Məhkəmə qərarları › İş №3(060)-168/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-168/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-168/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra DMX) tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Gürcüstan Respublikası vətəndaşı xx.xx.1964-cü il təvəllüdlü Seimur Alievin iş icazəsi olmadan Şəxs MMC-də xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DMX nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qeyd olunan hüquqpozma faktı 09 yanvar 2024-cü il tarixdə DMX Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən araşdırılmış, araşdırma zamanı əcnəbi xx.xx.1964-cü il təvəllüdlü Seimur Alievin iş icazə olmadan Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında bənna vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bundan sonra həm Seimur Alievin, həm də MMC-nin direktoru X2 izahatları alınmış, sonuncu törətmiş olduğu pozuntunu etiraf etmişdir. DMX Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Şamil Məmmədovun vəzifəli şəxs qismində barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, hüquqi şəxs qismində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində minimum həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, Seimur Aliev işə qəbul edilən zaman Şəxs MMC-nin direktoru X2 bundan xəbəri olmamış, Seimur Alievi işə MMC-nin mühasibi götürmüşdür. X9 Alievin əcnəbi olduğunu, yəni Gürcüstan Respublikası vətəndaşı olduğunu, eyni zamanda əcnəbi vətəndaşın işə cəlb edilməsi zamanı DMXdən iş icazəsinin alınmasının tələb edildiyini bildiyi zaman onu dərhal işdən azad etmişdir. Bundan başqa X8 Respublikası vətəndaşı olsa da, milliyətcə Azərbaycanlıdır. O, MMC-də yüksək vəzifə tutmamış, bənna olaraq çalışmışdır. Bənna vəzifəsi elə bir işdir ki, ora qəbul edilən zaman tərcümeyi-hal yaxud şəxsiyyət vəsiqəsi tələb olunmadığından Seimur Aliev işə qəbul edilən zaman Gürcüstan Respublikası vətəndaşı olması bilinməmişdir. DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin əməkdaşları tərəfindən Şamil Məmmədovun izahatı alınan zaman onun hüquqi savadının olmamasından istifadə olunmuş, sonuncuya vəzifəli şəxslə hüquqi şəxs arasında fərq izah edilməmiş, bu səbəbdən Məmmədov izahatında hüquqi şəxs barəsində protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Hesab edir ki, heç bir anlaqlı şəxs maddənin sanksiyasında cərimənin məbləği az olduğu təqdirdə çox məbləğdə cərimə olunmaq istəməz. Bundan başqa Şamil Məmmədov əcnəbi vətəndaşın MMC-də işləməsi üçün iş icazəsinin tələb olunduğunu bildiyi zaman onu işdən azad etməsi yüngüllləşdirici hal olaraq məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini, X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 13/30, mən 147 olmaqla qanuni təmsilçisi X3r. X2 DMX-nə 10 yanvar 2024-cü il tarixli izahatından görünür ki, X7 (Seimur Aliev) xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək şirkətdə bənna vəzifəsində çalışaraq, şirkətin Suraxanı qəsəbəsində yerləşən 8 mərtəbəli binanın tikilməsində iştirak etmiş, aylıq 350 manat məbləğində nağd formada əmək haqqı almış, Seimur Alievə əmək haqqını o vermiş, iş vaxtı səhər saat 08:00-dan, axşam saat 18:00-dək davam etmişdir. Seimur Alievin işləməsi üçün iş icazəsinin olmasını gec bilmiş, bunu bildikdə dərhal onu işdən azad etmişdir. DMX - Əmək müqaviləsi (Asan Bridge)-dən çıxarışdan görünür ki, Şəxs MMC Seimur Alievlə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, bənna vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Seimur Alievin DMX-də 09 yanvar 2024-cü il tarixli izahatından görünür ki, o, 1998-ci ildən Azərbaycan Respublikasında yaşayır, AR vətəndaşı ilə qeyri-rəsmi nikah münasibətindədir, iki övladı var. xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də bənna vəzifəsinda çalışmış, aylıq 350 manat əmək haqqı almışdır. O, həftənin altı günü səhər saat 08:00-dan, axşam saat 18:00-dək çalışmışdır. İşləmək üçün iş icazəsinin olması barədə Şəxs MMC-nin rəhbəri X4 ona heç bir məlumat verməmiş, o da belə bir icazənin olduğunu bilməmişdir. 09 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Seimur Aliev iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan İXMnin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 15BB17651 seriyalı vəsiqənin surətindən görünür ki, X8 Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; beynəlxalq təşkilatlarda işləyənlərə; beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə; müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə; dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə; himayəsində 18 yaşına çatmamış və ya İ dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə. Məhkəmə qeyd edir ki, göründüyü kimi Seimur Aliev Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilməzdən əvvəl Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.2-ci maddəsinə əsasən onun işləyə bilməsi üçün cəmiyyət tərəfindən iş icazəsi alınmamışdır. X10 üçün iş icazəsinin alınmasını istisna edən və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində əks olunmuş hallar yoxdur. Bu səbəbdən də Şəxs MMC tərəfindən İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İXM-nin 578.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə prosesində İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Nizami X1 əcnəbi vətəndaşın MMC-də işə qəbul olunmasından məlumatsız olmasını, Seimur Alievin işə məhz müəssisənin mühasibi tərəfindən qəbul edildiyini bildirməsi hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 18.2.4-cü maddəsinin tələbindən görünür ki, hüquqi şəxs inzibati məsuliyyətə eyni zamanda İXM-nin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə də cəlb edilir. Göründüyü kimi Ş.Məmmədovun özü bilavasitə Seimur Alievi işə götürməməsi iş üzrə icraata xitam verilməsi, hüquqi şəxsin inzibati məsuliyyətdən kənarda qalması üçün əsas deyildir. Bundan başqa müdafiəçi N.X1 əcnəbi vətəndaşın MMC-də işləməsi üçün iş icazəsinin tələb olunduğu bildiyi zaman onu işdən azad etməsini, bu halın məhkəmə tərəfindən nəzərə alınması hissəsinə münasibətdə ilk olaraq bildirir ki, Azəbaycan Respublikası Konstitusyasının 72-ci maddəsinin İİİ hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. İXM-nin 12.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi Seimur Alievin iş icazəsi olmadan Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuş, nəticədə qanunla qorunan ictimai münasibətlərə ziyan vurulmaqla inzibati xəta hadisəsi törədilmişdir. Onun sonradan işdən azad edilməsi İXM-nin 53-cü maddəsində qeyd olunan inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hallar sırasına aid edilməmişdir. Məhkəmə istintaqı zamanı DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 Şamil Məmmədov barəsində vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədiyini, Şəxs MMC barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərildiyini bildirmiş, MMC-nin müdafiəçisi Nümayəndə2 isə bunun yalnış olduğunu Şamil Məmmədovun vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalı olduğunu, bunu sonuncunun izahatı və hüquqi savadsızlığı ilə əlaqələndirsə də, məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarına əsasən İXMnin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin nümayəndəsi və vəkili Nazim İbrahimovun DMX-nin Şamil Məmmədovun hüquqi savadsızlığından istifadə edərək sonuncu barəsində vəzifəli şəxs qismində deyil, məhz rəhbəri olduğu hüquqi şəxs barəsində protokol tərtib edərək məhkəməyə göndərilməsini qəbul etmədiklərini, hüquqi şəxslə vəzifəli şəxsə tətbiq edilən cərimə məbləğləri arasında əhəmiyyətli fərq olduğunu bildirərək, çıxışlar zamanı sonda məhz vəzifəli şəxs qismində Şamil Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsi barədə etmiş olduğu xahişini məhkəmə törədilmiş inzibati xətanın bir növ etiraf edilməsi kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun “İXM 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında İXM-nin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İXM-nin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. Hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Hazırkı iş üzrə DMX-nin Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən X4 barəsində barəsində vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməməsi, hüquqi şəxs Şəxs MMC barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilməsi qanuni və əsaslı olmuşdur. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəm qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar