Məhkəmə qərarları › İş №3(051)-106/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-106/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-106/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs: X3 və müdafiəçisi Vəkil Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 3(051)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilmiş və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)- 19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə Fərhad oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 3(025)-873/2023 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə qaytarılmışdır. Barəsində qərar çıxarılmış X7 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi, əsasən şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sahibkar olmaqla, vergi ödəyicisidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından narazıdır. Belə ki, qərar formal qaydada yazılmış və onun izahatı nəzərə alınmamışdır. Sözügedən qərar qanuna müvafiq deyildir. Ümumiyyətlə, qərar qəbul edilməmişdən əvvəl protokol tərtib edilməlidir. Bundan sonra araşdırma aparılmaqla qərar qəbul edilməlidir. Lakin ondan heç bir izahat alınmamış, ümumiyyətlə, sözügedən məsələ araşdırılmamış, protokol və qərar eyni gündə formal olaraq tərtib edilməklə o cərimələnmişdir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərarda onun ata adı göstərilməmişdir. İşin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, guya o, İran İslam Respublikasının vətəndaşını işə götürmüşdür. Lakin bu həqiqətə uyğun deyildir. O, heç kimi işə götürməmişdir. O, iş yerində texniki avadanlıqların təmir olunması ilə əlaqədar "xxxx" MMC ilə müqavilə bağlamaqla xidmət göstərilməsi ilə bağlı razılığa gəlmişdir. Lakin həmin vaxta kimi "xxxx" MMC-nin direktoru olmuş Mohsen Nasirpour onunla bağlanmış müqavilə şərtlərinə uyğun xidmətləri tam olaraq yekunlaşdırmadığı üçün ödəniş etməmişdir. X16 əmək qanunvericiliyinə uyğun olaraq heç bir əlaqələsi olmamışdır. Belə bir qanun pozuntusu olsa, onu əlavə olaraq Əmək Müfəttişliyi məsuliyyətə cəlb edərdi. Bunlar həqiqi deyildir. Xidmət müqaviləsi ilə nəzərdə tutulmuş razılaşmanı ona işə götürmə kimi yazmaq haqsızlıqdır. "xxxx" MMC-nin rəhbəri olan Mohsen Nasirpour özü işəgötürəndir və işçi sayıla bilməz. Əgər qanun pozuntusu varsa, onda "xxxx" MMC-nin təsis edilməsinə Dövlət Vergi Xidməti razı olmazdı və onun xidmət müqaviləsi üzrə xidmət etməsinə etiraz edib onu və ya onları cərimə edərdi. Onun guya bununla bağlı olan qaydaları pozmağı göstərilmişdir. Lakin qeyd etdiyi kimi onun səlahiyyəti və imkanları xaricindədir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi isə yalnız X13 Regional Miqrasiya İdarəsinin inzibati binasında verdiyi izahata istinad edir. Halbuki, həmin izahatda onun rəsmi işləməsi, yəni əmək funksiyasını yerinə yetirməsi ilə bağlı heç bir hal müəyyən edilmir. Ondan başqa izahatın Mohsen Nasirpour tərəfindən yazılması da şübhəlidir. Belə ki, X17 İslam Respublikasının vətəndaşı olduğuna görə onun latın qrafikalı azərbaycan əlifbası ilə izahat yazması inandırıcı deyildir. Belə olan halda xətti ekspertizanın keçirilməsi zərurəti yaranır. Hazırda isə Mohsen Nasirpour Azərbaycan Respublikasından məcburi qaydada çıxarılmışdır. Bu halda qarşı tərəfin istinad etdiyi yeganə sübutun mötəbərliyi şübhə doğurur. Bu isə həmin izahatın sübut növü kimi qəbul edilməsini istisna edir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 və müdafiəçisi Vəkil məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mohsen X2 mühəndis kimi dəvət etmiş və işə götürməmişdir. Aralarında xidmət müqaviləsi bağlanmışdır. Ona maaş verilməmişdir. Müqaviləyə görə iş görüldükdən sonra ona ödəniş edilməli idi. İzahat onun özü tərəfindən yazılmamış, ancaq özü tərəfindən imzalanmışdır. İzahatı alınarkən xarici ölkənin vətəndaşı olduğu və latın qrafikası ilə oxuyub-yaza bilmədiyi üçün ona tərcüməçi və müdafiəçi təyin olunmalı idi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Qanunun tələbini pozaraq İran vətəndşını X4 işə götürmüşdür. xx.xx.2023-cü il tarixindən X7 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikasının vətəndaşı Mohsen Nasirpour işə cəlb edilməsi müəyyən olunmuşdur. Bu faktı Mohsen Nasirpour özü də izahatı ilə təsdiq etmişdir. Bununla da Teymur Məmmədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Teymur Məmmədov dəvət edilsə də, inzibati xəta haqqında protokolun tərtib edilməsində və inzibati xəta haqqında işə baxılmasında iştirak etməmiş, bununla belə onun etibarnamə üzrə nümayəndəsi X12 iştirak etmişdir. X3 barəsində çıxarılan qərar qanuni və ədalətlidir. İran İslam Respublikasının vətəndaşı Mohsen Nasirpour "xxxx" MMC-ni təsis etdiyi görüntü xatirinə, yəni iş icazəsi almaqdan yayınmaq üçün təsis etmişdir. Əslində həmin MMC-nin heç bir fəaliyyəti olmamışdır. Hesab edir ki, barəsində qərar çıxarılmış X3 şikayəti əsassızdır. Mohsen Nasirpour izahatında bildirmişdir ki, 9-dan 6-a kimi X3 yanında işlədiyini ayda 1000 manat maaş aldığını, həmçinin işəgötürən tərəfindən ona yemək və yatmaq yeri verildiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, tərəfin müdafiəçisi qeyd edir ki, izahat Mohsen Nasirpour tərəfindən yazılmamış digər şəxs tərəfindən yazılmışdır. Halbuki, bir neçə il əvvəl onun izahatı alınmış və hər iki izahatda eyni xətdir. Həmçinin bildirmək istəyir ki, Mohsen Nasirpour 2009-2010-cu illərdən Azərbaycana gəlir və Azərbaycan dilində sərbəst danışıb yaza bilir. Mohsen X1 evinə bir neçə dəfə ayrı-ayrı vaxtlarda qeydiyyata düşür və onun ünvanında qalır. Əgər bu doğrudan da Mohsen Nasirpourun həqiqətən şirkəti varsa, nəyə görə şirkətin özündən başqa işçisi yoxdur, şirkət olaraq nəyə görə X5 göstərdiyi xidmətlərdən başqa digər şəxslərlə iş görməmişdir. Həmçinin şirkət olaraq dövlətə nə qədər verdi ödədiyi sübut kimi məhkəmədə yoxdur. Mohsen Nasirpourun izahatı alınarkən tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir. Odur ki, məhkəmədən şikayətin rədd edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İran İslam Respublikası vətəndaşı və hal-hazırda da İran İslam Respublikasında yerləşən bu səbəbdən də video görüntü ilə dindirilmiş Mohsen Nasirpour ifadəsində göstərdi ki, izahatı latın qrafikası ilə yaza bilmədiyi üçün o yazmamışdır. Amma əməkdaşlar ətərəfindən yazılmış və imzanı o çəkmişdir. Lakin ona izahatda yazılanlar ucadan oxunmamışdır. İzahatım alanarkən ona nə müdafiəçi, nə tərcüməçi təyin edilməmişdir. O, X3 yanında aylıq maaşa işləməmişdir. Elə aylıq maaşa işləyəndirsə, İranda qalıb işləyərdi də. Bir də Azərbaycana niyə gəlirdi ki. Zavodun təmiri ilə əlaqədar gəlmişdir. 5000 manata danışmışlar. Xidməti müqavilə əsasında fəaliyyət göstərirmiş. Hər gələndə hansı şirkət hansı hoteldə yer tutsa, orada qalırmış. Axırıncı dəfələr gələndə Teymurda boş ev olduğu üçün orada qalmışdır. 2019-cu ildə hüquqi şəxs yaratmışdır. Korona ilə əlaqədar iş olmadı. Elə yollar açılanda ilk dəfə Teymurgildə işə başlamışdır. Məhkəmə şikayətin dəlillərini, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin, barəsində qərar çıxarılmış X3 izahatını, şahid qismində dindirilmiş şəxsin ifadəsini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin şöbə rəisi, miqrasiya xidməti müşaviri X8 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan sahibkar X7 ilə "xxxx" MMC-nin direktoru Mohsen Nasirpour arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/01 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, sifarişçi sahibkar Teymur Məmmədov stasionar və mobil beton zavodlarının təmir və bərpa işlərini sifariş verib icraçı "xxxx" MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada beton zavodlarının təmir bərpa xidmətlərini öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda və hesab-fakturada qeyd edilir. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər. İşə əlavə edilmiş X7 barəsində tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokoldan görünür ki, Teymur Məmmədov protokolun tərtib edilməsində iştirak etməmiş, onun etibarnamə üzrə nümayəndəsi X12 iştirak etmiş, protokolun surəti Teymur Məmmədova xx.xx.2023-cü il tarixli, 19/204 nömrəli məktubla göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən İXM-in 578.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında MN ******* nömrəli protokolun və xx.xx.2023-cü il tarixli 19/205/QD nömrəli inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadın surətlərinin ona göndərilməsi göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadının surətindən görünür ki, Teymur Məmmədov barəsində inzibati xəta haqqında işin baxılması xx.xx.2023-cü il tarixinə, saat 11:00-a təyin olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli inzibati xəta haqqında işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardadının surətindən görünür ki, Teymur Məmmədovun inzibati xəta haqqında iş üzrə icraatda iştirakının zəruriliyini nəzərə alaraq, barəsində inzibati xəta haqqında işin baxılması xx.xx.2023-cü il tarixə dəyişdirilmişdir. İşə əlavə edilmiş 42 və 52 nömrəli reyestrlərin surətindən görünür ki, X5 qərardad, 2 nüsxə protokol, ******* nömrəli protokolun və 19/224/QD nömrəli qərardadın surəti göndərilmişdir. İşə əlavə edilmiş Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, poçt vasitəsilə Teymur Məmmədova göndərilmiş məktub xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İşə əlavə edilmiş X6 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Mingəçevir şəhərində yerləşən İncilli yaşayış massivi ərazisində yerləşən beton zavodun direktoru Teymur Məmmədovun oğludur, həmin zavodda işlərə köməklik göstərir, İran İslam Respublikasının vətəndaşı Mohsen Nasirpour ilə sahibkar Teymur Məmmədov arasında beton zavodun təmiri ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, bir aydır, beton zavodda beton qarışdıran qurğunun təmiri ilə məşğuldur, iş saatı 09:00-dan 17:00-dəkdir, görüləcək işin müqabilində işlər yekunlaşandan sonra elektron qaiməyə əsasən ona ödəniş ediləcəkdir. İşə əlavə edilmiş X9 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixindən etibarən Mingəçevir şəhərində yerləşən İncilli yaşayış massivi ərazisində yerləşən Teymur Məmmədova məxsus beton zavodda təmir işləri aparır, gündəlik iş rejiminə uyğun olaraq saat 9-dan 6-dək işdə olur, görülən işdən asılı olaraq aylıq əmək haqqı alır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 10 manat, 100% pay hüququ ilə təsisçisi və rəhbəridir. İşə əlavə edilmiş Teymur Məmmədov tərəfindən məhkəməyə təqdim edilmiş sahibkar Teymur Məmmədova məxsus beton hazırlayan qurğuda işləyən işçilərin siyahısından görünür ki, İran İslam Respublikasının vətəndaşı Mohsen Nasirpourun adı həmin siyahıda yoxdur. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol X3 iştirakı olmadan tərtib edilmiş, bununla belə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun ünvanına göndərilmişdir. X5 inzibati xəta haqqında işin baxılmasında iştirak etmək üçün qərardada gönədirilsə də, bildiriş göndərilməmiş, beləliklə də, işə baxılmasına ona 5 gün qalmış rəsmi məlumat verilməli olduğu halda, barəsində qərar çıxarılmış şəxsə məlumat verilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması ona izah olunmamış, müdafiəçidən imtina etməsinin maddi vəziyyəti ilə bağlı olmamasına dair ərizə alınmamış, inzibati xəta haqqında qərar qəbul edilərkən, barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılmasında barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X3 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin səlahiyyətli vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həll edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X7 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, X7 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Teymur Məmmədov Azərbaycan Respublikası İXM-in 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında xx.xx.2023-cü il tarixindən X7 tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan İran İslam Respublikasının vətəndaşı Mohsen Nasirpour işə cəlb edilməsinin müəyyən olunduğunu göstərmişdir. Halbuki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.13-1-ci maddəsinə görə Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə) iş icazəsinin alınması tələb olunmur. Azərbaycan Respublikası İXM-in 578.1ci maddəsi işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X3 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 100% pay hüququ ilə təsisçisi və rəhbəridir və bağlanmış ikitərəfli müqavilə əsasında hüquqi şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq, X5 məxsus beton zavodunun təmir bərpa xidmətini həyata keçirmişdir. Miqrasiya Məcəlləsinin göstərilən normasının tələbinə görə isə ona iş icazəsinin alınması tələb olunmur. X3 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Nəticədə, vəzifəli şəxs tərəfindən X7 barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 578.1-ci maddəsinin tələbinin pozulması və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin əməlində məhz İXM-in 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübut olunmadığından, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici sadalanan hüquq normalarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X3 əməlində İnzibati Xətalar Məcəlləsinin məhz 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını mötəbər sübutlar əsasında müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin əhəmiyyətli dərəcədə pozulmasını və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamasını müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi əsaslı deyildir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar