Məhkəmə qərarları › İş №3(049)-840/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-840/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-840/2024 25.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X10, qərardan şikayət verən şəxs: X7, qərarından şikayət verilən orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfində qəbul edilmiş 04 sentyabr 2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək işim icraatına xitm verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2024-cü il tarixdə öz təsərrüfatı üçün istifadə etdiyi nəqliyyat vasitəsi (motosiklet) ilə evinə qum daşıyan zaman Lənkəran ŞRPŞ- nin əməkdaşları ona yaxınlaşaraq iradlarını bildirmiş və bu barədə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişlər. Sonradan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəmdə İXM-nə əsasən MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı çıxarılmışdır. Çıxarılmış qərarı alandan sonra nəzərdən keçirdikdə görmüş ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə onun inzibati xəta törətdiyim qeyd edilmiş və bu maddəyə görə 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilmişəm. Lakin, o qərarda göstərilərək təqsirli bilindiyimmaddə ilə razı deyil və həmin maddədə göstərilən inzibati xətanı törətməmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində işləyir. X9 barəsində qəbul edilmiş 04 sentyabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı polisdən daxil olmuş material əsasında qəbul etmişdir. Həmin materialda X7 törətdiyi əməli etirad edərək bütün sənədlərə imza etdiyindən o, da X3 İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Hazırda verilmiş şikayətə uyğun olaraq hər hansı qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 sentyabr 2024-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə aqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Göyşaban kəndi ərazisində icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ç-BM/4024-326 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən X5 inzibati qaydada 1500 manat məbləğində cərimə olunması barədə rəsmi məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerin təkini əli ilə qazaraq inzibati xəta törətmişdir. Nəticəsə İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə tərəflərin izahatını, şikayəti və mövcud sahədə olan qanunvericilik normalarını nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 228-ci maddəsinin tələbinə görə icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 243.0.1-ci maddəsinin tələbinə görə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Həmin Qanunun 7-ci maddəsinə əsasən Yerin təkindən istifadənin növləri aşağıdakılardır: geoloji və geoekoloji öyrənmə; faydalı qazıntıların çıxarılması; dağmədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması; mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Məhkəmə iclasında müəyyən edildi ki, X7 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerin təkini əli ilə kürək (lapatka) vasitəsi ilə qazmışdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 yerin təkindən istifadə edilməsi ilə bağlı hər hansı icazəsi yoxdur. Məhkəmə X6 tətbiq edilmiş İXM-nin 243.0.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərdən keçirərək, habelə X3 hərəkətlərini tədqiq edərək hesab edir ki, X7 inzibati xətaya yol versə də, protokol tərtib edən orqan tərəfindən onun əmli düzgün qiymətləndiriləməmişdir. Belə ki, İXM-nin 243.0.1-ci maddəsinin dispozisiyası yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Eyni zamanda yuxarıda şərh olunan «Yerin təki haqqında» Qanunun 8-ci maddəsinin tələbinə görə yerin təkindən istifadə yalnız müvafiq icazə alınmaqla həyata keçirilə bilər. Göründüyü kimi İXM-nin 243.0.1-ci maddəsinin tərkibinin əsas şərti icazə alındıqdan sonra həmin işlərin təhlükəsiz aparılması və ya standartlara uyğun aparılmamasını müəyyən edir. Yəni ilkin şərt kimi subyektin müvafiq orqandan icazə alması, həmin icazəyə malik olan şəxs kimi yerin təkindən istifadə etməsi və bu istifadənin qanunda nəzərdə tutulmayan qaydada həyata keçirilməsi təsbit edilmişdir. İcazə almadan yerin təkindən istifadə isə İXM-nin başqa maddəsi, daha dəqiq ifadə edilsə 228-ci maddəsi ilə əhatə olunur. Eləcə də, İXM-nin 243-cü maddəsinin adı da «Yerin təkindən istifadə qaydalarının pozulması», İXM-nin 228-ci maddəsi isə «İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə » kimi müəyyən edilmişdir. Məhkəmə iclasında, habelə inzibati xəta üzrə icraat aparılan zaman X3 yerin təkindən istifadə ilə bağlı icazə alması müəyyən edilməmişdir. Göründüyü kimi, X3 törətdiyi inzibati xəta əməli protokol tərtib edən orqan tərəfindən İXM-nin maddəsi ilə düzgün müəyyən edilməmiş və o, törətdiyi inzibati xətaya görə deyil, başqa əmələ görə cərimə edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 135.1.5-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi və ya ləğv olunması üçün əsaslardan biridir. İXM-nin 53-cü maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqdaiş üzrə icraata xitam verilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X7 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndi ərazisində icazə olmadan əli ilə kürək (lapatka) vasitəsi ilə qazmaqla yerin təkindən istifadə etmiş və nəticədə İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək, X7 İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində inzibati tədbiri təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 04 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar