Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1862/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 48/1-in qarşısındakı xeyir-şər evinin yaxınlığında döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, hər gün işdən sonra saat 18-18:30 radələrində qonşularla həyətdə görüşərək stolüstü oyunlar oynayıllar. Uşaqlar da həyətdə velosiped sürür və oynayırlar. X3 həmin həyətdə pişik saxlayır. Pişik saxlamasına etirazlarının olmadığını, lakin onun içki aludəçisi olduğunu, hər gün həyətə düşərək qışqırdığını, milləti və həyətdə olan uşaqları rus dilində nalayiq ifadələrlə təhqir etdiyini bildirdi. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə yenə uşaqları təhqir etdi. Uşaqlar ona görə onların oturduqları yerdən bir az aralıda olan maşın yolunda velosiped sürməyə başladılar və bu zaman Leyla rus dilində uşaqlara qışqıraraq “ay vəhşilər yavaş sürün pişikləri əzərsiz” ifadələri işlətdi. Həmin uşaqların arasında onun da uşağı olduğu üçün onunla mübahisə etməyə başlamışdır. Bu zaman onunla oturan qonşular onun yanına gələrək onu sakitləşdirərək oturduqları yerə aparmışlar. Lakin buna baxmayaraq Leyla arxadan gələrək telefonla onu çəkməyə başlamış, o isə onu çəkməyə ixtiyarı olmaıdğını bildirərək onun əlini itələmişdir. O, onu vurmamış, yalnız onunla mübahisə etmiş və əlindən itələmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şahin adlı şəxs işlədir. Orada qonşu kişilər oturaraq nəlayiq ifadələr işlədirlər. 5 il bundan əvvəl 4-5 qonşu şikayət etmişlər və İcra Hakimiyyətinin əməkdaşları gələrək oturacaqları oradan yığışdırmışlar. Bir neçə şəxsə həmin vaxt cərimə olunmuşdur. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə həyətdə bir uşaq velosiped sürən zaman pişiyi vuracağını görüb ona etirazını bildirmişdir. Şahin adlı şəxs onun üzərinə gələrək onunla mübahisə etmişdir. Bu zaman o telefonu ilə Şahini çəkməyə başlamış və Şahin də onun əlindən vuraraq ona xəsarət yetirmişdir. Bundan da əvvəl həmişə Şahin və yanındakı şəxslər ona söz atmışlar və dəfələrlə mübahisələri olmuşdur. Bu barədə polisə müraciət etmiş, lakin sonradan Şahin bir də belə hərəkətlərə yol verməyəcəyini bildirdikdən sonra o, şikayətini geri götürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, X3 qonşu olduqlarını, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində onunla həyətdə söhbət etdiklərini bildirdi. Həmin vaxt həyətdə olan uşaqlar velosiped sürən zaman Leyla xanım onlara həyətdə pişiklər olduğu üçün ehtiyatlı olmalarını dedi. Bu zaman Şahin Leyla xanıma nalayiq ifadələr işlətməyə, ona hədə-qorxu gəlməyə başladı. Leyla xanım da telefonla onu çəkən zaman Şahin ona qarşı güc tətbiq etməyə, telefonu onun əlindən almağa cəhd etdi. Bu zaman o Şahinə telefonu almağa imkan verməmiş, Şahin onu da itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, onlar xx.xx.2023-cü il tarixdə axşam vaxtlarında qonşularla həyətdə domino oynamışlar, uşaqlar isə həyətdə velosiped sürmüşlər. Bu zaman Leyla qışqıraraq uşaqları nalayiq təhqir etməyə başlamışlar. Leyla həmişə rus dilndə milləti təhqir etdiyini bildirdi. Şahini telefonla çəkən zaman Şahin onun əlindən vuraraq onu çəkməməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 990 saylı ekspert rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində sol bazunun qançırı xəsarəti vardır. Qeyd olunan xəsarətbərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD diskə baxış keçirildi və görüntülərdən müəyyən olunur ki, zərərçəkmiş şəxs X3 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında mübahisə olmuşdur. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının və şahidlərin izahatlarını, vəkilin çıxışını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1862/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1862/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver