Məhkəmə qərarları › İş №3(056)-800/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-800/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-800/2025 02.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN No ******* nömrəli İnzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardad tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN No ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sabirabad rayonunun Qarağac kəndində yerləşən Şəxs-də xx.xx.2025-ci il tarixdə “X11” adlı toyuq qanadının üzərində 1 kq qiyməti 5.49 manat göstərilməsinə baxmayaraq, kassada 6.19 manatdan hesablanaraq satılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X5 bildirdi ki, vətəndaş X1 mərkəzinə müraciət edərək, xx.xx.2025-ci il tarixində Sabirabad rayonunun Qarağac kəndində yerləşən Şəxs-də qiymət intizamının pozulması ilə rastlaşmasını göstərmişdir. Belə ki, malın üzərində qiyməti 6.60 manat qeyd edilməsinə baxmayaraq, kassada ondan 7 manat tələb edilmişdir. Bu barədə müvafiq marketin kassa çeki, satılmış malın fotoşəkili ünvanlanmış, araşdırma zamanı həqiqətən də qiymət intizamının pozulması müəyyən edilmiş, ona görə də müvafiq protokol tərtib edilmişdir. Hazırda o, məhkəmədən MMC barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, Siyəzən qanad təkcə Şəxs-də satılmır. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan hansı sübuta əsaslanır ki, şəkli çəkilmiş qanad məhz Şəxs tərəfindən satılmışdır? Hər hansı avtomobilin arxa oturacağında çəkilmiş şəkil sübut kimi nəzərə alına bilməz. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisəsinin olmasını mötəbər sübutlarla sübuta yetirməlidir ki, müvafiq protokol tərtib etməsinə əsas olsun. Lakin işdən də göründüyü kimi, işdə belə bir sübut yoxdur. Hər hansı nə videoçəkiliş aparılmış, nə də izahatlar alınmamışdır. Əgər belə bir qayda pozuntusu var idisə, vətəndaş onlara da müraciət etmiş olardı, onlar da araşdırardı, video görüntüləri çıxarıb baxış keçirərdilər və müvafiq tədbir görərdilər və ya araşdırma ilə əlaqədar protokol tərtib etmiş orqanın nümayəndəsi marketə yaxınlaşardı, müraciət edərdi, videogörüntülər çıxarılardı. Malları təchizatçı mağazalara paylayır. Ona görə də müxtəlif mağazalara paylanılan malların çəkisi də eyni ola bilər. Bundan əlavə, araşdırma barədə MMCyə məlumat da verilməmişdir. Çünki MMC-nin ofisi “Azure” Biznes Mərkəzində yerləşir və məktublar orada ofislərə deyil, aşağıda yerləşən qəbul şöbəsinə verilir ki, oradan da MMC-yə bu işlə bağlı hər hansı məktub daxil olmamışdır. Beləliklə o, hesab edir ki, MMC-nin əməlində qeyd edilən inzibati xəta hadisəsinin tərkibinin mövcud olması hər hansı mötəbər sübutla təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, bu barədə müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatına münasibətdə bildirdi ki, inzibati xəta hadisəsinin mövcudluğu iş materiallarında olan kassa çeki ilə tam sübuta yetir. Həmin çekdə malın çəkisi, qiyməti dəqiq olaraq göstərilmişdir. Çekdə iki məhsul göstərilmiş, onlardan birində heç bir problem olmamışdır. Həmin çekdə mağazanın adı, ünvanı da dəqiq olaraq göstərilmişdir. Nümayəndənin göstərmiş olduğu istinadlar əsassızdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Ona görə də o, müvafiq tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iş materialları ilə də müəyyən edilmişdir ki, həqiqətən də Sabirabad rayonunun Qarağac kəndində yerləşən Şəxs-də xx.xx.2025-ci il tarixdə “X11” adlı toyuq qanadının üzərində 1 kq qiyməti 5.49 manat göstərilməsinə baxmayaraq, kassada 6.19 manatdan hesablanaraq satılmışdır. Bu hal inzibati xəta haqqında protokola əlavə edilmiş kassa çeki, vətəndaş müraciəti və vətəndaşa satılmış malın fotoşəkili ilə tam sübuta yetirilir. İş üzrə ixcraata xitam verilməsinə əsas olan hər hansı hal mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən qeyd olunan inzibati xətanın törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və həmin təşkilatın törətdiyi inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 50, 110-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar