yük maşınının qara tüstü buraxmasını, ikinci nəqliyyat vasitəsini ötməsinə səbəb isə həmin nəqliyyat vasitəsinin asta sürətlə hərəkət etməsini əsas kimi bildirir. YPX inspektoru sürücüyə yol hərəkət qaydalarını pozduğu barədə inzibati xəta haqqında protokolun tərtib edəcəyi barədə məlumat verir. Məhkəmə proses iştirakçısının izahatını, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən, Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda. “Yol patrul xidməti haqqında” Təlimatın 7.16 maddəsinə əsasən, Patrul postunda (marşrutunda) xidmət apararkən YPX inspektoru avtomobil yollarının şərait və vəziyyətinə, texniki tənzimləmə vasitələrinin (svetoforlar, yol nişanları və s.) saz vəziyyətdə olmasına, eləcə də yolun hərəkət hissəsində işlərin həyata keçirilməsinə nəzarət edir. Svetofor obyektlərinin, digər texniki tənzimləmə vasitələrinin işinin effektivliyinin müəyyən edilməsi məqsədi ilə nəqliyyat axınlarına vizual müşahidəni həyata keçirir və yol hərəkəti qaydalarının pozulma səbəblərini müəyyən edir, sutkanın vaxtından asılı olaraq ərazidə yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 32-ci maddəsinə əsasən İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardan biri də inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsidir. Həmin məcəllənin 19-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilr ki, Yol patrul xidmətinin əməkdaşına yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğunu vizual şəkildə aşkar etdikdə nəqliyyat vasitəsini idarə edən şəxsdən nəqliyyat vasitəsini dayandırmaq səlahiyyəti verilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilir ki, yol patrul xidməti əməkdaşı tərəfindən vizual müşahisə əsasında xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində ötmə qadağan edilmiş yolda, yəni Lənkəran şəhəri, Ə.Vahid küçəsində X2 Kia-Rio minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasını vizual müşahidə etməklə həmin nəqliyyat vasitəsini saxlamışdır. Həmin nəqliyyat vasitəsinin sürücüsü şifahi izahatında ötmə qaydasını pozduğunu etiraf etdiyini, lakin bunun qarşısında gedən yük maşınından tüstü çıxdığı üçün məcburiyyət qarşısında etdiyini bildirmişdir. İkinci ötmə əməliyyatını isə qarşısında gedən nəqliyyat vasitəsinin asta sürətlə hərəkət etməsi səbəbindən etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 şikayət ərizəsində qeyd etdiyi xüsusatlara, yəni ikinci hadisədə qarşıda hərəkət zamanı güclü qara tüstü buraxan yük avtomobilinin onun üçün görmə məsafəsinin və nəfəsalma şəraitinin pisləşməsinə yol hərəkəti təhlükəsizliyi real risk altına düşməsinə görə qısa məsafədə və təhlükəsizliyi təmin etmək üçün yandan keçmə manevrini icra etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bütün qeyd olunanları nəzərə və işdə oan sübutları araşdıraraq, məhkəmə belə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati orqan tərəfindən tam sübuta yetirilmişdir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin inspektoru, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikatət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar