Məhkəmə qərarları › İş №3(060)-1070/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1070/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1070/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında qərar düzünə hərəkət nişanı olmasına baxmayaraq həmin ərazidən dönmə hərəkəti etdiyini görə qəbul edilmişdir. Halbuki avtomobil yolunda dönməyə icazə verən nişan olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Asan Pay” portal çıxarışından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Asan Pay” portalında olan şəkillərdən görünür ki, inzibati xətanın qeydə alındığı Sumqayıt şəhəri S.Vurğun küçəsində yolun sol tərəfində “4.1.1 – düzünə hərəkət nişanı” mövcuddur. Məhkəmə tərəfindən hadisənin qeydə alındığı Sumqayıt şəhəri, S.Vurğun küçəsində Simurq şadlıq sarayı ilə üzbə-üz yola yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, fotoşəkillərdə “Opel Astra” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatı apardığı yerdə yolun sol tərəfində “4.1.1 – düzünə hərəkət nişanı”, həmin yerə çatmağa təxmini 20-30 metr qalmış yolun sağ tərəfində isə “2.1 – nizamlanmayan yolayrıclarını keçməkdə üstünlük verilən yol” və “4.1.4 – düzünə və sağa hərəkət nişanı” mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsində Simurq şadlıq sarayı ilə üzbə-üz yolda yalnız düzünə və sağ istiqamətə icazə verən verən yol nişanları mövcuddur. Lakin, X2 xx.xx.2024-cü il tarixdə həmin yerdə “Opel Astra” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sola dönmə əməliyyatı edərək yol nişanlarının tələblərini pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi həmin yerdə sola dönməyə icazə verən yol nişanlarının olmasını iddia etsə də, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı yalnız düzünə və sağa hərəkətə icazə verən yol nişanlarının olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ21101890 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar