Məhkəmə qərarları › İş №3(060)-192/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-192/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-192/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X4 oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, 01400/3153 saylı qərarından X3 Mirzə oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Mirzə oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/3153 saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 oğlunun nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X4 oğlu AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, № 01400/3153 nömrəli "İnzibati tənbeh vermə haqqında"'qərarına əsasən AR İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə AR İXM-nin 34-cü maddəsini rəhbər tutaraq İXMnin 483-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 10.000 (on min) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X4 oğlu 2017-ci ilin sentyabr ayında xarici ölkəyə alma göndərmiş və qanuna müvafiq olaraq da gömrük bəyannaməsi təqdim etmişdir. Lakin sonradan göndərdiyi məhsullar xarab çıxmış, bir sözlə biznesi uğursuz alınmışdır. Bu barədə müvafiq tədbirlər görsə də, heç bir nəticəsi olmamışdır. Hal-hazırki qərarın qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, hadisədən 5 il keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən ona "Konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsi barədə" bildiriş göndərilmiş və həmin bildirişdə aşağıdakı məzmunda qeyd edilmişdir: AR Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan"nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin,xidmətlərin müqabilində) vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində AR müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildiririk ki, qoşma sənəddə göstərilən bəyannamələr (əlavə olunur) üzrə ixrac etdiyiniz malların müqabilində vəsaitlərin 180 gün ərzində Azərbaycan respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunurlar. Həmin bildirişdə 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesabına köçürülməsinin təmin edilməsi tələb olunması göstərilmişdir. Sonradan o, həmin təşkilatla əlaqə saxladıqda və öz iradını bildirdikdə ona ikinci dəfə rəsmi olaraq cavab verilməmişdir. Qərar barədə heç bir məlumat almamışdır. Həmin bildirişdən 6 ay keçəndən sonra belə bir qərarın qəbul edilməsi tam qanunsuz və əsassızdır. Həm də şəxs həmin qərarın mövcudluğu barədə Sumqayıt İcra İdarəsinin icra məmuru tərəfindən icra barədə xəbərdarlıq edilmiş və qərarın surətini də ondan almışdır. Qərarla tanış olduqdan sonra ona məlum olub ki guya onun barəsində cinayət işi başlanmış və cinayət işinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, köçürülməmiş məbləğin dəyəri 30.000 manatdan çox, yəni 39914.02 manat olduğu üçün onun əməlində AR CM-nin 208.1-ci maddəsinə əsasən cinayət tərkibi yaranmış və onun barəsində toplanmış materiallar baxılması üçün AR Baş Prokurorluğu,Ədliyyə Gömrük vergi orqanlarının istintaq təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. AR Baş Prokurorluğu tərəfindən faktla bağlı araşdırma apararaq müəyyən etmişdir ki, AR CM-nin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza bu əməlin törədildiyi gün qüvvədə olan cinayət qanunu ilə müəyyən olunur. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna bilməz. AR Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenumunun qərarına əsasən, AR Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin, habelə AR CM-nin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və AR müvəkill olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xeyli və külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən , şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərin xaricdən qaytarılmamasına görə təxirə salınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi AR Milli Məclisinə tövsiyyə olunsun. AR Milli Məclisi tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq AR CM-nin 208-ci maddəsində müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta İXM-nin 483-cü maddəsinin "Qeyd" hissəsini nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. 5 il ərzində X4 oğlunun bu proseslərdən heç bir məlumatı olmamışdır. xx.xx.2017-ci il tarixli **********1720 №-li gömrük bəyannaməsi üzrə ixrac edilən mallar (yaşıl alma sortu) üzrə idxalçı tərəfindən ödəniş aparılmamış, ona qarşı fırıldaqçılıq halı baş vermişdir. Bu səbəbdən istinad edilən qanunvericilik normasının pozulması onun təqisiri üzündən baş verməmişdir ki, bu da öz növbəsində onun istər cinayət, istərsə də inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. AR CM-nin 208.1-ci maddəsinə münasibətdə-AR Konstitusiya Məhkəməsinin Plenumununun xx.xx.2020-ci il tarixli qərarına əsasən xarici qitisadi fəaliyyəti həyata keçirən fiziki şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. AR İXM-nin 483-cü maddəsinə münasibətdə- AR Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsi tərəfindən istinad edilən inzibati xəta uzanan inzibati xətadır və İXM-nin 38.1-2-ci maddələrinə əsasən həmin növ inzibati xətalar üçün məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkar edildiyi gündən 1 il təşkil edir. Onların məktubunda istinad edilən "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatların tənzimlənməsi Qaydaları"nın 12.3-12.6- cı bəndlərində müvafiq inzibati xəta törədildiyi halda onun aşkar edilməsi qaydası və müddəti dəqiq müəyyən edilmişdir. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən müvafiq vəsaitlər müəyyən edilmiş müddətdə (180 gün) müvəkkil bankda açılmış hesaba köçürülmədikdə, banklara nəzarət edən qurum tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Dövlət Gömrük Komitəsinə 2 (iki) iş günü ərzində məlumat verilməlidir. Göründüyü kimi qanunvericiliyin dəqiq müəyyən edilmiş tələblərinə əsasən müvafiq gömrük bəyannaməsi üzrə vəsaitlərin köçürülməməsi barədə Dövlət Gömrük Komitəsi ən geci 2018-ci ilin mart-aprel ayı ərzində məlumatlı olmalı idi. Həmin tarixdən 4 il çox vaxt keçməsi iddia edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin qəti şəkildə ötürüldüyünü sübut edir və bu səbəbdən İXM-nin 53.1.6cı maddəsinə əsasən müvafiq məsələ üzrə inzibati icraat başlana bilməz. Odur ki, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/3153 saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, faktın aşkar olunduğu tarixi dəqiq bilmir, 2022-ci ilin mart ayında vətəndaşa bildiriş göndərilmişdir. Belə ki, Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra onlar müvafiq qərar qəbul edilməsi üçün materialları Baş Prokurorluğa göndərmişlər. Baş Prokurorluq tərəfindən cinayət işinin başlanılması rədd edilmiş və material onlara geri qaytarılmışdır. Onlar da müvafiq qərar qəbul edərək protokol tərtib etmişlər. Bu davam edən inzibati xətadır. İş təhqiqata xx.xx.2022-ci il tarixdə daxil olduğundan inzibati xətanın aşkar edildiyi günü həmin müddətdən hesablamışlar. Lakin idarə tərəfindən bu xətanın nə vaxt aşkar edildiyi barədə məlumatı yoxdur və bu barədə sübut təqdim edə bilməyəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X4 oğluna 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesabına köçürülməsinin təmin edilməsi barədə bildiriş 30 mart 2022-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 01400/3153 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsinin tərkib əlaməti olduğundan onun barəsində toplanmış 01400-1186/22 saylı iş üzrə materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “materialın aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və toplanmış material Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli **********1720 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, X4 oğlu tərəfindən “X5” LLC şirkətinə 81D927- 10/81D928-10 nömrəli nəqliyyat vasitəsi ilə 1078 ədəd-19404,00 kq alma göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytanlmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə görünür ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, X4 oğlu tərəfindən göndərilmiş mallara dair gömrük bəyannaməsi xx.xx.2017-ci il tarixə aid olmasına baxmayaraq baş vermiş xətanın aradan qaldırılması barədə şəxsin ünvanına məhz xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qeyd olunan tarixlərdə prosessual hərəkətlər aparılarkən xətanın aşkara çıxarılması müddətinin hansı tarixdən hesablanması müəyyən edilməmiş, eyni zamanda məhkəmə iclasında iştirak etmiş nümayəndə də bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasıqaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri- hökumət təşkilatlan haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. AR CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Pelenumunun xx.xx.2022-ci il tarixli qərarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 01400/3153 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, 01400/3153 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar