Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1600/2024 31.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini X36 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə şöbə müdiri X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda faktiki olaraq ünvan 2 ünvannında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Dini X36 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 515.0.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 04 iyul 2024-cü il tarixdə ünvan 3 ünvanında Şəxs tərəfindən qanunsuz yığıncaq, dini mərasim təşkil edilmiş, Bədiuzaman Səid Nusinin əsərləri izah edilmişdir. Azərbaycan Respublikası Dini X36 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsi (bundan sonra DQİDK SBŞ-si) tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs DQİDK SBŞ-nin müdiri X15 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, 04 iyul 2024-cü il tarixdə DQİDK-nin Sumqayıt Bölgəsi üzrə Şöbəsinin və polis əməkdaşının iştirakı ilə Sumqayıt şəhəri, 1-ci mkr, Yeni tikili 3e, mən 44 ünvanında yoxlama keçirilmişdir. Baxış keçirilməzdən öncə heç bir təzyiq göstərilmədən mənzilə daxil olmuşlar. Yoxlama zamanı həmin mənzildə Şəxs tərəfindən qanunla müəyyən edilməmiş qaydada yığıncağın keçirildiyi aşkar edilmişdir. Sorğu-sual zaman Şəxs həmin mənzildə kirayə qaldığını bildirsə də ondan faktı təsdiq edəcək kirayə müqaviləsi tələb edilmiş, lakin sonuncunun kirayə müqaviləsinin olmadığı aşkar edilmişdir. Yoxlama zamanı mənzildə içərisində bir neçə azyaşlı uşaq da olmaqla çoxlu sayda insanların iştirak etdiyi yığıncaq, mərasim təşkil edildiyi aşkar edilmişdir. Tərəflərindən mənzildə olan şəxslərin izahatları alınmış, həmin şəxslərin hər biri orada Şəxs tərəfindən onlara dini dərslərin keçirildiyi bildirmişdir. Həmin mənzildən aşkar edilmiş 50 adda 128 ədəd kitab aktla götürülmüşdür. Araşdırma zamanı Şəxs tərəfindən “Dini etiqad azadlığı haqqında” Qanunun 6-cı maddəsinin tələblərinin pozulması aşkar edilmiş, bu səbəbdən tərəfindən Şəxs barəsində İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını Şəxs 2000 manat məbləğində cərimə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Yalçın Abdullayev ona ünvanlanmış suallara cavab verərək bildirmişdir ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə şəhər və ya rayon icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən dini komissiyalar nəzərdə tutulur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 04 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Rəşad adlı dostu Həcc ziyarətindən qayıtmış, Rəşadın ziyarətlə bağlı təəsüratlarını bölüşmək üçün kirayədə yaşadığı dostuna məxsus olan mənzildə çay süfrəsi təşkil etmişdir. Həmin vaxt mənzildə onun dindar dostları və onların uşaqları da olmuşdur. Həmin vaxt qəfildən polis əməkdaşları və Dini X36 Dövlət Komitəsinin Sumqayıt Bölgəsinin əməkdaşları qapını döyərək onun mənzilinə daxil olmuşlar. O, həmin şəxslərdən mənzilinə daxil olması üçün məhkəmə qərarını tələb etmiş, ona təqdim edəcəklərini bildirsələr də, etməmişlər. Bundan sonra əməkdaşlar onun otağına daxil olmuş, şəxsi əşyalarını qarışdırmışlar. Mənzildə həmin vaxt olan şəxslərin vermiş olduğu izahatlarla bağlı bildirir ki, qonaqlara təzyiq olunmuş, hazır sənədlərə qol çəkdirilmişdir. Onun qonaqlarının saylı təxminən 18-19 nəfər olmuşdur. Onun dini təhsili yoxdur, həmin şəxslərlə məscidlərdə tanış olmuşdur. ARK 48-ci maddəsinə görə Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bildirir ki, İXM-nin 515.0.2-ci maddəsi dini qurumlara aiddir, o fiziki şəxsdir, evində heç bir dini yığıncaq təşkil etməmişdir. O, evində dini yığıncaq təşkil etmədiyinə görə heç bir orqandan icazə almamışdır. Qeyd olunanların nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DQİDK SBŞ-nin aparıcı məsləhətçisi X20 bildirdi ki, 04 iyul 2024-cü il tarixdə Sumqayıt Bölgəsi üzrə Şöbəsinin və polis əməkdaşının iştirakı ilə ünvan 3 ünvanında yoxlama keçirilmişdir. Yoxlama zamanı həmin mənzildə Şəxs tərəfindən qanunla müəyyən edilməmiş qaydada yığıncağın keçirildiyi aşkar edilmişdir. Həmin mənzildən aşkar edilmiş 50 adda 128 ədəd kitab aktla götürülmüşdür. Bundan başqa mənzildə ortalıqda pullar olmuş, həmin pulların üzərində müxtəlif yazılar əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, Şəxs 1991-ci ildən tanıyır. 04 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Şəxs kirayə qaldığı mənzildə ortaq dostları Rəşad adlı şəxsin Həcc ziyarətindən qayıtması və təəsüratlarının bölüşməsi məqsədi ilə çay süfrəsi təşkil edilmişdir. Əməkdaşlar tərəfindən heç bir icazə olmadan mənzilə daxil olunmuş, icazəsiz çəkiliş aparılmış, müqəddəs Qurani-Kərim kitabı yerə atılmışdır. Həmin vaxt orada heç bir dini yığıncaq təşkil edilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Xəyaləddin Paşayev bildirmişdir ki, onun evi bir otaqlı olduğundan çay süfrəsi Şəxs kirayə yaşadığını evdə keçirilmiş, həmin vaxt mənzildə 100-ə yaxın təsbeh olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 04 iyul 2024-cü il tarixli “akt”-dan görünür ki, ünvan 3 ünvanında Şəxs kirayədə yaşadığı mənzildən 50 adda 128 ədəd kitab götürülmüşdür. xx.xx.2024-cü il tarixli izahatında X16 ibadət etməyə, Səid Nursinin təlimlərinə qulaq asmağa gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X2 evinə xx.xx.2024-cü il tarixdə namaz qılmaq və Səid Nursinin ədəbiyyatını dinləməyə gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X5 əmigilə namaz qılmağa və dərslərə qulaq asmağa gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X1 evinə Qurani-Kərimə qulaq asmağa və namaz qılmağa gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X6 əminin dəvəti ilə bu ünvana dini dərslər dinləməyə gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X3 evinə kitab oxumağa gəldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli izahatında X10 namaz qılmağa və Səid Nursinin əsərlərini oxumaq üçün qonaq gəldiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli izahatında X12 atası Ceyhun ilə birlikdə bu mənzilə Quran kitabından dərslərə qulaq asmağa gəldiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli izahatında X13 bu mənzilə Quran dərslərini dinləməyə gəldiyini bildirmişdir. İş materiallarına əlavə edilən, məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında bir qrup şəxsin iştirakı ilə yığıncaq təşkil etdiyi, mənzildə çox sayda dini kitabların olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş siyahından görünür ki, həmin vaxt mənzildə 3-ü azyaşlı olmaqla ümumilikdə 20 nəfər aşkar edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş digər sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən, Şəxs İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 515.0.2-ci maddəsinə əsasən Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 6-1.1-ci maddəsinə görə Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Həmin Qanunun 6-1.2-ci maddəsinə görə kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Göründüyü kimi Şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında təxminən 20 nəfərdən ibarət dini yığıncaq təşkil etmiş, lakin “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq müvafiq qurumdan razılıq almalı olduğu halda, almamışdır. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək kirayədə yaşadığı mənzildə dini yığıncaq təşkil etmədiyini sadəcə Həcc ziyarətindən qayıtmış dostu Rəşadın qarşılanması məqsədi ilə çay süfrəsi təşkil etdiyini bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Şəxs tərəfindən kirayədə yaşadığı mənzildə qanunsuz dini yığıncaq təşkil etməsi iş materiallarında olan izahatlarla, habelə məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd diskdə mövcud olmuş görüntülərlə tam sübuta yetirilir. İXM-nin 3-cü madddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxsnun əməlini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini X36 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləlikdə məhkəmə hesab edir ki, Şəxs dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda müvafiq icra hakimiyyəti orqanından razılıq (icazə) almadan qanunsuz olaraq kütləvi ibadət məqsədilə dini yığıncaq, mərasim təşkil etmiş və keçirmiş, nəticədə İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmiş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1600/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1600/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver