Məhkəmə qərarları › İş №3(060)-1004/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1004/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1004/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru X2 Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə İXM-nin 327.2-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər DYPŞ-yə şikayət ünvanlanmış və xx.xx.2025-ci il tarixdə şikayətində göstərilən nüanslar nəzərə alınmadan barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. İşin mahiyyəti ilə bağlı bildirir ki, xx.xx.2025-ci il tarixində saat 14:57 radələrində idarə etdiyi **-LP-*** dövlət qeydiyyat nişanlı "Kia Forte" markalı avtomobillə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə Sülh küçəsinin kəsişməsində yerləşən svetofora yaxınlaşarkən, svetoforun yaşıl işığı yandığı üçün sola dönmə əməliyyatını yerinə yetirmişdir. Qeyd etmək istəyir ki, həmin svetoforun tərkibində sola dönmə və ya digər istiqamətlər üçün ayrıca bölmə mövcud olmamış, yalnız düz istiqamətə aid olan siqnal işığı yerləşdirilmişdir. Onun sola dönmə hərəkəti isə bu siqnalın yaşıl olduğu vaxtda baş vermişdir. Qeyd olunan ərazidə məcburi hərəkət istiqamətini göstərən yol nişanı yalnız düz istiqamətə hərəkətə icazə verirdi. Bu isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə) aid edilə bilərdi. Lakin barəsində tərtib olunmuş protokol 327.2-ci maddə üzrə (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə) yazılmışdır və o həmin anda svetoforun yaşıl siqnalına əsasən hərəkət etmişdir. Hərəkətini svetoforun yaşıl işığı yandığı halda və yaşıl dairəvi işıqda düz istiqaməti göstərən qara ox olan zaman sola dönməklə davam etdirmişdir. Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 59 və 60-cı maddələrində svetoforun siqnallarının mənası və yerinə yetirilməsi barədə açıq-aşkar izahlar verilir. 60-cı maddədə qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə, nəqliyyat vasitələri dayanmalıdır. Amma həmin maddədə dairəvi yaşıl işıqda yalnız düz istiqaməti göstərən ox olduğu halda sola dönməyin qadağan olunması barədə hər hansı qeyd yoxdur. Digər tərəfdən, 59-cu maddənin İV hissəsində bildirilir ki, oxlarla olan siqnalların mənası dairəvi siqnallarla eynidir. Bu isə yalnız oxla göstərilən istiqamətdə hərəkətə icazə olduğunu bildirir, lakin bu hərəkət digər istiqamətlərdə qadağandır demək deyil - bu fərqləndirmə qanunvericilikdə aydın şəkildə izah edilməyib. Əgər svetoforun yaşıl siqnalı yalnız bir istiqamət - məsələn düzünə hərəkət - göstərirsə və eyni zamanda yolun kənarında "yalnız düz" məcburi hərəkət istiqamət nişanı mövcuddursa, sürücünün sola dönməsi halında pozuntu daha çox nişanla bağlı sayılır. Bu vəziyyətdə pozuntu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq yol nişanının pozulmasıdır. Svetofor yaşıl yanırsa və qırmızı keçid baş verməyibsə, bu hal 327.2-ci maddəyə uyğun siqnal pozuntusu hesab olunmamalıdır. Eyni zamanda, qeyd olunan yol hissəsində yerləşən nişan və svetofor qurğuları hərəkət zolaqlarından aralıda, vizual cəhətdən qeyri-müəyyən mövqedə yerləşdirilmişdir. Bu da sürücülər üçün həmin nişanların və siqnalların konkret olaraq hansı zolaqlara aid olduğunu ayırd etməyi çətinləşdirir. Belə vəziyyətdə nişanın və svetoforun tələbini pozduğumun müəyyən olunması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Əlavə olaraq bildirir ki, qeyd olunan ərazidə hərəkət zolaqları üzrə istiqamətləri göstərən əvvəlcədən qoyulmuş yol nişanları və ya asfalt üzərində nişanlanmalar ümumiyyətlə mövcud olmamışdır. Bu isə sürücülər üçün hansı istiqamətə hərəkətin icazəli olubolmadığını müəyyən etməyi çətinləşdirir və yol hərəkəti təhlükəsizliyi baxımından əlavə çaşqınlıq yaradır. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru X4 bildirmişdir ki, protokol tərtib olunan Sülh və Nərimanov küçələrinin kəsişməsi Sumqayıt şəhərinin hərəkətin intensiv olduğu ərazilərindən biridir. Həmin yolayrıcında svetoforun yaşıl işığında Kia markalı ** LP *** d.q.n-lı nəqliyyat vasitəsi hərəkətdə olarkən sola manevr etmişdir. Lakin həmin svetaforun yaşıl işığı yalnız düzünə hərəkətə icazə verdiyindən sola dönməni qadağan edir. Bundan başqa svetaforun üzərində 4.1.1 nişanı da quraşdırılmışdir. Qeyd olunan hallar, tərəfindən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsi kimi qiymətləndirilmiş və İXM-in 327.1 və 327.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına şikayətçi və protokolu tərtib etmiş şəxslərin təqdim etdiyi fotoşəkillərdən görünür ki, inzibati xəta hadisəsi nizamlanan yolayrıcında baş vermiş, yolyarıcında üç svetaforun mövcuddur, 1-ci svetaforun yaşıl işığı düzünə və sağa, digər svetaforun yaşıl işığı isə yalnız düzünə hərəkətə icazə verir. Bundan başqa svetaforun yanında 4.1.1, yəni düzünə hərəkət məcburi hərəkət istiqamət nişanı quraşdırılmışdır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını, protokol tərtib etmiş şəxsin izahatını və iş materiallarına əlavə edilmiş sənəd və fotoşəkilləri tədqiq edərək hesab edir ki, X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Sumqayıt şəhər X8 Şöbəsinə göndərilməlidir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X3 “Kia” markalı ** LP *** d.q.n-lı nəqliyyat vasitəsi ilə Sülh-Nərimanov küçələrinin kəsişməsində, yolayrıcında hərəkətdə olarkən 4.1.1 məcburi hərəkət istiqaməti nişanın tələblərini pozmuş, bununla da İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının tələblərinə riayət etməmişdir. Lakin, T.İsmayılovun hərəkətində İXM-in 327.2-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmamışdır. Belə ki, yolayrıcında svetoforun düzünə ox şəklində yaşıl işığı yanarkən sürücünün sola manevr etməsi İXM-in 327.2-ci maddəsinə əsasən svetaforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi kimi qiymətləndirilə bilməz. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən svetoforun siqnalları icazəverici, xəbərdaredici və qadağanedicidir. Yaşıl işıq icaverici, qırmızı işıq isə qadağanedici siqnal hesab olunur. Həmin siqnallar oxlar şəklində yandıqda da, dairəvi işıqların mənası ilə eynidir. Qeyd olunanlardan nəticəyə gəlmək mümkündür ki, oxlar şəklində yaşıl işığın yanması da icazəverici siqnal hesab olunmalıdır. İXM-in 327.2-ci maddəsi svetaforun qadağanedici işarəsi verilərək hərəkətin davam etdirilməsinə görə məsuliyyət müəyyən etmişdir. Svetaforun düzünə ox şəklində yanarkən sürücünün sola manevr etməsi qadağanedici işarədə hərəkət kimi qiymətləndirilməməlidir. Çünki, inzibati xəta hadisəsi baş verən yolayrıcının svetoforlarında əlavə bölmə mövcud olmamışdır. Bununla da, sürücü T.İsmayılovun hərəkətlərində İXM-in 327.1-ci maddəsinin tərkib əlamətləri olsa da, 327.2-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt şəhər X7 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X7 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar