Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-807/2025 24.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, şikayət vermiş şəxs X3 vəkili Vəkil iştirakı ilə X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubkkası Səhiyyə Nazirliyinin 2 1 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə o, AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat cərimə olunmuşdur. Sözügedən qərar ona bir neçə gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə gəlmişdir. İnzibati xəta haqqında qərar belə əsaslandırılmışdır ki, AR Səhiyyə Nazirliyi X2nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən, xx.xx.2025-ci il tarixdə saat 13:55-də Mingəçevir şəhəri, N.Nərimanov ev 8 və 10 nömrəli binanın arasında fəaliyyət göstərən fərdi sahibkar X3 lisenziya olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması (kosmetoloji lazer epilyasiya) faktı plandankənar yoxlama zamanı aşkarlanmışdır. AR Səhiyyə Nazirliyi lazımi araşdırma aparmadan və işin hallarını hərtərəfli araşdırmadan əsassız qərar tərtib etmişdir. İnzibati orqan öz qərarında özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verildiyini göstərsə də lazer epilyasiyanın tibbi xidmət hesab olunub-olunmamasını müəyyən etməmişdir. Belə ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısında qeyd olunan "dermatoloji" iş üzrə tibbi xidmətin göstərilməsi dəri xəstəliklərinin müalicəsini nəzərdə tutur. Öz növbəsində, dermatologiya, dəri və onun əlavələrinin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahədir. Siyahıda qeyd olunan 'kosmetoloji' iş üzrə tibbi xidmətlərin göstərilməsi isə tibbin bir sahəsi olub, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, masaj üsulları, plazmoliftinq, "prp" və s. aid oluna bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında kosmetoloji xidmətin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə aid olmaqla özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aid olması göstərilsə də, lazer epilyasiyasının kosmetoloji xidmətlərə aid olmasına dair hər hansı xüsusat öz əksini tapmamışdır. Belə olan halda onun barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə və inzibati tənbehə məruz qalmağına əsas olan halı təsdiq edən Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan hər hansı hüquq norması olmadan inzibati məsuliyyətə cəlb edilməyi tamamilə əsassız olmaqla AR İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə bir araya sığmır. Göstərilənlərə əsasən, inzibati xəta təşkil edən əməlin tərkibi aktda əks edilmədiyi bir halda, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağı qanuna uyğun deyil. Çünki lazer epilyasiya xidməti sadəcə tüklərin təmizlənməsi ilə bağlı xidmət olmaqla, dəriyə hər hansı bir tibbi müdaxiləni əks etdirmir. Lazer epilyasiyası (depilyasiya) xidmətini təkcə kosmetoloqlar göstərmir. Bu xidməti lazer epilyasiya və depilyasiya mütəxəssisi də göstərir. Özü də lazer epilyasiya və depilyasiya mütəxəssisinin ayrıca peşə standartı da təsdiq edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2022-ci il tarixli, **********9 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Lazer epilyasiya və depilyasiya mütəxəssisi” peşə standartında lazer epilyasiya və depilyasiya mütəxəssisinin lazer epilyasiyası (depilyasiya) xidməti göstərmək hüququ nəzərdə tutulub. Peşə standartında kosmetoloqdan fərqli olaraq lazer epilyasiya və depilyasiya mütəxəssisinin tibb təhsilinin olması və müvafiq diploma malik olması tələb edilmir. Onun yalnız lazer-epilyasiya kursunda iştirak etməsi və müvafiq sertifikata sahib olması tələbi nəzərdə tutulub. Bu isə tibb fəaliyyəti sayılmadığına görə həmin xidmətin lisenziyalaşdırılması da tələb olunmur. Bununla yanaşı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli Qərarında da lazer epilyasiya ixtisası “Bərbərlik” ixtisas qrupuna daxil olduğu göstərilmişdir. Digər tərəfdən AR Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. AR Səhiyyə Nazirliyi X2nin əməkdaşları tərəfindən aparılan plandankənar (növbədənkənar) yoxlama qanunun tələblərinə ziddir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun 16-cı maddəsində bu barədə şərtlər əks olunmuşdur. Barəsində AR Səhiyyə Nazirliyinə ünvanlanmış şikayət tamamilə formal xarakter daşımış, saxta mail səhifəsi açılaraq edilmişdir. Bu günə qədər onların barəsində hər hansı real şikayət olunmamış, müştəriləri hər zaman onlardan məmnun olmuşdurlar. Yəni, plandankənar yoxlamanın aparılması əsası kimi göstərilən şikayətin kim tərəfindən edildiyi məlum olmadığı kimi, həmçinin həqiqəti də əks etdirmir. Göstərdiyimiz xidmət insan həyat və sağlamlığına hər hansı təhlükə yaratmır. Odur ki, Azərbaycan Respubkkası Səhiyyə Nazirliyinin 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı: X1 vəkili Vəkil şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, lazer-epilyasiya aparatı kosmetoloji fəaliyyət növündə sayılmadığından müvafiq lisenziyanın verilməsi qeyri mümkündür. Odur ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın təqdim etdiyi materiallar şikayətçinin təqsirini sübuta yetirmədiyindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmədə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 8 və 10 ünvanlarının arasında yerləşən obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərilməsi faktı aşkar edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:25-də ünvan 1 ünvanda fərdi sahibkar X3 lisenziya olmadan özəl praktik tibb fəaliyyəti (kosmetoloji, lazer epilyasiyası) göstərilməsi faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli T-376 №li özəl tibb müəssisəsinin plandankənar yoxlama aktından görünür ki, ünvan 1 ünvanda yerləşən “X9” adlı təsərrüfat obyektində (fərdi sahibkar X6) plandankənar yoxlama keçirilmişdir. Xidməti yoxlama zamanı müəssisədə kosmetoloji işə aid fəaliyyət (lazer üsulu ilə epilyasiya prosedurları) aşkarlanmışdır. Fərdi sahibkar X3 aidiyyəti üzrə rəsmi izahatı götürülmüşdür. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Sahibkar keçirilən yoxlamaya heç bir etirazı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-1194/2025 saylı qərarından görünür ki, fərdi sahibkar X3 (VÖEN **********) müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. X6 tərəfindən Səhiyyə Nazirliyi X2 Publik hüquqi şəxsinə verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, təqribən 2 aydır ki, lazer epilyasiya xidməti göstərirlər. Lisenziya ilə bağlı olaraq qeyd etmişdir ki, sənədləşmə işləri aparırlar və yaxın gələcəkdə lisenziya almaq üçün müraciət edəcəklər. Lazer epilyasiya prosedurlarını əmək müqaviləsi ilə işçisi olan Əliyeva Gülnarə icra edir. Lazer epilyasiyası üzrə kurs keçmişdir və sertifikatı vardır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.1-ci maddəsi ilə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 210.1. Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Kosmetoloji iş üzrə ambulator tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziya əldə etməlidirlər. Bu müəssisələrdə kosmetoloji iş üzrə ambulator tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, eyni zamanda daxil olmuş şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan, bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər. Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdır. Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan, bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər. Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdır. Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır. O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir. Müsbət rəy nəzərə alınmaqla müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun kosmetoloji iş üzrə müvafiq lisenziya verilə bilər. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” və digər normativ aktlarla qiymətləndirilir. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub və tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etməklə AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən X4 5000 manat məbləğində cərimə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 lisenziya olmadan fərdi sahibkar olaraq ünvan 2 ünvanda yerləşən “X9” adlı lazer epilyasiya salonunda fəaliyyət göstərir. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan fotoşəkillər və X3 izahatı qeyd edilən fəaliyyətin göstərilməsini təsdiq etmişdir. Həmçinin şikayətçi tərəfindən səlahiyyətli orqana verdiyi izahatında müvafiq fəaliyyət ilə məşğul olması üçün lisenziya alınmasına müraciət edəcəyi qeyd edilsə də, bununla bağlı hər hansı bir addım atılması müəyyən edilməmişdir. Məhkəmə şikayətçi tərəfin izahatını dinləyib, iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməməli, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.1, 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-807/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-807/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver