Məhkəmə qərarları › İş №3(060)-1838/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1838/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1838/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tərtib edilmiş 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində Sumqayıt bələdiyyəsinə məxsus, bələdiyyənin mülkiyyətində olan 2 ha torpaq sahəsinin məişət və digər tullantılarla çirkləndirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, 11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində bələdiyyə mülkiyyətinə aid 2.0 hektar torpaq sahəsinin məişət tullantıları ilə zibillənməsi faktı ilə əlaqədar məktub göndərilmişdir. Həmin məktuba əlavə edilmiş 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, həmin ərazinin koordinatlar vasitəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq olması müəyyən edilmişdir. Həmin məlumat əsasında 25 iyul 2023-cü il tarixdə idarə tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə 27 iyul 2023-cü il tarixdə saat 10:00-da inzibati araşdırılma aparılacağı barədə bildiriş təqdim edilmiş, həmin bildiriş Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi G.Səfərova tərəfindən 25 iyul 2023cü il tarixdə qəbul edilməsinə baxmayaraq, bələdiyənin heç bir nümayəndəsi inzibati araşdırmada iştirak etməmişdir. Bu səbəbdən 28 iyul 2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, aşkar edilmiş pozuntular barəsində 80555 saylı, 28 iyul 2023-cü il tarixli akt tərtib olunmuşdur. 28 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbindən protokol tərtib edilmiş və aiddiyatı üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə xəta tərkibi yaratmış, nəticədə Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulmuşdur. Bildirir ki, belə hal Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən ilk hal deyildir. Belə ki, 2023-cü ilin iyun ayının 1də Sumqayıt Şəhər Bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Orxan Adıgözəlzadə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 manat miqdarında cərimə edilmiş, Orxan Adıgözəlzadə tərəfindən həmin qərar mübahisələndirilmiş, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Orxan Adıgözəlzadəni fiziki şəxs olaraq məsuliyyətə cəlb etsə də, məhkəmə istintaqı zamanı sonuncunun vəzifəli şəxs olduğu məlum olduğundan iş üzrə icraata xitam verilmişdir. “Bələdiyyələrin statusu” haqqında AR qanununa əsasən bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrinin təmizliyinə birbaşa olaraq cavabdehdirlər. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarı ilə "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın 10.5-ci maddəsinə görə bələdiyyələr bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Məhz Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən qeyd olunan qərarın tələbi pozulmuşdur. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerəşən torpaq sahəsi də bələdiyyənin mülkiyyətindədir. Həmin əraziyə sənaye və məişət tullantıları atan şəxslər İdarə tərəfindən müəyyən edilmiş, barələrində qanunamüvafiq tədbir görülmüşdür. Həmin şəxslər adətən yük maşınları ilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmuşlar. Pozuntu faktların aradan qaldırılması məqsədi ilə heç bir orqana təqdimat göndərməmişlər, belə ki, onlar hazırkı işlə bağlı məhkəmənin yekun qərarını gözləyirlər. Qeyd olunanların nəzərə alınmasını, Sumqayıt Şəhər Bələdiyyəsi barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirdi ki, hüquqi şəxs olaraq Sumqayıt Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 28 iyul 2023-cü il tarixli, MN №1763618 saylı “İnzibati xəta haqqında” Protokolunu tamamilə əsassız sayırlar. Həmin inzibati xəta haqqında protokol ilə bağlı bildirmək istəyir ki, Sumqayıt Bələdiyyəsi barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yalnız müvafiq dövlət qurumunun müraciəti əsasında Sumqayıt şəhərinin Yəhya Məmmədov küçəsi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin ərazisində məişət və digər tullantıların qalaqlanması qaydalarının pozulmasına görə Sumqayıt Bələdiyyəsi barəsində inzibati protokol tərtib edilmişdir. Halbuki, sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin və dəmir yolunun mühafizə zolağında yerləşən ərazidir. Həmin ərazidə bir sıra zavodlar, sənaye müəssisələri, digər çoxsaylı kiçik emal sexləri fəaliyyət göstərirlər ki, məhz həmin müəssisələr tərəfindən ərazinin çirkləndirilməsi və tullantıların oraya tökülməsi həyata keçirilir. Həmin torpaq sahələri formal olaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olması səbəbindən başqa şəxslər tərəfindən məişət və digər tullantıların bu ərazidə qalaqlanması qaydalarının pozulmasına görə Sumqayıt Bələdiyyəsinin inzibati məsuliyyətə cəlb edilməsini qanunazidd hesab edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarı ilə "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"ı təsdiq edilmişdir ki, bu Qaydalar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir, şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir. Adı çəkilən Qaydaların 6.1-ci bəndində müəyyən olunmuşdur ki, məişət tullantılarının daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat vasitəsilə, yerli icra hakimiyyəti orqanlarının kommunal- təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilər. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən bütün meydan və küçələrdə, bağlarda, parklarda, şəhər nəqliyyatı dayanacaqlarında, metro girişlərində və s. ərazilərdə kommunal-təsərrüfat orqanları tərəfindən, vağzallarda, aeroportlarda, dəniz limanlarında, bazarlarda və digər yerlərdə isə bu təşkilatların rəhbərliyi tərəfindən kifayət qədər tutumlar (umalar) qoyulmalıdır. Həmçinin sözügedən Qaydaların 10-cu bəndində yaşayış və istirahət yerlərinin təmizliyinə görə cavabdehlik müəyyən olunmuşdur ki, Qaydaların 10.5ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, habelə əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Həmin Qaydaların 10.4-cü bəndinə görə isə yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə, tullantıların avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə görə məsuliyyəti kommunal-təsərrüfat qurumların, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər daşıyırlar. Etirazda eyni zamanda Sumqayıt şəhəri ərazisində təmizliyin saxlanılması və müxtəlif cür məişət tullantılarının qalaqlanması da bələdiyyə tərəfindən deyil, mənzil-kommunal təsərrüfatı orqanları tərəfindən həyata keçirildiyi qeyd edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokolda inzibati xətanın törədildiyi kimi göstərilmiş ərazidə yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olması səbəbindən yalnız 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ərazidə yerləşən sənaye müəssisələrinin məişət tullantılarını əraziyə atımlarına görə Sumqayıt Bələdiyyəsini inzibati məsuliyyətə cəlb etmək cəhdləri əsassız və qanunaziddir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Sumqayıt Bələdiyyəsi şəhər ərazisində məişət tullantılarının yığılması və daşınması işlərini həyata keçirmir və qanunvericiliklə də bu cür işlərin həyata keçirilməsinin bələdiyyələrin vəzifəsi olması müəyyən olunmamışdır. Ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən sözügedən ərazidə yerləşən sənaye obyektlərinin və ətrafdakı qanunsuz evlərinin istifadəçisi olan şəxslər tərəfindən məişət və digər tullantılarının müəyyən olunmamış yerlərə atılmasına görə həmin şəxsləri məsuliyyətə cəlb etmək yerinə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi gözdən pərdə asmaq və guya vəzifələrini yerinə yetirdikləri görünüşü yaratmaq məqsədi ilə əsassız olaraq bələdiyyəni törədilməsində təqsirkar olmadığı inzibati xətaya görə məsuliyyətə cəlb etməyə cəhd göstərmişdir. Eyni zamanda qanun vericilikdə hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilmələrinin hüquqi əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2 hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3 hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs. Həmin Məcəllənin 18.7-ci maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Göründüyü kimi,Sumqayıt Bələdiyyəsinin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar olmadığı halda, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərəzli olaraq cərimənin daha yüksək mələğdə təyin edilməsinə nail olmaq məqsədi ilə bələdiyyəninin vəzifəli şəxsləri deyil, məhz Sumqayıt Bələdiyyəsinin özü hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edirik ki, yuxarıda sadalanan hallara əsasən sözügedən inzibati xəta haqqında protokolunun hüquqi əsası yoxdur və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda,inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi haqqında qərar çıxarılır. Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən dəfələrlə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, həmin halların birgə fəaliyyət nəticəsində aradan qaldırılması məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciətlər edilmişdir. Bildirir ki, bələdiyyə olaraq Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən torpaq sahəsinə heç bir sənaye və məişət tullantısı atmamışlar. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində bələdiyyə mülkiyyətinə aid 2.0 hektar torpaq sahəsinin məişət tullantıları ilə zibillənməsi faktı ilə əlaqədar məktub göndərilmişdir. Həmin məktuba əlavə edilmiş 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, həmin ərazinin koordinatlar vasitəsi ilə bələdiyyə mülkiyyətinə aiddir. 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsisi tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə 27 iyul 2023-cü il tarixdə saat 10:00-da inzibati araşdırılma aparılacağı barədə bildiriş təqdim edilmiş, həmin bildiriş Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi G.Səfərova tərəfindən 25 iyul 2023-cü il tarixdə qəbul edilmişdir. 28 iyul 2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, aşkar edilmiş pozuntular barəsində 80555 saylı, 28 iyul 2023-cü il tarixli akt tərtib olunmuşdur. 28 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbindən protokol tərtib edilmiş və aiddiyatı üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən Orxan Adıgözəlzadə tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən ərazinin məişət tullantıları ilə çirkləndirilməsində təqsirli olan şəxslərin müəyyən edilməsi və həmin şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində müvafiq tədbirlərin görülməsi barədə aiddiyatı üzrə göstəriş verilməsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, bu xəta üzrə tərkib əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulmalı və ya göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Taleh Əzizov bildirdi ki, Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulduğu üçün bələdiyyə barəsində müvafiq protokol tərtib edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR qanunun 4-cü maddəsinə görə - Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində - bələdiyyələr öz inzibati əraziləri daxilində bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək səlahiyyəti daşıyır. Göründüyü kimi qanunvericiliklə bələdiyyələrə mülkiyyətində olan torpaq sahəsinin qorunması ilə bağlı səlahiyyətlər verilsə də həmin torpaq sahələrindən səmərəli istifadə etməyən, onların mühafizəsi qaydalarını pozan şəxslər barəsində hər hansı sanksiya tədbiri görmək səlahiyyəti verilməmiş, müvafiq səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. Belə olan halda bu kimi pozuntulara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi vəzifəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarının 10.4-cü bəndində Aidiyyəti qurumların, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin - yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə, o cümlədən tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə dair vəzifələrinin olduğu təsbit edilmişdir. Bundan başqa digər vəzifələr həmin maddədə öz əksini tapmışdır. Həmin Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. Bundan başqa həmin qərarın 10.1-ci maddəsində qeyd edilmişdir ki, küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir. Həmin Qərarın 10.5-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Məhkəmə sözügedən qərarı təhlil edərək bu nəticəyə gəlir ki, yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılması və daşınmasını təmin etmək, o cümlədən tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etmək Müvafiq bələdiyyənin deyil, məhz komunal təsərüffat qurumlarının vəzifəsidir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tullantılarla çirkləndirilmiş ərazinin məhz hansı qurumun təmizləməli olduğunu düzgün müəyyən etməmiş, bu səbəbdən əsassız olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən qanunvericiliklə onun üzərində vəzifə kimi qoyulmuş bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunmasının həyata keçirilməməsi bələdiyyə tərəfindən “qalaqlanma” qaydalarının pozulması ilə bağlı onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas vermir. Sumqayıt şəhər Bələdiyyəsi mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən torpaq sahəsinə hüquqi şəxs olaraq sənaye və məişət tullantısı ataraq qalaqlanma qaydalarını pozmuş olsaydı o halda barəsində AR İXM-nin 271-ci maddəsi ilə tərtib edilmiş protokol əsaslı olmuş olardı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə bələdiyyə olaraq həmin əraziyə heç bir sənayə və məişət tullantı atmadıqlarını bir daha bildirmişdir. Bu məzmunda verilmiş izahat inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşımış olsaydı belə, iş materiallardan görünür protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən qalaqlanma qaydalarının pozulması ilə bağlı yetərli və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Taleh Əzizov sözügedən əraziyə sənaye və məişət tullantıları atan şəxslərin tərəflərindən müəyyən edildiyini, barələrində qanunamüvafiq tədbir görüldüyünü bildirmiş, eyni zamanda qeyd etmişdir ki, həmin şəxslər əsasən yük maşınları ilə daşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmuşlar. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Sumqayıt Şəhər Bələdiyyəsinin İnzibati Xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Belə ki, iş materiallarından və əlavə edilmiş fotoşəkillərdən Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması faktını müəyyən etmək mümkün deyildir. Məhkəmə eyni zamanda aşağıdakı xüsusatı qərarda qeyd etməyi zəruri hesab edir, belə ki, AR İXM-nin 541-ci maddəsində - Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edən norma təsbit edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi adı çəkilən ərazini tullantılarla çirkləndirmiş şəxsləri müəyyən edərək, inzibati məsuliyyətə cəlb etdiyini nəzərə alsaq, həmin ərazinin müəyyən edilmiş müddətdə təmizlənməsi üçün cavabdeh qurumu müəyyən edib bununla bağlı həmin quruma icrası məcburi olan göstəriş verilməsinin məqsədəmüvafiqliyi məhkəmə tərəfindən İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana izah edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar