Məhkəmə qərarları › İş №3(060)-204/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-204/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-204/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş Abşeron rayon polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 30.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, Abşeron RPİ DYP tərəfindən tərtib edilmiş 28.12.2020~ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30.12.2020-ci il tarixli qərara əsasən o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. 28.12.2020-ci il tarixdə saat 18:10 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C 200” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə faktiki olaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivinin ərazisində - 78 saylı yaşayış binasının yanında düzünə hərəkətdə olarkən qəflətən “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdan sola doğru hərəkətdə olarkən onun qarşısına çıxmış və onların avtomobilləri toqquşmuş və hadisə zamanı avtomobillərə maddi ziyan dəymişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə barədə müvafiq sənədləşdirmə işləri aparılmışdır. Sonradan ona məlum oldu ki, hadisə barədə polis əməkdaşları tərəfindən araşdırma aparılmış və araşdırma məticəsində hadisənin guya onun yol hərəkəti qaydalarını pozmağı nəticəsində baş verdiyi qənaətinə gəlinmişdir. Buna görə də 28.12.2020-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən 30.12.2020-ci il tarixli, TP seriyalı, ******* saylı qərar qəbul edilmişdir. E.Usubov tərəfindən hadisənin baş verməsində onun təqsirli olmağı barədə gəlinmiş qənaət yanlışdır və hadisə onun deyil, digər sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Hadisə yuxarıda qeyd etdiyi kimi yaşayış massivinin ərazisində baş vermişdir. Həmin yer nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu yol deyil və buna görə də orada avtomobillər üçün hərəkət üstünlüyü nəzərdə tutulmamışdır. Hadisə baş verməzdən əvvəl o, “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağdan sola doğru hərəkətdə olduğunu gördüyünə görə həmin avtomobilin keçməsi üçün idarə etdiyi «Mercedes Benz C 200” minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və həmin avtomobilin keçməsini gözləmişdir. Lakin həmin avtomobil gəldiyi sürətlə hərəkətini davam etdirərək onun avtomobilinin qabaq hissəsi ilə toqquşmuş və qəza baş vermişdir. Həmin hadisənin baş verməsinə görə onun təqsirli bilinməsi qanunsuzdur. Hadisə baş verən anda onun idarə etdiyi avtomobil digər avtomobilin keçməsinə şərait yaradılması üçün dayanmış vəziyyətdə olmuşdur. Lakin digər avtomobil onun idarə etdiyi avtomobilin qarşısında həmin avtomobilin keçməsi üçün yolun olmasına baxmayaraq həmin yoldan düzgün keçməyərək onun avtomobililə toqquşmuşdur. “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin deyil, onun həmin hadisənin baş verməsində təqsirli bilinməsi əsassızdır. Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən hadisə barədə ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olmağı barədə qərar qəbul edilmişdir. Onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və o cərimə edilmişdir. Bunun nəticəsində onun avtomobilinə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilməmişdir. Onun hadisənin baş verməsində təqsiri olmadığıdan onun hərəkətlərində inzibati xəta tərkibi olmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 12 yanvar 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 04 fevral 2021-ci il tarixə təyin olunmuş, lakin Abşeron rayon polis idarəsi Dövlət yol polis şöbəsinə sübutların məhkəməyə təqdim olunması ilə bağlı sorğu verilməsi üçün və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirakı olmadığı üçün işin baxılması 18 fevral 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş Abşeron rayon polis idarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X4 şikayətinə uyğun izahat verərək, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan, 30.12.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində inzibati xəta törətməsinə görə 60,00 (altmış) manat məblğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş DVD video görüntüdən də görünür ki, “Mercedes- Benz C 200 minik” markalı, **-GN-*** dövlət qeydiyyat avtomobili ilə “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivinin ərazisində nizamlanmayan yolayrıcları hissəsində yol nəqliyyatı hadisəsi törədilmişdir. İş materiallarına əlavə olunmuş foto şəkillərdən görünür ki, “Mercedes-Benz C 200 minik” markalı, **-GN-*** dövlət qeydiyyat avtomobilin ön hissəsi əzilmişdir. Məhkəmənin 04 fevral 2021-ci il tarixli Abşeron rayon polis idarəsi Dövlət yol polis şöbəsinə ünvanlandığı sorğusuna şöbə tərəfindən cavab verilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 77-ci maddəsinin İİİ bəndinə görə eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu üzrə 30.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, X1 rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivinin ərazisində - 78 saylı yaşayış binasının yanında düzünə hərəkətdə olarkən qəflətən “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdan sola doğru hərəkətdə olarkən onun qarşısına çıxmış və onların avtomobilləri toqquşmuş, hadisə zamanı avtomobillərə maddi ziyan dəymişdir. Hadisə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış massivinin ərazisində, yəni nizamlanmayan yolayrıcları hissəsində baş vermişdir. Hadisə vaxtı “Mercedes-Benz C 200 minik” markalı, **-GN-*** dövlət qeydiyyat avtomobili idarə edən X2 yaxınlaşan “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yol verməmişdir. Qanunvericilkdə də qeyd olunmuşdur ki, nizamlanmayan yolayrıcları hissəsində eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Lakin “Mercedes-Benz C 200 minik” markalı, **-GN-*** dövlət qeydiyyat avtomobili idarə edən X4 “Kia Optima” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yol verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu üzrə 30.12.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Abşeron RPİ DYP polis mayoru X6 tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu üzrə 30.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar