Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1793/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin böyük məsləhətçi-müfəttişi X2, Barəsində icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 2 saylı Abşeron-Xızı Regional idarəsi tərəfindən "xxxx" MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 11 iyul 2025-ci ildə keçirilən nəzarət tədbirləri zamanı kəsim məntəqəsində formalaşan tullantı suların su obyektlərinin çirklənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğulardan keçmədən Sumqayıt çayına axıdılmışdır. Bu fakt 11 iyul 2025-ci il tarixli 000436 nömrəli akt və fotoşəkillər ilə təsdiq edilir. Məhkəmə iclaslarında iştirak edən protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 2 saylı Abşeron-Xızı Regional İdarəsinin böyük məsləhətçi-müfəttişi X3 öz izahatında bildirmişlər ki, "xxxx" MMC tərəfindən İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta törədilməsi faktı inzibati xəta haqqında protokol, akt və fotoşəkillərlə təsdiq olunur. Belə ki, 11 iyul 2025-ci ildə keçirilən nəzarət tədbirləri zamanı kəsim məntəqəsində formalaşan tullantı suların su obyektlərinin çirklənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğulardan keçmədən Sumqayıt çayına axıdılmışdır. Bildirmişdir ki, sözügedən MMC barəsində akt tərtib olunarkən nümayəndənin iştirakını təmin etmək məqsədilə ona zənglər edilmiş və iştirak etməsi bildirilsə də, aktın tərtib olunmasında sonuncu iştirak etməmişdir. Lakin 2 saylı Abşeron- Xızı Regional İdarəsi tərəfindən MMC-yə məktub göndərilmişdir. Qeyd edir ki, İdarə tərəfindən mütəmadi olaraq su obyektlərinin çirklənməsinin qarşısını almaq məqsədilə bütün müəssisələrdə monitorinqlər keçirilmiş və müəyyən edilmişdir ki, "xxxx" MMC çirkli suları Sumqayıt çayına axıtmışdır və bildirmişdir ki, bu fakt bir neçə monitorinq nəticəsində sübuta yetirilib. Həmçinin qeyd etmişdir ki, İdarənin əməkdaşları tərəfindən tullantı sularının sözügedən MMC tərəfindən axıdılması, yəni həmin suların həmin müəssisə tərəfindən Sumqayıt çayına təxmini 700-800 metr boyunca axıdılmağı müşahidə edilmişdir. Bildirmişdir ki, 2 saylı Abşeron-Xızı Regional İdarəsinin məqsədi dövlətin su ehtiyatlarını mühafizə etməkdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, çirkab sular MMC tərəfindən Sumqayıt çayının kənarına qədər axıdılıb. Həmin çaydan müəssisəyə qədər təxmini 700-800 metr məsafə var, müəssisədən 60-70 metr məsafədə isə açıq kanal var. İş materiallarına əlavə edilmiş videoçəkiliş əsasında akt tərtib olunmuş, həmin aktın əsasında isə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və icraçı direktoru Nümayəndə bildirmişdir ki, həmin ünvanda kəsim sexi fəailiyyət göstərir və çirkli suların Sumqayıt çayına axıdılmasıyla bağlı məlumatı olmamışdır. Lakin qeyd edir ki, müəssisədə su filterdən keçərək təmizlənir və uzun illərdir ki, eyni texnologiya, eyni proseslə kəsim fəaliyyəti həyata keçirilir və heç bir orqandan indiyə qədər şikayət daxil olmamışdır. Həmçinin bildirmişdir ki, axıdılan suyun tərkibində zərərli maddələrin olmasıyla bağlı İdarə heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq MMC barəsində 11 iyul tarixində inzibati xəta haqqında protokol tərtib olunduqdan 2 gün sonra istehsalat prosesi, o cümlədən tullantı sularının axıdılması dayandırılmışdır. Bu da həmin müəssisədə işləyən 120-ə yaxın əməkdaşın işsiz qalması deməkdir. Belə ki, axıdılan sular beton hovuza yığılaraq su təmizləyici qurğulara boşaldılır və beləliklə, hər ay 20-25 min manat həmin suların maşın vasitəsilə daşınmasına xərclənir. Hal-hazırda tullantı sularının axıntısı dayandırılıb. Lakin bu, mövcud problemin həlli üçün ciddi addım deyil, problemi aradan qaldırmaq üçün əlavə kanalizasiya xətti çəkilməsi lazımdır. Eyni zamanda qeyd etmişdir ki, obyektin çıxışında tullantı sularının təmizlənməsi üçün filter və əlavə xüsusi qurğu var. Müəssisənin tullantı sularını axıtdığı borunun uzunluğu 200 metrdir. xx.xx.2025-ci il tarixində keçirilmiş sonuncu məhkəmə iclasında Nümayəndə bildirmişdir ki, fakt müəssisə tərəfindən araşdırılmış və səhv etdiklərini, bir daha belə hallara yol verməyəcəklərinə söz vermişdir. Həmçinin qeyd etmişdir ki, tullantı sularının axıdılması prosesi, o cümlədən, müəssisədə istehsalat prosesi dayandırılmışdır. Halhazırda həmin ərazidə gedən tikinti işləri başa çatmaq üzrədir və mövcud problemin qarşısı alınmışdır və bundan sonra müəssisədə olan filterlərin təkmilləşdirilməsi üçün zəruri addımlar atılacaqdır. Qeyd olunanları və hal-hazırda tullantı sularının axıdılması prosesinin dayandırılmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 iyul 2025-ci ildə keçirilən nəzarət tədbirləri zamanı kəsim məntəqəsində formalaşan tullantı suların su obyektlərinin çirklənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğulardan keçmədən Sumqayıt çayına axıdılmışdır. Bu fakt 11 iyul 2025-ci il tarixli 000436 nömrəli akt və fotoşəkillər ilə təsdiq edilir. İş materialında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 2 saylı Abşeron-Xızı Regional idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 11 iyul 2025-ci il tarixli 000436 №li aktdan görünür ki, yoxlama zamanı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının təyinatsız olaraq Sumqayıt çay hövzəsinə axıdılması faktı müəyyən edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, yerində aparılan inzibati araşdırmaya dəvət edilmiş, lakin inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Bununla da "xxxx" MMC tərəfindən “Su təchizatı və tullantı suları haqqında” qanunun və “Ətraf mühitin çirkləndirilməsi haqqında” AR Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarı, AR Su Məcəlləsinin 77 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni yaranan istehsalat və tullantı sularının təmizlənmədən birbaşa Sumqayıtçay çayına axıdılması iş materialında olan aktlar, protokol, foto şəkillər və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 32 və 33-cü maddələrinə əsasən hüquqi şəxs "xxxx" MMC-nin əməlini səmimi etiraf etməsi məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirilir, hüquqi şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1793/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1793/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver