Məhkəmə qərarları › İş №3(050)-550/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-550/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-550/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X3, X1nun iştirakı ilə, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında 22 fevral 2024-cü il tarixli, EQ 19592162 nömrəli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EQ 19592162 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 328.3-cü maddəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə edilmişdir. Qərarda “yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmaq” göstərilmişdir. Belə ki, anası xəstə idi və həkim tərəfindən xəstəliyinə uyğun ona iynə-dərman yazılmışdır. Tibb bacısı tərəfindən anasına vurulmuş iynələrin biri ona reaksiya vermişdir və o, təcili tibbi yardıma zəng vurmuşdur. Kəndləri dağ kəndi olduğu üçün təcili tibbi yardımdan ona bildirilmişdir ki, vaxtında çata bilməyəcəklər, bu səbəbdən də anasının həyatı təhlükəsini nəzərə alınaraq şəxsi avtomobili ilə anasını təcili tibbi yardıma çatdırmağı xahiş etmişlər. Ona görə də, anasının həyatını təhlükədən qorumaq, anasını ölümün pəncəsindən xilas etmək məqsədi ilə anasını şəxsi avtomobilinə qoyaraq təcili tibbi yardıma çatdırmışdır. Çox şükür olsunki anasının həyatını xilas edə bilmişdir. Lakin bunun üçün sürət həddini aşmaq məcburiyyətində qalmışdır. Həmin vaxtda E-Patrul tərəfindən sürət həddi ölçülərək sürət həddinin aşılması ilə bağlı inzibati qaydada 200 manat məbləğində cərimə olunmuşdur. Odur ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə protokolu tərtib edib vətəndaşı yüksək məbləğdə cərimə etmək ədalətsizlikdir. Qanunun tələblərinə görə hüquq mühafizə orqanlarının qəbul etdikləri protokol və qərarlar ədalət və humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm-insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Odur ki, qeyd edilən qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli EQ 19592162 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 22 fevral 2024-cü il tarixdə saat 17:54 radələrində Masallı- Ərkivan-Boradigah yolu ərazisində avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 49km/saat həddində aşdığından İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 22 fevral 2024-cü il tarixli EQ 19592162 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən təqdim dilmiş Kameranın nömrəsi: P112200319, Xətanın növü: 328.3-cü maddə, Xətanın yeri: Masallı rayonu Masallı-Ərkivan-Boradigah yolu, km Tarix: xx.xx.2024, saat 17:54:32 Qeydiyyat nömrəsi: 99DP595, Avtomobilin markası: Mersedes Benz E270 CDİ Minik avtomobili, Ərazidəki sürət limiti: 60 km/saat Faktiki sürət: 109 km/saat qeyd edilmiş fotoşəkildə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsində nəzərdə tutulmuş son zərurət həddinin aşılmasına yol verilməməsi halı müəyyən edilmədiyi və onun hərəkətinin inzibati xəta hesab olunmamasını istisna edən hərəkət olmadığı üçün şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş 22 fevral 2024-cü il tarixli EQ 19592162 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar