Məhkəmə qərarları › İş №3(051)-118/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-118/2020

10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-118/2020 10.03.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 20.01.1962-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, ali təhsilli, Mingəçevir Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 10 ünvanında yaşayan x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsidan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən x4 barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən tərtib olunmuş 15-02 saylı protokoldan görünür ki, Mingəçevir Bələdiyyəsinin inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim etməli olan 30 yanvar 2020-ci il tarixli 02 №-li qərarının (aktlarının) surəti “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbləri pozularaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana qəbul edildiyi andan 15 gün müddətinə göndərməli olduğu halda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə) həmin müddətdən gec (14 yanvar 2020-ci il tarixdə) göndərilmişdir. Mingəçevir Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi x1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən onlar barəsində inzibati protokol tərtib edilmişdir. Protokolun tərtib olunmasına səbəb 30 yanvar 2020-ci il tarixli 02 №-li qərarının (aktlarının) surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə göndərmək olsa da onlar tərəfindən sözügedən qərar (aktların) surətləri qanuna müvafiq olaraq 15 gün ərzində yəni 14 fevral 2020-ci ildə göndərilmişdir. Bu barədə sənədləri də təqdim edir. Onların əməlində heç bir inzibati tərkib yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin mənasına Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, x3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Belə ki, İXM-nin 549.2-ci maddəsinin mənasına görə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulsa da 30 yanvar 2020-ci il tarixli 02 №-li qərarının (aktlarının) surəti 14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə göndərilmiş və sözgedən 15 gün müddət ötürülməmişdir. Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin tərəfindən göstərilən inzibati xətanın törədilməsi müəyyən olunmur. İş materiallarına əlavə olunmuş poçt qəbzindən və məktubun göndərilməsi barədə qeydiyyat kinabının surətindən görünür ki, 30 yanvar 2020-ci il tarixli 02 №-li qərarının (aktlarının) surəti 14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. x3 əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən x4 barəsində Azərbaycan Republikası İXM-nin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar