Məhkəmə qərarları › İş №3(056)-1285/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1285/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1285/2025 01.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 iyul 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs Şəxs tərəfindən 01 iyul 2025-ci il tarixli, 001061 saylı yazılı göstəriş tam və vaxtında icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, həmin bildirişin onun tərəfindən qəbul edilmədiyini və qeyd edilmiş ödənişləri vaxtı vaxtında etdiyini bildirdi. O, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. Məhkəmə materiallara inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 29 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 01 iyul 2025-ci il tarixli, 001061 saylı yazılı göstərişin tam və vaxtında icra edilməməsi faktı müəyyən edilmiş, bu səbəbdən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati xəta haqqında protokola əlavə edilmiş 01 iyul 2025-ci il tarixli, 001009 saylı aktdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Ev alqı-satqı Mərkəzi” obyekti müvafiq icra sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlamışdır. 01 iyul 2025-ci il tarixli, 001061 saylı yazılı göstərişdən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən “Ev alqı-satqı Mərkəzi” obyektinə həmin yayımın dayandırılması və 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə müvafiq icazənin alınması müraciət edilməsi tələb edilmişdir. Məhkəmənin əvvəlki iclasında təqdim edilmiş qəbzdən görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən müqavilə üzrə hesablanmış yayım haqqı tam ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, 01 iyul 2025-ci il tarixli, 001061 saylı yazılı göstərişdən görünür ki, fərdi sahibkar Şəxs akt əlavə edilməkə göndərilmişdir. Lakin həmin göstərişin göndərilməsi barədə qaimədən 14 iyul 2025-ci il tarixdə imzası fərqli olan şəxs tərəfindən qəbul edildiyi müəyyən edilmişdir (əlavə edilmiş qaimədə olan imza başqa şəxs məxsusdur, ərizəsində olan imza ilə vizual baxdıqda tam fərqlidir). Bu səbəbdən də Şəxs həmin göstərişdən xəbərdar olması müəyyən edilmir. Göstərişə əlavə edilmiş 01 iyul 2025-ci il tarixli, 001009 saylı akt Şəxs iştirakı olmadan tərtib edilmişdir. 29 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs imtinası qeyd edilmişdir. Həmçinin protokolun surətinin 30 iyul 2025-ci il tarixdə Şəxs ünvanına göndərilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Protokol tərtib edilməmişdən qabaq Şəxs rəsmi qaydada xəbərdar edilməsi əlavə edilmiş sənədlərdən aşkar edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Protokol tərtib edilməmişdən qabaq müvafiq qanun pozuntularının aradan qaldırılması barədə 01 iyul 2025-ci il tarixli, 001061 saylı yazılı göstərişdən Şəxs məlumatı olmadığından hüquqlarından istifadə edə bilməmiş, rüsumun ödənilməsi və qanun pozuntularının aradan qaldırılması imkanından məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə vəzifəli şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov İş № 3(056)-1113/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU SABİRABAD RAYON MƏHKƏMƏSİ 15 iyul 2025-ci il Sabirabad rayonu Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad Rayon Statistika İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. İclas saat 11:20-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta törətmiş şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştiraklarını təmin etməyərək bunun səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib qərara alır: Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törədən şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 11:25-də bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar