Məhkəmə qərarları › İş №3(060)-1871/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1871/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1871/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Ağdam Rayon Məhkəməsinin 2(013)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 3688 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənməlidir. Borclu 3059 manat borcu üzrsüz səbəbdən ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(060)-1871/2023 saylı qərarı ilə xx.xx.1989-cu ildə Ağdam rayonunda doğulmuş, Ağdam rayonu, Füzuli küçəsi 1/3 qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(060)-1871/2023 saylı qərarı ilə razılaşmayan Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(060)-1871/2023 saylı qərarının ləğv edilməsi və İXM-nin 528.1-ci maddəsinə görə bir ayadək inzibati həbs tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə təyin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(060)-1871/2023 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, icra məmuru inzibati tənbehvermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən İXM-nin 528.1-ci maddəsilə 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən İXM-nin tələbləri pozulmuş, bu nöqsan nəzərdən qaçırılmış, iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan yekun qərar qəbul edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Ağdam Rayon Məhkəməsinin icra sənədi üzrə borclu Şəxs 3688 manat pul alınaraq ona ödənilməlidir. Borclu icra sənədi üzzrə borcundan 600 manat ödəniş etmiş, lakin o qeyd olunan borcla bağlı Şəxs dəfələrlə güzəştlər etmiş, buna baxmayaraq borclu qalıq borcdan bugünədək heç bir ödəniş etməmişdir. Pulunun tam olaraq ödənilməsini istəyir, əgər ödəmirsə onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Ağdam Rayon Məhkəməsinin icra sənədi üzrə ondan 3688 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. O qeyd olunan borcdan 600 manat ödəniş etmiş, lakin o uzun müddət işsiz olduğundan, həmçinin xəstəliyi ilə bağlı qalıq borcunu ödəyə bilməmişdir. Qeyd olunan borcdan hər ay hissə-hissə dəni edə bilər. Ona əlilliyinə görə pensiya kəsiləcək, həmin pensiyadan borcunu ödəyəcəkdir. Vətən müharibəsi iştirakçısıdır, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Bunların nəzərə alınmasını xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolun onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün geri qaytarılması onun vəziyyətini ağırlaşdırır. Bununla bərabər, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. İnzibati xəta haqqında protokol özü bir ittihamyönümlü sənəddir və törədilməsi protokolda göstərilən inzibati xəta hərəkətlərinin hüdudlarında işə baxılıb qərar qəbul edilməlidir. Verilən protokol üzrə işə baxılaraq ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tənbeh tətbiq edilməli, ya da icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində göstərilən əsaslarla xitam verilməlidir. İş icraata götürülmüş, baxılır, protokolun geri qaytarılması, iş üzrə icraatın dayandırılması və ya başqa qəarar qəbul edilməsi üçün qanuni əsaslar yoxdur. Həmçinin qeyd edilməlidir ki, protokol tərtib edilən vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə hansı qurumun protokol tərtib etməsi müəyyən edilməmişdi və icra məmuru istəsəydi belə, bunu edə bilməzdi. Belə ki, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 2500 manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli fərmanına əsasən “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilmişdir:

1. 58-ci hissədən “528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla),” sözləri çıxarılsın və həmin hissəyə “maddələrində” sözündən sonra “, ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla, Məcəllənin 528.1 və 528.1-1-ci maddələrində” sözləri əlavə edilsin.

2. 58-1-ci hissədən “528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə),” sözləri çıxarılsın və həmin hissəyə “maddələrində” sözündən sonra “, ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə Məcəllənin 528.1 və 528.1-1-ci maddələrində” sözləri əlavə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə görə inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 11.3-cü maddəsinə görə inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır.” Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, “inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, ictimai təhlükəsizliyi, ətraf mühiti qorumaq və s. vəzifələrinin icrasına nail olunması, prinsiplərinin həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq orqanlar inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət etməlidirlər.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında qeyd olunmuşdur ki, prosessual qanun məhkəmə baxışının hədlərini müəyyənləşdirərkən, onu yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşdırır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Lakin qanunvericiliyin mənasına görə ittiham funksiyası olmadığından, məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz (təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilməz). Beləliklə, məhkəmə hesab edir ki, tərtib edilmiş protokolun hüdudlarında işə baxılmalı və qərar qəbul edilməlidir. İşdə olan sübutlardan görünür ki, protokol düz tərtib edilmişdir, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini icra etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində Vətən müharibəsi iştirakçısı olması, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi müəyyən edilmişdir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar