Məhkəmə qərarları › İş №3(060)-1120/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1120/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1120/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhər Dövlət X11 yol nəqliyyat hadisələri üzrə inspektoru, polis mayoru X2, Qərardan şikayət verən şəxsin nümayəndəsi və Şimal Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət X11 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Dövlət X11 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Vaqif Kərimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Vaqif Kərimov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Vaqif Kərimov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-cİ il tarixli və TP ******* saylı qərar əsasında İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə istinad edilərək qərar üzrə 100 manat cərimə tətbiq edilmişdir. O, qərardan narazıdır və qərəzli hesab edir. Belə ki, İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. O, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hüseynzadə küçəsi və Taleh Kərimov küçələrinin kəsişməsində etibarnamə əsasından idarə etdiyi **-DA-*** dövlət qeydiyyat nişanlı, BMW X-5 MİNİK markalı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması barədə DYPŞ tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə TP ******* saylı qərar qəbul edilmiş, lakin onun hərəkətdə olduğu Taleh Kərimov küçəsi əsas yol sayıldığı halda M.Hüseynzadə küçəsindən Taleh Kərimov küçəsinə manevr edən ** EY *** dövlət qeydiyyat nişanlı, “Hundai SantaFe” markalı avtomobilin sürücüsü onun hərəkətini tamamlamağını gözləməli olduğu halda bunları etməmiş və onun idarə etdiyi avtomobili görmədən üstünə sürərək avtomobilinin arxa qanadını və təkərini zədələmişdir. Lakin DYPŞ-nin əməkdaşları qərar qəbul edərkən hərəkətdə olduğu yolun əsas yol olduğunu göstərən hər hansı bir nişan olmadığını əsas gətirmişlər. Qeyd edir ki, M.Hüseynzadə küçəsindən Taleh Kərimov küçəsinə çıxış zamanı yol kənarında olan “STOP” nişanı yük avtomobili tərəfindən zədələnmiş və həmin vaxt yerində olmamışdır. Qeyd edilən faktı sübut edən fotoşəkillər və video görüntü olmasına baxmayaraq qərəzli olaraq barəsində qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Sumqayıt şəhər DYPİ-nin polis mayoru X4 tərəfindən xx.xx.2025-cl il tarixli və TP ******* saylı qərarın ləğv edilərək, 100 manat cərimə tənbehinin silinməsinə və barəsində olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Qərardan şikayət verən şəxsin vəkili İftixar Əhmədov ərizədə qeyd edilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qəbul edilmiş 22 aprel 2025-ci il tarixli qərar əsassızdır. Vaqif Kərimov baş yol olan Taleh Kərimov küçəsində hərəkətdə olarkən yan yoldan digər sürücü çıxaraq onun avtomobilini zədələmişdir. Qadın sürücünün çıxdığı yolun kənarında “STOP” nişanı olmamışdır və Vaqif Kərimovu gözləmədən yola çıxmış nəticədə sonuncunun avtomobilinin sol arxa hissəsinə ziyan dəymişdir. Digər sürücü isə avtomobilinə kiyafət qədər ziyan dəydiyini əsas gətirərək bunun ödənilməsini tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq Vaqif Kərimov barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş polis mayoru Habil Şəmmədli izahatında bildirmişdir ki, Vafiq Kərimov barəsində İXM-nin 327.2-ci maddəsi ilə yəni nizamlanmayan yolayrıclarının keçilməsi qaydalarının pozulması əsası qərar qəbul etmişdir. Qeyd edir ki, “Yol Hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsində eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğunun göstərildiyi qeyd edilmişdir. Bildirir ki, hadisə yerinin müayinəsi zamanı hadisənin xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri Corat qəsəbəsi Taleh Kərimov küçəsi ilə Nizami küçəsinin kəsişməsində, yəni yolayrıcında baş verdiyi müəyyən etmişdir. Belə ki, “Hyundaı” markalı, ** EY *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü N.Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən ondan solda yəni Taleh Kərimov küçəsi ilə hərəkət edən “BMW” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobillə həmin küçələrin kəsişməsində toqquşmuşlar. Qeyd edir ki, hadisə yerinin müayinə edən vaxt “Hyundaı” markalı avtomobilin hərəkət etdiyi və yolayrıcına daxil olduğu hissədə hər hansı yol nişanın mövcud olmadığını müəyyən etmişdir. Bu fakt “Hadisə yerinin müayinəsi” protokolunda öz təsdiqini tapmışdır. Bildirir ki, “Hyundaı” markalı avtomobilin hərəkət etdiyi və yolayrıcının qarşı tərəfində “STOP” nişanı olmuşdur. Bundan başqa bildirmişdir ki, “Hyundaı” markalı avtomobilin sürücüsü N.Hüseynzadə küçəsi ilə hərəkətdə olarkən və yolayrıcına daxil olmamışdan öncə həmin yolda hər hansı yol nişanını görməmiş, qanunverciliyin tələbinə uyğun olaraq sağdan gələn nəqliyyat vasitlərini gözləyib yol ayrıcına daxil olmuş, bu zaman ondan soldan gələn “BMW” markalı avtomobillə toqquşmuşdur. Həmin sürücü izahatında yolda “STOP” nişanı olmadığı üçün kəsişməni nizamlanmayan yolayrıcı kimi qəbul etdiyini bildirmişdir. Bildirir ki, hər hansı yolun baş yol hesab edilməsi üçün həmin yolda baş yol işarəsinin quraşdırılması vacibdir, bu qanunun tələbidir. Belə ki, digər sürücünün hərəkət etdiyi yolda baş yol işarəsi olmamış, bu səbəbdən “BMW” markalı avtomobilin sürücüsünü təqsirli hesab etmişdir. Qeyd edir ki, hər iki yol asfalt örtüklü olmaqla eyni əhəmiyyətli yollardır. “Yol Hərəkəti haqqında” qanunun müddəlarını əsas götürərək bu nəticəyə gəlmişdir. Qeyd edir ki, nizamlanmayan yolayrıclarında sürücü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Göründüyü kimi “Hyundaı” markalı avtomobil sağdan yaxınlaşdığından “BMW” markalı avtomobil ona yol verməli olduğu halda yol verməmiş, nəticədə sonuncu inzibati xəta törətmişdir. Bundan başqa izahatına əlavə olaraq bildirir ki, əvvəllər həmin yolda “STOP” nişanın olub-olmamsından məlumatı olmamışdır. Lakin hadisə vaxtı həmin yolayrıcında “STOP” nişanı olmamışdır. Hesab edir ki, əgər sürücü yolda yol nişanını görmürsə, ona hansı səbəbdən yol nişanının tələbinə riayət etməməsi iddiasını irəli sürmək qanunsuzdur. “Yol Hərəkəti haqqında” Qanunun 77.1-ci maddəsində eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğunun göstərildiyini qeyd etmişdir. Bundan başqa qərardan şikayət vermiş şəxsin təqdim etdiyi videoya münasibətdə isə qeyd edir ki, həmin yolda digər avtomobillərin başqa formada hərəkət etməsi yolun həmin qaydada tənzimlənməsi anlamına gəlmədiyini bildirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Yol nəqliyyat hadisəsi” yerinin sxemindən “BMW” markalı avtomobilin hərəkət etdiyi yolun baş yol olmadığı, “Hyundaı” markalı avtomobilin sürücüsünün hərəkət etdiyi yolda, o cümlədən yolayrıcında hər hansı yol nişanın olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şikayət ərizəsinə əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörtüyə tərəflərin iştirakı ilə baxış keçirilərkən “Yol nəqliyyat hadisəsi” sxemində təsvir edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin-ci 11 bəndinə əsasən baş yol dedikdə – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı dedikdə - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazi başa düşülür. 1-ci maddəsinin 12-ci bəndinə əsasən nizamlanan yolayrıcı dedikdə - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı başa düşülür. 1-ci maddəsinin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı - dedikdə nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcı başa düşülür. 77-ci maddəsinin 2-ci bəndinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə Vaqif Kərimovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Vaqif Kərimovun müdafiəçisi İftixar Əhmədov tərəfindən məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, Vaqif Kərimovu məsuliyyətdən yayındırmaq məqsədilə bu məzmunda izahat vermişdir. Belə ki, məhkəmə iclasında həm Vaqif Kərimovun ərizəsində qeyd etdiyi xüsusatlar, eyni zamanda vəkil İftixar Əhmədovun, polis mayoru Habil Şəmmədlinin izahatında qeyd etdiyi hallar tədqiq edildikdən, o cümlədən yol nəqliyyat hadisəsi yerinin sxemi, təqdim edilmiş video görüntülərə baxış keçirildikdən sonra məhkəmə Vaqif Kərimov tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi bir daha təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri Corat qəsəbəsi Taleh Kərimov küçəsi ilə “BMW X5” markalı, ** DA *** dövlət nömrə nişalı avtomobillə hərəkətdə olan sürücü X9 küçəsinin kəsiməsində həmin küçə ilə hərəkətdə olan “Hyundai” markalı, ** EY *** dövlət nömrə nişanlı avtomobilə sağdan yaxınlaşdığını nəzərə alaraq yol verməli olduğu halda yol verməmiş, nəticədə həmin avtomobillər toqquşmuşlar. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Hyunadı markalı avtomobilin hərəkətdə olduğu yolda və yolayrıcına yaxın hissədə “STOP” yol nişanı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, polis mayoru Habil Şəmmədli haqlı olaraq hər iki yolda müvafiq yol nişanı olmadığını nəzərə alaraq həmin yolları eyni əhəmiyyətli yol olaraq qəbul etmiş, “BMW X5” markalı, ** DA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək, barəsində TP ******* saylı, xx.xx.2025-ci il tarixi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hər bir xüsusat yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Vaqif Kərimovun barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar