Məhkəmə qərarları › İş №3(055)-126/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-126/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-126/2023 16.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Protokol tərtib etmiş Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) aparatının mümayəndəsi X6 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) aparatından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş 26 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X15 Mərkəzinin direktoru Şəxs tərəfindən informasiya sorğusu üzrə sorğuçunun hüquqları və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.5 və 21.3-cü maddələrinin tələbləri pozularaq İXM-nin 374.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) aparatının mümayəndəsi X4 izahatında göstərdi ki, vətəndaş X13 Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə(Ombudsman) müraciət edərək Saatlı X15 Mərkəzinə ünvanladığı 12 dekabr 2022-ci il tarixli informasiya sorğusuna əsassız imtina cavabı verilməsindən şikayət etmişdir. Şikayət tərəflərindən araşdırılmış və Saatlı X15 Mərkəzinin direktoru Şəxs tərəfindən informasiya sorğusu üzrə sorğuçunun hüquqlarının və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.5 və 21.3-cü maddələrinin maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) aparatının mümayəndəsi X1 Elvin Kamaladdin oğlu ilə eyni məzmunlu izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. X16 Saatlı X15 Mərkəzinə sorğu ünvanlayarkən şəxsiyyət vəsiqəsini təqdim etməmiş, həmçinin cavablandırılması tələb olunan bəzi informasiyalar maliyyə sirri olmuşdur.Bu səbəbdən də sorğunun cavablandırılmasından imtina olunmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X5 nümayəndəsi olduğu Şəxs ilə eyniməzmunlu izahat verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 10.4.4-10.4.5-ci maddələrinə görə informasiya sahibi açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır. İnformasiya sahibi sorğuçuya kömək göstərməlidir Həmin Qanunun 21.3-cü maddəsinə görə informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinin dispozisiyasına görə informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sorğuçu X13 tərəfindən Saatlı X15 Mərkəzinin direktoru Şəxs ünvanlanmış 12 dekabr 2022-ci il tarixli informasiya sorğusuna infromasiya sahibi tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.5 və 21.3-cü maddələrinin tələbləri pozularaq aydın olmayan və əsaslandırılmamış imtina cavabı verilmiş, nəticədə İXM-nin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında vermiş olduğu izahatında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmadığını, X19 X15 Mərkəzinə sorğu ünvanlayarkən şəxsiyyət vəsiqəsini təqdim etmədiyi, həmçinin cavablandırılması tələb olunan bəzi informasiyaları maliyyə sirri olması ilə əlaqədar imtina cavabı verdiyini göstərsə də, bu hal iş materialları ilə təkzib olunur. Odur ki, məhkəmə qeyd olunanları özünü müdafiə halı kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki,Şəxs İXM-nin 17-ci maddəsinin tələbləri baxımından vəzifəli şəxs hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Saatlı X15 Mərkəzinin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar